Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Dünyanın qurtuluşu göbələklərdədirmi?

Adətən pizzanın üzərində böyük həvəslə yediyimiz göbələklər təkcə mətbəxdə deyil, digər sahələrdə də işimizə yaraya bilər. Alimlər çoxlarının sevdiyi bu dəyərli bitkilərin zəhərli tullantıların çıxarılması, mebel istehsalı, tekstil və tikinti sahəsində inqilab edə biləcəyini söyləyirlər.

Uzun müddətdir ki, göbələklərin daha geniş istifadə sahəsində tətbiqi üçün çalışan tədqiqatçılar bəhsi keçən sahələrdə istehsal olunan məhsulların, göbələklərin sadəcə yeyilə bilən hissələrindən deyil, həm də bitkinin yerin altındakı miselyum adlı kök hissəsindən  hazırlanacağını nəzərdə tuturlar. Onlar trilyonlarla uzunluğu olan yeraltı neyron şəbəkəsinə bənzər bu elastik köklərdən çox davamlı, həm də yüngül məhsullar əldə edilə biləcəyini deyirlər.

Göbələklər çoxçeşidli bitkilər olduğu üçün  onların istehsal sahələrinin geniş olması da təəccüblü deyil.

Hətta onların elə növləri var ki, zəhərli metalları, radioaktiv tullantıları da məhv edə bilir.

Geniş sahələrdə istifadəsi mümkün olan göbələklərdən ayyaqqabı, pal-paltar, qab-qacaq, məişət avadanlıqları, stol-stul, bir sözlə, gündəlik həyatımızda istifadə etdiyimiz demək olar ki, hər şeyin istehsalı nəzərdə tutulur. Ən maraqlısı isə odur ki, alimlər Marsda da bu bitkilər sayəsində münbit torpaq yaratmağın mümkün olduğunu söyləyirlər.

Təbii ki, 1,4 milyon növə malik olan bu bitkilərin kainatdakı potensial rolu bununla bitmir. Tibb sahəsində də dərmanların istehsalında göbələklərdən geniş istifadə olunur. Bir sözlə, bu heyrətamiz bitkilərin xilaskarımız olduğunu deyə biləcəyimiz gün çox uzaqda deyil.

 

Ölmüş insanın beynində tapılan bu bölgə...

Elmi ictimaiyyət ölüm anını və sonrasını işıqlandırmaq üçün səylərini davam etdirməkdədir. Bu dəfə də mövzu ilə bağlı əldə edilən nəticə çaşqınlıqlara səbəb olub. Nyu-York, King's College London, Harvard, Kaliforniya və Sauthempton universitetlərinin alimlərinin birgə həyata keçirdikləri araşdırma sözün həqiqi mənasında elm dünyasını ayağa qaldırıb.

Tədqiqatçılar ölən və bir müddət sonra dirilən minlərlə insan üzərində araşdırma aparıblar. NYU Grossman Tibb Məktəbinin professoru dr. Sam Parnianın rəhbərliyi ilə ölən və ya yenidən həyata qaytarılan insanlar üzərində aparılan araşdırma zamanı onların həyatla ölüm arasında ilişib qaldıqları ortaya çıxıb. Belə ki, alimlər bu cür dönəmdə insanların beynində boz rəngli bir bölgənin yarandığının şahidi olublar. Daha maraqlısı odur ki, insanın yenidən həyata qayıtmasından sonra bu bölgə yoxa çıxıb. Qeyd edək ki, araşdırma aparan alimlər gördükləri mənzərədən ciddi şəkildə təsirlənərək "ağlımızı itirməyə yaxındıq", - deyə qeyd ediblər.

Araşdırmanın sonunda edilən digər test isə mübahisənin fitilini daha da alovlandırıb. Bəzi elm adamları bu nəticə ilə razılaşsalar da, bəziləri bunun cəfəngiyatdan başqa bir şey olmadığını söyləyiblər.

 

Üz quruluşumuz şəxsiyyətimizdən xəbər verir

Yeni bir araşdırma kvadrat üz quruluşuna malik insanların oval üzlü insanlardan daha aqressiv şəxsiyyətə sahib olduğunu iddia edir. Belə bir məqamda Zac Efron-dan tutmuş Margot Robbie-ə qədər dünyanın ən məşhur simalarının əksəriyyətinin kvadrat üzlü olması daha çox diqqət çəkib.

New South Wales Universitetinin tədqiqatçıları kişi və qadınların şəxsiyyət vəsiqəsi fotosunda üzün en-boy nisbətini (FWHR) ölçərək, insanları ətrafdakılarla rəftarına görə təhlil ediblər. Tədqiqat zamanı komanda üz formasının aqressivliklə əlaqəli olub-olmadığına xüsusilə diqqət yetirib.

Nəticədə kvadrat üz quruluşuna sahib insanların  oval üz formasında olanlarla müqayisədə daha çox aqressiv olduğu məlum olub.

"Royal Society Open Science" jurnalında dərc olunan məqalədə belə qeyd olunub: "İnsanlar ilk baxışda tanımadıqları bir insan haqqında müəyyən nəticələr çıxarırlar". Bu baxımdan  FWHR həmçinin, müxtəlif sosial təsirlərlə əlaqəli bir ipucudur. 

Bundan əlavə, kişilərin daha çox kvadrat üz quruluşuna sahib olması da ortaya çıxıb. Bilavasitə kvadrat üz formasına sahib olanların fiziki cəhətdən daha güclü olduğu bildirilib.

 

İtlər bu səsi eşidəndə niyə reaksiya verir?

Azan səsi gələrkən itlərin hürməyə və ya ulamağa başladığının heç şahidi olmusunuzmu? Əslində, bu vəziyyət xalq arasında müxtəlif inanclarla əlaqələndirilsə də, heyvanların belə reaksiyasının bir neçə elmi səbəbi var.

Qeyd edək ki, itlər yalnız azan səsinə deyil, həm də kilsə zəngləri, polis və təcili yardım maşınlarının sirenalarına, bir sözlə, yüksək olan bütün səslərə reaksiya verirlər.

Azan səsinin ritminə uyğun bir səslə uladıqları üçün bu vəziyyət xalq arasında müxtəlif mənalara yozulur. Lakin alimlər bu vəziyyətin başqa səbəbdən baş verdiyini deyirlər.

Onlar daha çox sübh azanına reaksiya verən itlərin həmin saatlarda anidən sükutun pozulmasının heyvanların qıcıqlanmasına səbəb olduğunu söyləyirlər.

Göstərilən digər səbəblərdən biri isə yüksək səsin onların qulaqlarında narahatçılıq yaratma ehtimalıdır.

Bəlkə də, bu səbəbdən itlər qulaqlarında problem ola biləcəyini hiss edərək ulamağa başlayırlar. Digər bir ehtimala görə isə itlərin bu səsi təhlükə kimi qəbul etməsidir. Əsrlər boyu insanlarla birgə yaşadıqları üçün şəhərlə təbiətin sintezindən yaranan bir davranış formasıdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".