DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ: MARİUPOLU MÜHASİRƏDƏN ÇIXARMAQ MÜMKÜN DEYİL

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Mariupol şəhərini hərbi yolla mühasirədən çıxarmaq hələ mümkün deyil. “Report” agentliyinin məlumatına görə, prezident bunu keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.

“Mariupol şəhərini blokadadan hərbi yolla çıxarmaq mümkün deyil. Bu gün mümkün deyil. Və biz bu barədə açıq danışdıq. Ukraynanın Mariupolun blokadadan hərbi yolla çıxarmaq üçün elə də ağır silahları yoxdur”, - deyə Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, hakimiyyət bu məsələni diplomatiya yolu ilə həll etməyə çalışır. “Diplomatik yol ona gətirib çıxarıb ki, bu gün bütün mülki şəxslər blokadadakı “Azovstal” zavodundan çıxarılıb”, - deyə dövlət başçısı bildirib.

Eyni zamanda, Zelenski əlavə edib ki, Türkiyə, İsrail və İsveçrədən danışıqlar aparan şəxslər bu məsələdə kömək üçün dəvət olunub. Bundan əlavə, Fransa, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri problemi həll etməyə çalışırlar.

 

FİNLANDİYA NATO-YA ÜZVLÜYÜN DOĞURDUĞU NƏTİCƏLƏRƏ HAZIRDIR

Finlandiya başa düşür ki, NATO-ya daxil olma müəyyən nəticələrə, o cümlədən Rusiya ilə münasibətlərə aid nəticələrə gətirib çıxara bilər, lakin Helsinki buna hazır olacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Finlandiyanın dövlət mülkiyyəti və Avropa İttifaqı (Aİ) ilə əlaqələr naziri Titti Tuppuraynen “Le Monde” qəzetinə müsahibəsində bildirib.

“Biz İkinci Dünya müharibəsindən bəri hər bir vəziyyətə hazırıq. Təbii ki, ümid edirik ki, buna ehtiyac olmayacaq, çünki layiqli davranış həm də Rusiyanın maraqlarına uyğundur”, - deyə nazir əlavə edib.

Titti Tuppuraynen ölkənin öz seçimini etmək hüququna malik olduğunu qeyd edib və vurğulayıb ki, alyansa üzvlüklə bağlı qərar qəbul edilərsə, o zaman Finlandiya bunu heç kimə qarşı addım qismində etməyəcək.

 

İSRAİLIN BAŞ NAZIRI MÜLKİ MİLLİ QVARDİYA YARATMAĞI PLANLAŞDIRIR

İsrailin baş naziri Naftali Bennet mülki milli qvardiyanın yaradılmasına çağırıb. “Report”  agentliyi bu barədə “The Times of Israel” nəşrinə istinadən xəbər verib.

Qeyd edilir ki, mayın sonuna qədər Milli Təhlükəsizlik Şurası və İctimai Təhlükəsizlik Nazirliyi təklif təqdim edəcək. Bennetin müvafiq bəyanatı İsraildə Müstəqillik Günündə törədilmiş son terror aktından sonra verilib. Ətraflı axtarışlardan sonra hadisə ilə əlaqədar iki nəfər həbs edilib.

Baş nazir vurğulayıb ki, İsrail bütün dinlərə hörmət etməyə və suverenliyini qorumağa davam edəcək.

Son aylar İsrail vətəndaşları ilə fələstinlilər arasında gərginlik kəskin şəkildə artıb. Təkcə İordan çayının qərb sahilində törədilən terror aktı zamanı 19 dinc sakin həlak olub.

İsrail ictimai mühafizə xidmətini yaradan yeganə ölkə deyil. 2016-cı ildə terror aktları dalğası fonunda Fransanın keçmiş prezidenti Fransua Olland da analoji təşəbbüslə çıxış edib.

 

BMT “TALİBAN”IN YENİ QƏRARINDAN NARAHATDIR

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası (UNAMA) “Taliban” nümayəndələrinin bütün qadınların üzlərini örtüb çölə çıxması və yalnız zəruri hallarda evlərini tərk etmələri barədə bəyanatından dərin narahatlığını ifadə edib. “Trend”in verdiyi xəbərə görə, BMT-nin mətbuat xidmətinin yaydığı bəyantda qeyd olunur ki, UNAMA bu qərarın tövsiyə deyil, onun ciddi şəkildə yerinə yetirilməsini şərtləndirən rəsmi qərardır.

