Energetika: Xidmət abonentləri razı salır
MÜSAHİBƏLƏR

Energetika: Xidmət abonentləri razı salır

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə ölkəmizdə elektrik enerjisi sahəsində çox böyük işlər görülmüşdür. Çünki təlabatın və ixracın artması bunu diktə edir.

Əhalinin sayının çoxalması, eyni zamanda, sənayenin sürətlə inkişafı ölkəmizdə elektrik enerjisinə olan tələbatın artmasına səbəb olur.

Azərbaycan elektrik enerjisi ixracatçısı kimi bu gün həm qonşu ölkələrin və həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir.

İstər paytaxtda, istərsə də bölgələrdə paylayıcı elektrik xətləri tamamilə yenilənir, "Azərişıq" ASC tərəfindən enerji təminatını indiki səviyyədə saxlamaq üçün fəal iş aparılır, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına maksimum səy göstərilir.

Energetika sektorundakı müsbət dəyişikliklər paytaxtın Nərimanov rayonunda da müşahidə olunur. Geniş əraziyə malik olan rayonda bir neçə il öncə standartlara cavab verən inzibati bina tikilib istifadəyə verilmiş, kadr potensialı gücləndirilmişdir.

Biz rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, təcrübəli energetik Nadir Şiriyevlə söhbət edərkən o, bizi maraqlandıran məsələlərə aydınlıq gətirdi:

- Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində müxtəlif ərazilərdə texniki dəyişikliklər aparır, işlərimizi dünya standartları səviyyəsində qurur, abonentlərin enerji təminatını maksimum dərəcədə yaxşılaşdırırıq.

İdarəmizin kollektivi 2022-ci ildə uğurlu nəticələrə imza atmağı qarşıya məqsəd qoymuşdur. Məhz buna görə də, energetiklərimiz daxili imkanlardan səmərəli istifadə edir, iş prosesində mütərəqqi metodların tətbiqinə geniş yer verirlər.

Cari ilin birinci rübündə yığım faizi 100 faizə çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

İlin ötən 3 ayı ərzində 100-dən çox transformator məntəqəsində təftiş və yenidənqurma işləri aparılmış, bütün yarımstansiyalara baxış keçirilmiş, nəzərəçarpan qüsurlar aradan qaldırılmışdır. Bu müddət ərzində 2 min metr yeni kabel xətləri çəkilmiş, yaşayış binalarının girişində paylayıcı və sayğaclar təmir edilmiş, həmçinin, istismar müddəti başa çatan kabellər yenisi ilə əvəz edilmişdir. Rayonun akademik Həsən Əliyev, Ağa Nemətulla, Əliyar Əliyev küçələrindəki köhnə TM-lər yenisi ilə əvəz edilmişdir.

Tədbirlər planına uyğun olaraq qarşıdakı yay mövsümünə geniş hazırlıq işləri aparılır.

Kadr potensialını gücləndirmək məqsədilə 4 nəfər gənc işə qəbul olunmuşdur.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların quraşdırılması, yüksək texnologiyaların tətbiqi bu sahədə tədris sisteminin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemini uğurla həll etmək, təcrübəli kadr potensialı yaratmaq məqsədilə "Azərişıq" ASC-də Tədris Mərkəzi yaradılmışdır.

Elektrik şəbəkəsində istifadə olunan modern texniki avadanlıqların öyrənilməsi, quraşdırılması və istismarı məqsədilə Nərimanov rayonunun gənc energetikləri mütəmadi olaraq Tədris Mərkəzindəki kurslara cəlb olunurlar.

Qədir ASLAN,

"Respublika".