DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA XİN: NÜVƏ MÜHARİBƏSİNDƏ QALİB OLMAYACAQ

Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın gedişində nüvə silahından istifadə etmək niyyətində deyil. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.

XİN rəsmisi qeyd edib ki, rəsmi Moskva nüvə müharibəsində qalibin olmayacağı prinsipinə sadiqdir.

“Biz dəfələrlə Rusiyanın xüsusi hərbi əməliyyatda nüvə silahından istifadə etməsi ilə bağlı eyhamları təkzib etməli olmuşuq. Bu, məqsədli yalandır”, - deyə “RİA Novosti” agentliyi Aleksey Zaytsevin sözlərini sitat gətirib.

Bununla yanaşı, Zaytsevin sözlərinə görə, Rusiya “nüvə müharibəsində qalib ola bilməz və ona yol vermək olmaz” mövqeyindən çıxış edir.

Bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya nüvə müharibəsi mövzusu ilə “oynamır”.

 

ABŞ KƏŞFİYYATI UKRAYNAYA “MOSKVA” KREYSERİNİ VURMAQDA KÖMƏK EDİB?

Qara dənizdə Rusiyanın “Moskva” kreyserinin “Neptun” raketləri ilə vurulması zamanı Ukrayna tərəfi ABŞ-dan kəşfiyyat məlumatı alıb. “APA”nın xəbərinə görə, bu barədə “CNN” telekanalına ABŞ-ın müdafiə nazirliyindəki vəziyyətlə tanış olan mənbələr bildirib.

 

“Qara dənizdə Rusiyaya məxsus döyüş gəmisini görən Ukrayna qüvvələri onun həqiqətən də “Moskva” kreyseri olduğunu təsdiqləmək üçün Amerika tərəfi ilə əlaqə saxlayıb. Amerika tərəfi isə bunun “Moskva” kreyseri olduğunu təsdiqləyib”, - deyə mənbə vurğulayıb.

Eyni zamanda, ABŞ-ın Ukrayna tərəfinin kreyserə zərbə hazırladığı haqqında məlumatlı olması qeyd edilmir. Ukrayna Silahlı Qüvvələri bu barədə müstəqil qərar verib və ABŞ gəminin vurlmasına qarışmayıb.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində yanğın baş verdiyini açıqlamışdı. Məlumata görə, yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib və fırtınalı dənizdə batıb.

 

YAPONİYA RUSİYA ilƏ  ƏLAQƏDAR YENİ SANKSİYALAR PAKETİNİ QƏBUL EDİB

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Yaponiyanın baş naziri Fumio Kişida bəyan edib.

Məlumata əsasən, yeni sanksiyalar paketinə daha 140-a yaxın fiziki şəxsin aktivlərinin dondurulması, Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı şirkətlərə qoyulan qadağalar, sanksiyalara məruz qalan Rusiya banklarının genişləndirilmiş siyahısı daxildir.

Baş nazir, həmçinin bildirib ki, yaxın günlərdə sanksiyaların konkret siyahısının açıqlanacağı gözlənilir. “Ukraynadakı vəziyyət Cənub-Şərqi Asiyada, Tayvanda təkrarlana bilər”, - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, Ukraynadakı müharibəyə görə Yaponiya əvvəllər də Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdi.

 

ÇİNDƏ BİNANIN ÇÖKMƏSİ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 53 NƏFƏRƏ ÇATIB

Çinin Çanşa şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. “Trend”in verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir.

Məlumata əsasən, hadisə yerində axtarış əməliyyatı artıq başa çatıb. Şəhər rəhbərliyi dağıntılar altında daha insanların olmadığını təsdiqləyib.

Xatırladaq ki, Çində 8 mərtəbəli yaşayış binası aprelin 29-u səhər saatlarında çöküb. Bina 2012-ci ildə tikilib və 6 mərtəbədən ibarət olub, lakin 2018-ci ildə binaya daha iki mərtəbə əlavə olaraq tikilib. Binada mağaza, restoran, kiçik kinoteatr və otel, həmçinin yaşayış mənzilləri yerləşirdi.

