DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PUTİN: VƏZİYYƏTƏ KƏNARDAN MÜDAXİLƏ EDİLƏRSƏ CAVABIMIZ SÜRƏTLİ OLACAQ

“Əgər Ukraynadakı vəziyyətə kənardan müdaxilə edilsə və Rusiyanın strateji təhlükəsizliyinə hədə yaranarsa cavabımız sürətli olacaq”. “APA”nın verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin çıxışı zamanı bəyan edib.

Dövlət başçısı Rusiyaya təhlükə yaradılacağı halda, opponentlərində olmayan silahlardan istifadə edəcəklərini diqqətə çatdırıb. Rusiya lideri həmçinin Ukraynadakı hərbi əməliyyatların hədəflərinə çatana qədər davam edəcəyini vurğulayıb.

“Xüsusi əməliyyatın başlanması Rusiyanın əhatə edən real təhlükənin qarşısını alıb. Opponentlərimizə dünyada Rusiya kimi böyük ölkə lazım deyil”, - deyə prezident əlavə edib.

Eyni zamanda, Vladimir Putinin fikrincə, Ukraynanı Rusiya ilə müharibəyə kənar ölkələr sürükləyib. O, Qərbin rusofoblara və nasistlərə dəstəyini də yeni geosiyasi silah adlandırıb.

Xatırladaq ki, fevralın 27-də Rusiya prezidenti hərbçilərə strateji nüvə qüvvələrini xüsusi döyüş növbətçiliyinə keçirməyi əmr edib. O, bu qərarı Qərb ölkələrinin iqtisadi sahədəki “qeyri-dost hərəkətləri”, eləcə də Rusiyaya qarşı “aqressiv” ritorika ilə əsaslandırıb.

 

TÜRKİYƏ RUSİYADAN İKİNCİ “S-400” ALAYINI ALMAQ NİYYƏTİNDƏDİR

Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərinin  ikinci alayının alınması imkanını nəzərdən keçirir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir bildirib.

“Rusiya ilə müqavilə imzalandığı andan planlaşdırılan ikinci “S-400” alayının alınması ilə bağlı danışıqlar davam edir”, - deyə departament rəhbəri diqqətə çatdırıb.

Qeyd edək ki, 2020-ci ilin avqustunda Rusiya və Türkiyə arasında “S-400 Triumf” zenit-raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.

Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə “S-400” hava hücumundan müdafiə sisteminin dörd divizionunun tədarükü üçün 2,5 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib.

 

ALMANİYADA UKRAYNAYA YARDIM QƏRARGAHI YARADILIB

Pentaqon Almaniyanın Ştutqart şəhərində Ukraynaya hərbi yardımın tədarükünü koordinasiya etmək və çatdırılmasını optimallaşdırmaq üçün ABŞ-ın Avropa Komandanlığının məsuliyyəti sahəsində nəzarət mərkəzi yaradıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, mərkəz Avropa Komandanlığının Ştutqartdakı qərargahında yerləşir və ona ABŞ hərbi generalı rəhbərlik edir.

Bununla yanaşı, rəsmi məlumata görə, idarəetmə mərkəzinə ABŞ işçiləri ilə yanaşı, daha 15 ölkədən nümayəndə daxildir.

Bildirilir ki, idarəetmə mərkəzi Ukraynaya kömək üçün çərşənbə axşamı Almaniyada Ramşteyn Hərbi Hava Qüvvələri bazasında bir araya gələn 40-dan çox tərəfdaş və müttəfiq ölkənin şəbəkəsini idarə edəcək.

Eyni zamanda, ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, yeni müttəfiqlər qrupu müntəzəm olaraq ayda bir dəfə görüşəcək.

 

ÇİN ÜDM ARTIMINDA ABŞ-I GERİDƏ QOYMAQ ISTƏYIR

Çin Xalq Respublikasının Sədri Si Cinpin məmurlardan ölkədə “COVID-19”un növbəti dalğasının mənfi təsirlərinə baxmayaraq, Çində ÜDM-in artım tempinin bu il ABŞ-dan yüksək olmasını təmin etməyə çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” nəşri məlumat yayıb.

