DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO VƏ RUSİYA QIRICILARI ARASINDA QARA DƏNİZ REGİONUNDA GƏRGİNLİK

Baltikyanı və Qara dəniz regionunda yerləşdirilən NATO qırıcıları son dörd gündə müttəfiq ölkələrin hava məkanı yaxınlığında Rusiya təyyarələrinin qarşısını almaq üçün bir neçə dəfə havaya qalxıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, NATO radarlarının aprelin 26-dan bəri Baltik və Qara dənizlər üzərində bir neçə naməlum təyyarənin uçuşlar həyata keçirdiyini aşkar edib. Buna cavab olaraq, Almaniyanın Udine və İspaniyanın Torrexon şəhərlərindəki hərbi hava bazalarından göndərilmiş qırıcılar müvafiq bölgələrdə yerləşdirilib.

“Polşa, Danimarka, Fransa və İspaniyadan olan çevik reaksiya qüvvələri müttəfiqlərin hava məkanını qorumaq üçün Baltikyanı ölkələrdə havaya qaldırılıb. Eyni zamanda, Qara dəniz bölgəsində müttəfiqlərin hava məkanına yaxınlaşan naməlum obyektləri müəyyən etmək üçün Rumıniya və Böyük Britaniyanın sürətli atəş qırıcılarına havaya qalxmaq əmri verilib”, - deyə məlumatda qeyd olunur.

 

ZELENSKİ: DANIŞIQLARIN DAYANDIRILMASI RİSKİ ÇOX YÜKSƏKDİR

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ilə sülh danışıqlarının dayandırılması riskləri çox yüksəkdir. “APA”nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Zelenski Polşa mətbuatına açıqlamasında bildirib.

“Rusiyanın törətdiyi nəticələrə görə, danışıqlar dayandırıla bilər. Onlar hər yerdə eyni üsuldan istifadə edirlər. İnsanları öldürürlər”, - deyə dövlət başçısı vurğulayıb.

İki ölkənin nümayəndə heyətlərinin müxtəlif səviyyələrdə onlayn qaydada görüşdüyünü ifadə edən Volodimir Zelenski deyib: “Biz tək aktyorun oynadığı siyasi tamaşada iştirak etmək istəmirik. Rusiya tərəfi əvvəlcə məhbus mübadiləsinin olacağını təsdiqləyir, lakin sonradan bu baş vermir”.

Dövlət başçısı qeyd edib ki, Rusiya Federasiyası nə qədər danışıqlar aparmaq üçün nümayəndə göndərsə də, yekun qərarı yenə də Vladimir Putin verəcək. Odur ki, yalnız iki dövlət başçısı arasında birbaşa danışıqlar həqiqətən səmərəli ola bilər.

 

ERMƏNİSTANDA KÜTLƏVİ İĞTİŞAŞLAR BARƏDƏ XƏBƏRDARLIQ

Müxalifət partiyalarının etiraz aksiyaları fonunda Ermənistanda kütləvi iğtişaşların baş verməsi təhlükəsi mövcuddur. “Report” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti açıqlayıb.

“MTX-nin məlumatına görə, hazırda ölkədə kütləvi iğtişaşların təşkili və keçirilməsi ilə bağlı real təhlükə mövcuddur. Bununla əlaqədar olaraq, vətəndaşları mümkün təxribatlara uymamağa, yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirməyə, nifrət və düşmənçiliyin qızışdırılması, həmçinin zorakılığa təhrik kimi yolverilməz hərəkətlərdən çəkinməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, aprelin 25-dən etibarən Ermənistanda müxalifətin genişmiqyaslı etiraz aksiyaları keçirilir. Nümayişlərdə ölkənin ikinci prezidenti olmuş Robert Koçaryanın “Ermənistan” blokunun, Respublikaçılar Partiyasının və Artur Vanesyanın “Şərəfim var” parlament blokunun tərəfdarları iştirak edirlər.