Verilən xəbərə görə, hüquq-mühafizə orqanları hadisə ilə bağlı ən azı 9 nəfəri, o cümlədən binanın sahibi və tikinti işlərinin rəhbərini saxlayıb. Faktla bağlı araşdırma aparılır.

 

TRAMPIN MEKSİKAYA RAKET ZƏRBƏLƏRİ ENDİRMƏYİ TƏKLİF ETDİYİ MƏLUM OLUB

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Meksikadakı narkotik laboratoriyalarını məhv etmək üçün bu ölkədəki hədəflərə raket zərbələri endirməyi təklif edib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə “New York Times” qəzeti Pentaqonun keçmiş rəhbəri Mark Esperin “Müqəddəs and” kitabına istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Mark Esperin iddiasına əsasən, Donald Tramp 2020-ci ilin yayında ən azı iki dəfə narkotik laboratoriyalarının bombalanması ideyasını gündəmə gətirib.

Bununla yanaşı, Mark Esper bildirib ki, Donald Tramp cənub sərhədindən gələn narkotik axınından son dərəcə narazı olub və Meksika hakimiyyətinin öz ölkələrinə nəzarət etmədiyini bəyan edib.

“Biz sadəcə bir neçə “Patriot” raketi buraxıb laboratoriyaları səssizcə məhv edə bilərdik”, - deyə D.Tramp bildirib. Qeyd edilir ki, Pentaqonun sabiq rəhbəri əvvəlcə bunun zarafat olduğunu düşünüb, lakin prezidentin üzünə baxdıqdan sonra fikrini dəyişib.

 

BAŞ NAZİR: NATO-YA DAXİL OLMAQLA BAĞLI QƏRAR TEZLİKLƏ VERİLƏ BİLƏR

Finlandiyanın baş naziri Sanna Marin ölkəsinin Şimali Atlantika alyansına daxil olması ilə bağlı qərarın tezliklə veriləcəyini bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazir bu barədə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bəyan edib.

“Düşünürəm ki, NATO-ya daxil olmaq qərarı çox yaxın zamanda veriləcək”, - deyə Sanna Marin vurğulayıb.

Həmçinin, baş nazir hesab edir ki, Ukrayna hadisələri ilə əlaqədar Finlandiya artıq Rusiya ilə əvvəlki kimi münasibətləri davam etdirə bilməyəcək.

Bir müddət öncə Almaniya kansleri Olaf Şoltz Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarına gəldikləri təqdirdə onlara dəstək vəd etmişdi.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev aprelin 14-də qeyd edib ki, İsveç və Finlandiya NATO-ya daxil olarsa, alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu iki dəfədən çox artacaq.

 

ALMAN NƏŞRİ: RUSİYA NEFTİNDƏN İMTİNA DÜŞÜNCƏSİZ ADDIMDIR

Rusiya neftinə embarqonun tətbiqi düşüncəsiz addımdır və təhlükəlidir. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “Junge Welt” nəşri xəbər verib.

“Bu qərar, mazut və yanacağın qiymətinin artmasına səbəb olacaq. Norveç və ya ABŞ-dan olan neft isə Rusiya neftindən daha bahadır, üstəlik, infrastruktur da kökündən dəyişməli olacaq”, - deyə məqalədə qeyd olunur.

Eyni zamanda, yazı müəllifinin sözlərinə görə, Rusiya neftini böyük endirimlə alan ölkələr, Avropadan fərqli olaraq iqtisadiyyatdakı çətinliklərdən yan keçəcəklər.

“Ukraynadakı münaqişə gec-tez sona çatacaq, Rusiya neftinə qoyulan embarqo isə əbədi qalacaq”, - deyə məqalədə vurğulanır. Məqalə müəllifi həmçinin Rusiya neftindən imtina etməməyə çağırır, çünki bu, ilk növbədə Avropa Birliyi ölkələrinə zərər verir.

Qeyd edək ki, çərşənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen, anti-Rusiya sanksiyalarının altıncı paketini elan edib. Onun sözlərinə görə, xam neft embarqosunun mərhələli şəkildə tətbiq edilməsi təklif olunub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.