Mürəkkəb, mükəmməl memarlıq
Maraqlı

Mürəkkəb, mükəmməl memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Heydər Əliyev Mərkəzi

Azərbaycanın paytaxtı Bakı Şərqlə Qərbin xüsusiyyətlərini özündə əks etdirən qeyri-adi memarlıq abidələri ilə göz oxşayan şəhərlər sırasındadır. Barokko, qotika, konstruktivizm, klassik, müasir və milli memarlıq elementlərini özündə birləşdirən şəhər bu gün dünyanın mədəni mərkəzlərindən biridir. Müasir tikililərdən biri olan Heydər Əliyev Mərkəzi Bakı şəhərinin ən möhtəşəm memarlıq incilərindəndir. Layihənin müəllifi dünyaşöhrətli memar Zaha Hadiddir.

Əzəmətli binanı dəniz dalğası, uzaq gələcəyin kosmik gəmisi və ya əfsanəvi quşun nəhəng ağ qanadlarına bənzədirlər. Heydər Əliyev Mərkəzini görənlər onu müasir memarlığın möcüzəsi adlandırırlar. Z.Hadid "müasir memarlıqda həyəcan və ziddiyyət olmasa şah əsər yaratmaq mümkün deyil" söyləyirdi. Layihəni fərqləndirən cəhətlərdən biri də, onun axıcılığı və mürəkkəb quruluşa malik olmasıdır. Yerdən dalğavari şəkildə səmaya doğru ucalan və süzülərək yenidən yerə qovuşan bina təkcə memarlığın postmodernizm tərzini deyil, eyni zamanda davamlılığı, keçmişlə gələcəyi simvolizə edən sonsuzluğu təcəssüm etdirir.

Sahəsi 4 hektar olan binanın müxtəlif həndəsi fiqurları 2027 paneldən ibarətdir. Mərkəzin əsas binasının sahəsi təxminən 57,5 min kvadratmetrdir. Xüsusilə, vakuum texnologiyasının tətbiqi nəticəsində əyri panellərin hamar keçidləri bütövlüyü, axıcılığı və hərəkəti əks etdirir, eyni zamanda binaya havalı görkəm verir. Ağ rəng sayəsində işıq şüaları binanın səthi boyunca hərəkət edir və mərkəzin göz oxşayan hissələrinin daha aydın görünməsinə səbəb olur ki, bu da binaya xüsusi gözəllik verir. Mükəmməl işıqlandırma isə gecələr binanı cazibədar edir.

Çoxfunksiyalı kompleks konfrans zalı, qalereya və muzeydən ibarətdir. Təsirli eksteryer və interyerlə yanaşı, gözəl mənzərəsi ilə də gözoxşayan bina sanki üzərində dayandığı təpənin möcüzəvi davamı kimi görünür.

2014-cü ildə Heydər Əliyev Mərkəzi dünyanın ən yaxşı memarlıq əsəri kimi "İlin Dizaynı" mükafatına layiq görülmüşdür.

 

Ark qalası

Əsrlər boyu qoruyub saxladığı tarixi və mədəni teksturası ilə seçilən Buxara Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir. Buxaranın qədimliyini və Şərqin sehrli ab-havasını əks etdirən dövrün, türk-islam memarlığının ən gözəl nümunələrindən olan Ark qalasını ən heyrətamiz mədəniyyət abidələrindən biri adlandırmaq olar. Registan meydanı üzərində ucalan qala qüdrət və yenilməzliyin rəmzidir.

Qərbdən şərqə uzanan nizamsız düzbucaqlıya bənzəyən tikilinin uzunluğu 789,60 metr, daxili divarların sahəsi isə 3,96 hektardır. Ark qalasının hər otağı xüsusi dekorasiyalarla işlənmiş və otaqların birindən digərinə keçmək üçün ayrılan yerlər labirint şəklindədir.

Əfsanəyə görə Ark qalasını ögey anasının tənələrindən bezib zəngin bir ölkədə gizlənən Siyavuş adlı bir gənc tikmişdir. Belə ki, Buxara hökmdarı Əfrasiyabın qızı və gənc Siyavuş bir-birinə aşiq olurlar. Bu evliliyə razı olmayan hökmdar gəncin qarşısına şərt qoyur və bu şərti yerinə yetirdiyi halda qızı ilə evliliyə razılıq verəcəyini söyləyir. O, bir öküz dərisini yerə sərir və "Mənə bu dərinin üstünə sığacaq bir saray tik", - deyir. Bu tapşırıq hamıya qeyri-mümkün görünsə də, gənc özünü itirmir, dərini nazik zolaqlara kəsərək uclarını bir-birinə bağlayır, bununla da o gələcək tikinti sahəsinin sərhədlərini genişləndirir və dairənin daxilində bir saray ucaldır. Hökmdarın rəğbətini qazanan Siyavuş sevgilisinə qovuşur və beləliklə, Ark qalası yaranır.

Bu gün, Ark qalası böyük bir muzeydir. Onun ərazisində qədim dövrlərdən xəbər verən tarix şöbəsi, qədim sikkələrin ən nadir kolleksiyalarını özündə əks etdirən numizmatika və epiqrafiya şöbələri fəaliyyət göstərir. Qalanın Şərq tərəfi isə hazırda arxeoloji abidədir.

 

Əyri ev

Polşanın kiçik Sopot şəhərini bütün dünyada məşhurlaşdıran "Əyri ev" 2004-cü ildə memarlar - Şotinski və Zalevski tərəfindən tikilmişdir. Bu nə fotoşop, nə də optik illüziyadır. Postmodernizm, dekonstruktivizm üslubunda tikilən bu bina ilk baxışda sanki günəşdə əriyir, nəyinsə təsiri altında əyilir və bu da real görüntünü təhrif edir. "Əyri ev"in memarları bu layihədə bir çox fərqli yaradıcı ideyalarını həyata keçirmişlər.

Tikinti zamanı fasadı müxtəlif şüşə və daş əlavələrlə bəzədilmiş binanın damında isə əjdaha dərisinə bənzəyən çıxıntılı lövhələr yerləşdirilmişdir. Bütün qapı və pəncərələr asimmetrikdir, onların qeyri-adi və qəribə əyriliyi nağıl evini xatırladır. Binanın fasadının bütün elementləri - qapı, pilləkən, məhəccərlər, pəncərə, divar və dam örtüyü tamamilə əyridir və burada bir dənə də olsun düz xətt yoxdur. Giriş və pəncərələr mavi və yaşıl şüşədən ibarətdir, fasadında isə paslanmayan poladdan istifadə edilmişdir. "Əyri ev"in divar, pəncərə və qapıları dalğa şəklindədir. Daxili dekorasiya ümumi dizayna tam uyğundur. Binanın əyri olmasına baxmayaraq, daxilində olan bütün konstruksiyalar düzgün formadadır. Divarların rənglənməsində açıq tonlara daha çox üstünlük verilmişdir. Birinci mərtəbədə restoran və mağazalar, ikinci mərtəbədə isə radiostudiyalar yerləşir. Gecələr işıqlandırma zamanı əyri xətlər daha qabarıq, ev isə mifik və ağlasığmaz görünür.

Bu fantastik tikili 2009-cu ildə "Üç Şəhər"in yeddi möcüzəsindən biri statusunu qazanmışdı.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".