Qaliblər mükafatlandırılıb
Sosial həyat

Qaliblər mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət" devizi altında baş tutan tədbirdə çıxış edən millət vəkili, AHİK-in sədri Səttar Möhbalıyev ötən il ölkəmizin artan iqtisadi göstəriciləri, əldə olunan nailiyyətlərdən, Şərqi Zəngəzurda və Qarabağda aparılan sürətli abadlıq-quruculuq işlərindən, həmin ərazilərin iqtisadi potensialından və biznes imkanlarından söz açıb.

AHİK-lə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əmək, əmək münasibətləri, əmək hüququ, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daim genişlənməsi ilə müşahidə olunan fəal əlaqələrin yaradıldığını qeyd edən S.Möhbalıyev respublikamızda BƏT-in 58 Konvensiyasının ratifikasiya olunduğunu, konvensiyaların tələblərinin respublikamızın Əmək, Mülki, Cinayət Prosessual, İnzibati Xətalar Məcəllələrində öz əksini tapdığını bildirib.

Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədilə yeni 12 əməyin mühafizəsi kabineti və 346 guşə yaradılmasını, bununla da kabinetlərin sayının 81-ə, guşələrin sayının isə 738-ə çatdığını deyən S.Möhbalıyev AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər il "Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)" adı uğrunda müsabiqə keçirildiyini və ötən dövr ərzində bu tədbirə 16 498 müəssisə və təşkilatın qatıldığını, onlardan 481-nin bu yüksək ada layiq görülərək Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldığını bildirib.

S.Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxışında əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra çıxış edənlər - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, "Mətanət A" şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov əməyin mühafizəsi sahəsində ölkəmizdə görülən işlərdən, bu istiqamətdə sahibkarların üzərinə düşən vəzifələrdən, qurumların bu sahəyə nəzarət mexanizmlərindən bəhs ediblər.

Tədbirin sonunda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasını və 22 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.