DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ PREZIDENTININ SƏUDİYYƏ ƏRƏBİSTANINA TARİXİ SƏFƏRİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 28-də Səudiyyə Ərəbistanına səfəri ilə iki ölkə arasında münasibətlərin əvvəlki məcrasına qaytarılacağı və yeni əməkdaşlıqlara qapı açılacağı gözlənilir.  “Teleqraf.com”un verdiyi xəbərə görə, səfər çərçivəsində körfəz, Suriya və Liviya kimi regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə olunacaq.

Eyni zamanda, Səudiyyə Ərəbistanının türk məhsullarına tətbiq etdiyi embarqonun Ərdoğanın Ər-Riyad səfərindən sonra ləğv ediləcəyi və türk şirkətlərinin Səudiyyə Ərəbistanında fəaliyyətlərini bərpa edəcəyi bildirilib.

İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində ilk addımlar Ərdoğanla Səudiyyə Ərəbistanı kralı arasında 2020-ci il noyabrın 21-də telefon danışığı zamanı ikitərəfli münasibətləri inkişaf etdirmək və problemləri həll etmək məqsədilə dialoq kanallarını açıq saxlamaq razılaşması ilə atılmağa başlayıb.

 

İRAN VƏ ÇİN MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR

İran və Çin müdafiə sahəsində əməkdaşlığı gücləndirməyin zəruriliyi barədə razılığa gəliblər. “Trend” agentliyinin “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələrinin qərargah rəisi Məhəmməd Hüseyn Baqeri Çinin müdafiə naziri Vey Fenhenin Tehrana səfəri çərçivəsində bəyan edib.

“Çinin müdafiə naziri ilə görüşdə biz birgə hərbi təlimlər, əməliyyat təcrübəsi mübadiləsi və iki ölkənin hərbçiləri arasında digər birgə fəaliyyətlərdə ikitərəfli əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik. Beləliklə, biz hər iki ölkə üçün daha çox təhlükəsizliyi təmin edə biləcəyik”, - deyə Qərargah rəisi vurğulayıb.

Öz növbəsində İran prezidenti İbrahim Rəisi Vey Fenhe ilə görüşdə İran-Çin münasibətlərini strateji adlandırıb. Həmçinin o, Tehran və Pekin arasında 25 il müddətinə əməkdaşlıq haqqında sazişi xatırladıb.

 

RUSİYA DÜNYA TURİZM TƏŞKİLATINDAN ÇIXARILIB

Rusiya Dünya Turizm Təşkilatından çıxarılıb. Bu barədə “Report” agentliyi məlumat yayıb. Bildirilir ki, BMT-nin Baş Assambleyasında keçirilən səsvermə zamanı Rusiyanın Dünya Turizm Təşkilatına üzvlüyü dayandırılıb.

Bununla yanaşı, Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib ki, bu qərar sayəsində Rusiyanın turizm sənayesi onilliklər ərzində inkişafdan geri qalacaq.

Məlumata əsasən, səsvermə zamanı 40 ölkə Rusiyanın təşkilatdan xaric edilməsinin lehinə, 11 ölkə (Suriya, Belarus, Qazaxıstan, Nikaraqua, Zimbabve, Əlcəzair, Bosniya və Herseqovina, Şimali Koreya, Çin və Misir) isə əleyhinə səs verib.

 

“OMİKRON” ŞTAMMININ YENİ MUTASİYASI AŞKARLANIB

Braziliyalı epidemioloqlar koronavirusun “omikron” ştammının yeni mutasiyasını aşkar ediblər. “Trend” agentliyinin məlumatına görə, söhbət “omikron” ştammının “BA.1” və “BA.2” variantlarının kombinasiyası formasında olan mutasiyadan gedir. Bildirilir ki, sözügedən mutasiya “Gisaid” beynəlxalq məlumat bazasında yoxdur.

İnfeksiyanın yeni növünün aşkar edildiyi biomaterial nümunəsi fevralın 16-da San-Pauloda üç yaşlı uşaqdan götürülüb.

Qeyd edilir ki, “omikron”un yeni tam rekombinasiyasının yaranması haqqında danışmaq üçün heç bir əsas yoxdur, çünki bunun üçün müvafiq mutasiya ən azı beş nümunədə təsdiqlənməlidir.

Hazırda Braziliyada koronavirusun üstünlük təşkil edən variantı “omikron”un “BA.2” mutasiyasıdır ki, bu da ölkədəki bütün yoluxma hallarının təxminən 70 faizini təşkil edir.