 

BMT-DƏN AVROPAYA ÜZ TUTAN MİQRANTLARLA BAĞLI AÇIQLAMA

2021-ci ildə üç mindən çox qanunsuz miqrant Aralıq dənizi və Atlantik okeanı vasitəsilə Avropaya doğru keçmək istəyərkən boğulub və ya itkin düşüb. “Report”un verdiyi xəbərə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının  mətbuat katibi Şabia Mantu Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

Qaçqınlar üzrə Ali Komissarlığın mətbuat katibi beynəlxalq ictimaiyyəti quru və dəniz yolu ilə təhlükəli səyahətlər zamanı qaçqınların və sığınacaq axtaranların qorunması üçün təcili dəstək verməyə çağırıb.

Şabia Mantunun sözlərinə görə, 2021-ci ildə Aralıq dənizində 1924 nəfər və Şimali Afrikadan Kanar adalarına gedən 1153 miqrant ölüb və ya itkin düşüb. “Bu ilin əvvəlindən indiyədək daha 478 nəfər dənizdə ölüb və ya itkin düşüb”, - deyə mətbuat katibi vurğulayıb.

 

VLADİMİR PUTİN BEŞ ÖLKƏNİN LİDERİNİ MOSKVADA TOPLAYIR

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) may ayında Moskvada keçirilməsi planlaşdırılan yubiley sammitinə hazırlıq gedir. Sammitin vaxtı artıq bəllidir, lakin daha sonra açıqlanacaq. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidmətinin məlumatına əsasən, ölkə rəhbəri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında sammitə dəvətə görə təşəkkür edib.

Bununla yanaşı, KTMT-yə üzv olan digər dövlətlərin başçılarının Moskvaya gəlib-gəlməyəcəyi isə hələlik məlum deyil.

Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı suala “bu barədə danışmaq hələ tezdir” cavabı ilə kifayətlənib.

Qeyd edək ki, sammitin mayın ortalarında keçiriləcəyi gözlənilir. KTMT-yə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Rusiya və Ermənistan daxildir.

 

TÜRKİYƏ NATO TƏLİMLƏRİNDƏ İŞTİRAK ETMƏKDƏN İMTİNA EDİB

Türkiyənin Yunanıstanda keçiriləcək NATO təlimlərində iştirakdan imtina etməsinin səbəbi rəsmi Afinanın Ankaraya qarşı qəbuledilməz bəyanatları olub. “Report”un xəbərinə görə, bu barədə Türkiyənin “NTV” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Yunanıstan “Tiger Meet” təliminin texniki reqlamentini hazırlayarkən protokola Türkiyəyə qarşı yönəlmiş və aralarındakı fikir ayrılığı, xüsusən də Egey dənizindəki hava məkanının sərhədləri ilə bağlı manipulyasiya xarakterli əlavələr edib.

Eyni zamanda, telekanalın xəbərinə görə, Türkiyə tərəfinin qərarı ilə bağlı Yunanıstan hələ aprelin 22-də məlumatlandırılıb.

Qeyd edək ki, “Tiger Meet” təliminin mayın 9-dan 20-dək Yunanıstanda keçirilməsi planlaşdırılır. Təlimlərdə Türkiyə Hərbi Hava Qüvvələrinin Baş Komandanlığının bazası olan Balıkesir şəhərində yerləşdirilən “F-16” qırıcıları iştirak etməli idi.

 

UKRAYNA İQTİSADİYYATININ BƏRPASI PLANI

Ukraynanın İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının bərpası üçün “yol xəritəsi”ni təqdim edib. “APA”nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenkonun sözlərinə görə, Ukraynanın müharibədən sonrakı bərpası məlum “Marşal planı” dövründən bəri ən böyük layihələrdən biri olacaq.

“Layihənin həyata keçirilməsi bütün sivil dünyanı əhatə edəcək, çünki biz bu gün təkcə özümüz üçün deyil, həm də qlobal təhlükəsizlik üçün mübarizə aparırıq”, - deyə Yuliya Sviridenko qeyd edib.

Nazir bərpa planının əsasını təşkil edəcək prinsiplərin adını çəkib. Onların sırasına Avropa İttifaqı və “G7” bazarlarına tam çıxış, namizəd statusunun əldə edilməsi, sonra isə Aİ-yə tam üzvlük, Qərb istiqamətində logistik marşrutların yaradılması, yerli qaz hasilatının artırılması və nüvə enerjisinin inkişafı, xammal ixracından sənaye sahələrində emala keçid, hərbi-sənaye kompleksinin inkişafı və digər aspektlər daxildir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.