Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

“Royal ev”

Müasir dövrün memarları ən cəsarətli konsepsiyalar həyata keçirməklə bu sənətin nə qədər sərhədsiz olduğunu nümayiş etdirirlər. Çinin Huainan şəhərində yerləşən royal və skripka şəklində olan qeyri-adi ev unikalllığı, heyrətamiz gözəlliyi ilə memarlığın möcüzəsi hesab olunur. Tikintisi 2007-ci ildə başa çatan "Royal ev" Hefey Texnologiya Universitetinin memarlıq-dizayn fakültəsinin tələbələri tərəfindən layihələndirilmişdir.

Daxili və xarici dekorasiyanın incəliyini özündə əks etdirən "Royal ev" iki hissədən ibarətdir: "royal" - sərgi kompleksi, ziyarətçilərin salona daxil olması üçün pilləkən rolunu oynayan "skripka". Bu sərgi salonunda ziyarətçilərin diqqətinə şəhərin küçə və rayonlarının planı təqdim olunur. Binanın terası royalın qapağının altında yerləşir. Tikintidə müasir avadanlıqlardan, o cümlədən şəffaf və qara şüşələrdən istifadə olunmuşdur. Beləliklə, bina həm estetik, həm də praktiki cəhətdən bütün tələblərə cavab verir. "Royal ev" estetik görünüşü və qeyri-adiliyi ilə insanların diqqətini cəlb edir. Bina interyer və eksteryerinə görə Çinin ən çox ziyarət edilən yerlərindən biridir.

Əsl royal və skripka formasında olan müasir sənət əsərinin fasadının sırf şüşədən olması binanı hər tərəfdən günəş işığı ilə təmin edir. Neon lampalarla təchiz edilən bina gündüz olduğu kimi, gecə də göz qamaşdırır. Qaranlıqda nəhəng musiqi alətlərinin yalnız siluetinin işıqlandırılması isə tikilini daha da ecazkar edir.

Beləliklə, insanların ruhunu oxşayan "Royal ev" orijinal dizaynına görə dünya memarlığının heyrətamiz incilərinin qeyri-rəsmi siyahısına daxil edilmişdir.

 

El Karakol rəsədxanası

Meksikanın Belizin Çayo bölgəsində yerləşən El Karakol rəsədxanası maya sivilizasiyasının ən qədim memarlıq nümunəsidir. Kantu krallığının çiçəklənmə dövründə 200 min əhalisi olan maya xalqı teleskopun yaranmasından əvvəl ulduzları tədqiq etməyə başlamışdılar.

El Karakol rəsədxanası eramızdan 900 il əvvəl maya sivilizasiyası dövründə tikilmişdir. O vaxtdan bu günə qədər heroqlif mətnləri, qədim sivilizasiyanın inkişafı haqda olan bütün məlumatlar qorunub saxlanmışdır. 30 kvadratmetrdən çox ərazisi olan və radial simmetriya quruluşuna malik arxeoloji zona tropik cəngəlliyin mərkəzində yerləşir. Çiçen-İtsadakı El Karakol rəsədxanası Yucatan yarımadasının qədim əhalisinin aşkar edildiyi ən böyük kompleksdir.

O dövrlərin ən mühüm kəşfləri El Karakolda edilirdi. Tədqiqatçıların fikrincə, planetin hərəkətini izləməklə, qədim insanlar Yerin orbitinin daha uzun intervallarını müəyyən edə bilmişdilər. Astronomlar hesab edirlər ki, bu rəsədxana Veneranın fəaliyyətini izləmək üçün tikilmişdir. Mayalılar Veneranın müharibə planeti və müdriklik tanrısı Kukulkanın bacısı olduğuna inanırdılar. Dördkünc platformada tikilən binanın üst hissəsinin dağılması nəticəsində məbədin dam örtüyü günbəz şəklini almışdır və yuxarıdan baxanda abidə sanki teleskopu xatırladır. İspan dilindən tərcümədə "İlbiz" mənasını verən rəsədxananın ikinci mərtəbəsinə qalxan spiralvari pilləkənlərin ilbiz şəklində olmasına görə ona bu ad verilmişdi.

Rəsədxana mayalıların gündəlik həyat tərzində də çox böyük rol oynayırdı. Deyilənə görə, onlar orada günəşin doğuşunu və batmasını izləməklə yağışın nə zaman yağacağını, əkin vaxtını, məhsul yığımını, qurbankəsmə kimi ritualı, hətta yeməyin nə vaxt hazırlanacağını müəyyən edirdilər.

Uzun müddətdir ki, UNESCO tərəfindən qorunan və tədqiq olunan ərazi dünyanın "Yeddi yeni möcüzəsi" siyahısına daxil edilmişdir.

 

“Rəf” şəklində Mərkəzi kitabxana

Rəf şəklində olan Mərkəzi kitabxana nəinki zəngin kitab fondu, həm də memarlıq və dizayn baxımından da fərqlənir. Bu gün kitabxana binasının tikintisində də yeni texnologiyalardan istifadə olunması artıq dəb halını alıb. Xarici görünüşü ilə bütün dünyanın diqqətini özünə cəlb edən bu kitabxana ABŞ-ın Missuri ştatının Kanzas Siti şəhərində yerləşir.

Dünyanın ən qeyri-adi kitab rəfində yerləşdirilən kitabların sayı 22-yə çatır. Qeyd etmək lazımdır ki, binanın eksteryerini bəzəyən kitabların seçimi şəhər sakinlərinə həvalə edilmişdi. Lakin onlar kitabları seçərkən çox sadə şərtə əməl etməli idilər. Belə ki, insanların seçdiyi kitablarda Kanzas Sitinin adı mütləq şəkildə çəkilməli idi. Burada hər "kitab"ın hündürlüyü təxminən 7, eni 2 metrdir. "Rəf"də Mark Tvenin "Heklberri Finnin macəraları", Con R.R. Tolkinin "Üzüklərin hökmdarı", Herbert Uelsin "Görünməz adam", Qabriel Qarsiya Markesin "100 il tənhalıqda", Uilyam Şekspirin "Romeo və Cülyetta" və başqa məşhur əsərlər bir-birinin ardınca sıralanıb.

Füsunkar və fərqli dizayna malik bu kitabxana kitab sayının zənginliyinə görə dünyanın ən böyük kitabxanası kimi tanınır. Milyonlarla oxucu kütləsi olan kitabxana şəhərin simvollarından biri hesab olunur. 

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".