Tarixin qanlı səhifəsi
Digər xəbərlər

Tarixin qanlı səhifəsi

Faşist Almaniyasına qarşı dörd ildən artıq davam edən amansız savaşda fəal iştirak edən azərbaycanlılar, cəsarət, igidlik göstəriblər. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə səfərbər olunub. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət edib.

Müharibə illərində Azərbaycan xalqı 700 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Faşizm üzərində Qələbənin əldə edilməsində Ağdamın qəhrəman övladları da böyük rəşadət göstəriblər. Qələbənin qazanılmasında 7660 nəfər ağdamlı iştirak edib. Cəbhəyə yola salınan 7660 nəfər ağdamlıdan 4600 nəfəri müharibədən geri qayıtmayıb.

Azərbaycanlılardan ibarət 416, 402, 396, 223 və 77-ci milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak edib, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçib, Berlinin süquta yetirilməsi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq və şücaət göstərib.

Doğulub boya-başa çatdığım, balaca bir kənd olan Əliağalıdan 150 nəfər İkinci Dünya müharibəsində iştirak edib, onlardan 40 nəfəri döyüşlərdə həlak olub, onlarla adam isə əlil kimi doğma kəndə qayıdıb. Müharibə veteranları Hacı Cavadov, Cəmil Vəliməmmədov Berlinə qədər döyüş yolu keçib, faşizm üzərində qələbənin qazanılmasında göstərdikləri qəhrəmanlığa görə orden və medallarla təltif ediliblər.

Milyonlarla insanın taleyini, dünyanın tarixini və xəritəsini dəyişmiş müharibənin Qələbə ilə başa çatmasından 77 il ötür. Sovet İttifaqı adlanan dövlət artıq tarixə çevrilib. Ancaq faşizm üzərində çalınan Qələbə yaddaşlardan silinməyib. İkinci Dünya müharibəsindəki Qələbənin ildönümləri ölkəmizdə hər il qeyd olunur, müharibə veteranlarına dövlət tərəfindən maddi yardım göstərilir.

Salman ALIOĞLU,

"Respublika".