Verilən xəbərə əsasən, son həftələrdə iqtisadi və maliyyə rəsmiləri ilə görüşlər zamanı Si Cinpin Çinin təkpartiyalı sisteminin Qərb liberal demokratiyasından daha təsirli olduğunu göstərmək üçün iqtisadi sabitliyin və artımın təmin edilməsinin vacibliyindən danışıb.

Eyni zamanda, Çin Xalq Respublikasının sədrinin artımın sürətləndirilməsi ilə bağlı çağırışlarına cavab olaraq dövlət qurumları xüsusilə sənaye, texnologiya sektoru, enerji və qida istehsalı sahələrində iri layihələri gücləndirmək planlarını müzakirə edirlər.

Mənbələrin sözlərinə görə, insanlar arasında alış-veriş kuponları paylamaqla istehlak xərclərini stimullaşdırmaq imkanları da nəzərdən keçirilir.

 

UKRAYNA: MÜHARİBƏDƏ YENİ MƏRHƏLƏ BAŞLAYIB

“Müharibədə yeni mərhələ başlayıb. Ukrayna ordusu NATO silahlarına keçir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ölkənin xarici işlər naziri Dmitro Kuleba bəyan edib.

“Biz heç kimin ağlına belə gətirməyəcəyi tamamilə yeni mərhələyə qədəm qoyduq. Ukrayna Silahlı Qüvvələri artıq NATO standartlarına keçid alıb”, - deyə baş nazir bildirib.

Dmitro Kulebanın sözlərinə görə, bununla bağlı Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Cozef Bayden arasında danışıqlar da olub.

“Əvvəlcə haubitsalar bizə gəldi, lakin bu, yalnız başlanğıcdır, daha çox şey gələcək”, - deyə baş nazir əlavə edib.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Cozef Bayden Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketini elan edib.

 

BMT VETO HÜQUQUNDAN İSTİFADƏ İLƏ BAĞLI QƏTNAMƏ QƏBUL EDİB

BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının 5 üzvünün veto hüququndan istifadəni əsaslandırmasını tələb edən qətnamə qəbul edib. “APA” agentliyinin “Le Matin” saytına istinadən verdiyi xəbərə görə, Lixtenşteynin təklif etdiyi layihə TŞ-nin veto hüququna malik 5 üzvünə - ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq və Fransaya şamil edilir.

Bununla yanaşı, BMT-nin baş katibi Antonio Quterreş də Rusiyaya səfəri zamanı məsələyə münasibət bildirib. Baş katibin sözlərinə görə, veto hüququndan yerində istifadənin tərəfdarıdır.

“Veto hüququ həddən artıq çox istifadə edilib. Bir çox hallarda isə ondan istifadə vacib əhəmiyyət kəsb etməyib”, - deyə baş katib vurğulayıb.

Məlumata əsasən, veto hüququndan istifadəni məhdudlaşdıran layihəni iki il öncə Lixtenşteyn təklif etmişdi.

Statistikaya əsasən indiyədək veto hüququndan ən çox Rusiya istifadə edib (143 dəfə). Növbəti yerlərdə ABŞ (86), Birləşmiş Krallıq (30), Çin və Fransa (hər biri 18 dəfə) gəlir.

 

RUSİYA BOLQARISTAN VƏ POLŞAYA QAZ NƏQLİNİ TAMAMILƏ DAYANDIRIB

Rusiyanın “Qazprom” şirkəti Bolqarıstan və Polşaya qaz nəqlini tamamilə dayandırıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə şirkətin bəyanatında qeyd olunur.

Verilən xəbərə əsasən, belə qərarın qəbulu “Bulgargaz” və Polşanın “PGNiG” şirkətlərinin qaz tədarükü üçün ödənişləri rublla həyata keçirməməsi ilə əlaqədardır. “Qazprom” aprelin 26-dək olan müddət ərzində ödənişlərin daxil olmadığını bildirib.

Eyni zamanda, qeyd olunur ki, Rusiya tərəfi bu ölkələrin ərazisindən digər ölkələrə tranzit qaz nəqlinin davam edəcəyini vurğulayıb.

Bu qərardan sonra Avropa birjalarında təbii qaz 21 faiz bahalaşaraq min kubmetr üçün 1350 dollar həddini keçib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.