Faktlar və Rəqəmlər
İQTİSADİYYAT

 Faktlar və Rəqəmlər

39554,8 min manatlıq ümumi  daxili məhsul istehsal olunub

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-aprel aylarında ölkədə 39554,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4 faiz artmışdır. ÜDM istehsalının 54,8 faizi sənaye, 7,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3938,4 manata bərabər olmuşdur.

 

  Dünyanın 152 ölkəsi ilə ticarət əməliyyatları

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac edilmiş, 140 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12194,2 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 9267,1 milyon dollarını və ya 76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2927,1 milyon dollarını (24,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6340,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 9,5 faiz, o cümlədən ixrac 16,8 faiz artmış, idxal isə 3,7 faiz azalmışdır.

 

Daşınmış yüklərin həcmi 10858,3 min ton təşkil edib

2022-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10858,3 min ton, yük dövriyyəsi isə 2557,7 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 faiz və 6,3 faiz artım müşahidə olunmuşdur. Yüklərin 6115,1 min tonu və ya 56,3 faizi avtomobil nəqliyyatı, 3507,0 min tonu və ya 32,3 faizi dəmir yolu nəqliyyatı, 1236,2 min tonu və ya 11,4 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,8 faizini və ya 2585,3 min tonunu tranzit yüklər təşkil etmişdir.

“Respublika”.