Qurum bildirir ki, adıçəkilən qərar “Taliban”ın bütün əfqanların, o cümlədən qadınların və qızların insan hüquqlarına hörmətlə bağlı çoxsaylı vədlərinə ziddir. Çünki hərəkat son on il ərzində aparılan müzakirə və danışıqlarda beynəlxalq ictimaiyyətə bu barədə vəd verib.

2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra “Taliban” qadınlara işdə, təhsildə və bütövlükdə cəmiyyətdə bərabər hüquqlar veriləcəyini vəd edərək, bu zəmanətləri bir daha təsdiqləmişdir.

 

“G7” ÖLKƏLƏRİ RUSİYA NEFTİNDƏN İMTİNA EDƏCƏKLƏR

“G7” liderləri Rusiyadan neft idxalını mərhələli şəkildə dayandırmağa sadiqliklərini bildiriblər. “Trend”in “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Bu gün “G7” ölkələri Rusiyadan neft idxalını mərhələli şəkildə dayandırmaq və ya hətta tamamilə qadağan etmək öhdəliyini ifadə ediblər”, - deyə bəyanatda qeyd olunur.

Eyni zamanda, sənəddə vurğulanır ki, bu ölkələr dünyada sabit enerji təchizatını təmin etmək üçün birgə işləmək barədə razılığa gəliblər və yanacaqdan asılılığı azaltmaq üçün səyləri gücləndirirlər.

 

UKRAYNA VƏ Aİ ARASINDA MÜZAKİRƏ EDİLƏN MƏSƏLƏLƏR AÇIQLANIB

Ukrayna və Avropa İttifaqı rəsmiləri arasında müzakirə edilən məsələlər açıqlanıb. “Report”un məlumatına görə, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşü zamanı bəyan edib.

Baş nazirin sözlərinə görə, dialoq zamanı Ukrayna dəniz limanlarının blokdan çıxarılması və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinə də toxunmaq mümkün olub.

Bununla yanaşı, Ukrayna Aİ-yə üzvlüyə namizəd statusu almaq üçün sorğunun ikinci hissəsinin cavablarını təşkilata təqdim edəcək. Hazırlanmış sənəd Avropa Komissiyasına təqdim olunacaq.

Xatırladaq ki, Ukrayna üzvlük ərizəsinin birinci hissəsini aprelin ortalarında Avropa Komissiyasına göndərmişdi.

 

QLOBAL İQTİSADİYYATDA LƏNGİMƏ PROQNOZLAŞDIRILIR

Ukraynada müşahidə olunan böhran qlobal iqtisadi ləngiməyə səbəb olacaq. “Trend”in “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bu proqnozla “Microsoft”un yaradıcısı, milyarder və xeyriyyəçi Bill Qeyts çıxış edib.

Milyarderin sözlərinə görə, bu ölkədə xammal qiymətlərinin kəskin artmasına səbəb olan vəziyyət onsuz da dövlət borcu səviyyəsinin yüksək olduğu və tədarük zəncirində bəzi problemlərin mövcud olduğu pandemiya dövründə yaranıb.

“ABŞ, İngiltərə və Hindistan da daxil olmaqla bir çox ölkə inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırmağa başladı. Bu, nəticədə iqtisadi artımın ləngiməsinə səbəb olacaq”, - deyə Bill Qeyts vurğulayıb.

 

AVROPA KURORTLARI MÜFLİSLƏŞMƏ HƏDDİNƏ ÇATIB

“Avropanın istirahət mərkəzləri rusların olmaması səbəbindən çətin günlər yaşayır”. “Report”un xəbərinə görə, bu barədə “The Telegraph” nəşrinin köşə yazarı Nik Skvayrs yazıb.

Bildirilir ki, rusiyalı turistlərdən asılı olan istiqamətlər böyük maliyyə itkiləri ilə üz-üzədir. Jurnalistin aydınlaşdırdığı kimi, bu ölkədən gələn turistlər adətən Avropa kurortlarında külli miqdarda pul xərcləyirdilər.

Məlumata əsasən, turizm sənayesi iqtisadiyyatının dörddə birini təşkil etdiyi üçün Kipr ən çox zərər çəkəcək. Respublika Otellər Assosiasiyası indi rusların yoxluğunu kompensasiya etmək üçün Böyük Britaniya, Skandinaviya, Almaniya və İsraildən istirahət edənləri cəlb etmək üçün tədbirlər görür.

“Oxşar vəziyyət İtaliya, Çexiya və Fransada da yaranıb. İllərdir rus turistləri, yaxta sahiblərini və mülk alıcılarını cəlb edən Monteneqro da zərbə alıb. İndi ölkənin gələcəyi qeyri-müəyyən olaraq qalır” - deyə məqalədə bildirilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.