 

AVROPA İTTIFAQI RUSİYAYA QARŞI NEFT EMBARQOSU HAZIRLAYIR

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı hücumuna cavab olaraq bu ölkəyə qarşı neft embarqosu tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirir. “Report” agentliyinin “Financial Post” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Senatda çıxışı zamanı bildirib.

“Aİ-nin özü Rusiyaya qarşı fəal şəkildə sanksiyaların tətbiqini davam etdirir. Düşünürəm ki, növbəti addım Rusiyaya neft embarqosudur. Onlar bunun üzərində işləyirlər. Biz onların bunu necə etdiyini diqqətlə izləyirik”, - deyə dövlət katibi Senatdakı dinləmələrdə vurğulayıb.

Eyni zamanda, yüksək vəzifəli diplomat əlavə edib ki, Birləşmiş Ştatlar da öz növbəsində Rusiya iqtisadiyyatının bir sıra yeni sektorlarına sanksiya təzyiqini diqqət mərkəzində saxlamağa davam edəcək.

 

LUKAŞENKO: KEÇMİŞ SOVET RESPUBLİKALARI YENİ İTTİFAQDA BİRLƏŞƏ BİLƏR

Belarus prezidenti Aleksandr Lukaşenko keçmiş sovet respublikalarının İttifaq Dövlətinə qoşulacağını proqnozlaşdırıb. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “BELTA” agentliyi məlumat yayıb.

“Suveren, müstəqil dövlətlər - Belarus və Rusiya inkişaf etsin deyə, yeni prinsiplər əsasında vahid İttifaq Dövləti qurmağa çalışırıq. Əminəm ki, keçmiş Sovet İttifaqının digər respublikaları da bura qoşulacaqlar”, - deyə Lukaşenko qeyd edib.

Xatırladaq ki, Aleksandr Lukaşenko bu ilin əvvəlində Ukrayna və Qazaxıstanın 15 il ərzində İttifaq Dövlətinə qoşulacağını iddia etmişdi: “Türkmənistan, Özbəkistan və Tacikistan, məncə, iqtisadi zərurətlərinə görə qoşulacaqlar. Ermənistanın isə gedəcək yeri yoxdur”.

Belarus lideri Türkiyə ilə hərbi müttəfiqlik anlaşması imzalayan Azərbaycanın bu prosesdən kənarda qalacağını bəyan edib.

 

PENTAQON: KXDR-IN ADDIMLARI GETDİKCƏ GÖZLƏNİLMƏZ HAL ALIR

KXDR-in hərbi sahədə addımları getdikcə gözlənilməz xarakter alır. “Trend”in verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının  rəhbəri general Qlen Vanhurk bəyan edib.

Generalın sözlərinə görə, Pxenyanın yaxın həftələr, hətta günlər ərzində yeni ballistik raket sınaq buraxılışının həyata keçirilməsi istisna edilmir.

“Hazırkı mərhələdə ABŞ kontinental hissəsini KXDR-in potensial zərbəsindən qorunmasını təmin etmək üçün qüvvələrə və vasitələrə malikdir”, - deyə general əlavə edib.

Məlumat üçün qeyd edək ki, Şimal Komandanlığı Birləşmiş Ştatların kontinental hissəsinin müdafiəsinə cavabdehdir.

 

ÜST MƏNŞƏYİ MƏLUM OLMAYAN VİRUSLA BAĞLI ARAŞDIRMAYA BAŞLAYIB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mənşəyi məlum olmayan və bir çox ölkədə yayılmaqda olan hepatit hallarını fəal şəkildə araşdırır. “Report”un xəbərinə görə, bunu təşkilatın baş elmi işçisi Filippa İsterbruk bildirib.

ÜST rəsmisinin sözlərinə görə, indiyədək dünyada mənşəyi məlum olmayan 160-a yaxın kəskin hepatit halı təsdiqlənib və onlar mütəxəssislər tərəfindən fəal şəkildə araşdırılır. “Bu xəstəliyin bir sıra müxtəlif amilləri, mümkün yoluxucu və qeyri-infeksion mənbələrini nəzərdən keçiririk. Biz ölkələr tərəfindən açıqlanan həm köhnə, həm də yeni halları araşdırırıq”, - deyə Filippa İsterbruk vurğulayıb.

Eyni zamanda, mütəxəssis əlavə edib ki, hazırda kəskin viral hepatitlərə səbəb olan viruslar aşkar edilməyib. Həmçinin mədə pozğunluğu və ya qastroenteritə səbəb olduğu bilinən heç bir bakteriya və ya virus müəyyən edilməyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.