Mərdlik və şücaət nümunəsi
Region

Mərdlik və şücaət nümunəsi

Yaşasaydı 30 yaşı tamam olacaqdı. Amalı torpaqlarımızı işğaldan azad etmək, müharibənin qələbə, zəfər sevincini yaşamaq idi. 2020-ci il noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltı kəndində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Sonsuz arzuları, istəkləri yarımçıq qaldı.

Əliqismət Yaqublu peşəkar hərbçi olub. 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində dünyaya göz açıb. Lerik şəhər 3 saylı tam orta məktəbdə oxuyub. 2007-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2015-ci ildə ali məktəbi bitirdikdən sonra Qobustanda yerləşən hərbi hissədə zabit kimi fəaliyyətə başlayıb. Elə həmin il şəxsi təşəbbüsü ilə cəbhə bölgəsinə xidmətə yollanıb.

2016-cı ilin Aprel döyüşlərində fədakarlıq, igidlik, şücaət göstərib. Nümunəvi xidmətlərini nəzərə alaraq baş leytenant Əliqismət Yaqublu Xüsusi Təyinatlı Qüvvələrin Kimya Xidməti üzrə rəisi vəzifəsinə təyin olunub. Vətən müharibəsi başlayanda ön cəbhəyə yola düşüb. Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının, Qubadlı və Laçının kəndlərinin işğaldan azad edilməsində igidlik, qəhrəmanlıq nümunəsi göstərib.

Baş leytenant Əliqismət Yaqublu Şuşa uğrunda və Daşaltıda gedən döyüşlərdə düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. Şanlı qələbənin qazanılmasında Vətənin igid, qəhrəman oğlunun da əməyi olub.

Daşaltıda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olması komandirlərini, döyüş dostlarını, ailə üzvlərini, doğmalarını, el-obanı dərindən sarsıtdı. Əliqismət doğma Kələxan kəndində babası Elşad Yaqubovun yanında torpağa tapşırıldı. İndi şəhid zabitin ocağında iki yadigarı - 6 yaşlı Əliəsgər və 4 yaşlı Məhəmməd böyüyür. Son dəfə atası Mükafatla telefon danışığında övladlarını gələcəyin vətənpərvərləri kimi görmək arzusunda olduğunu bildirib.

Qəhrəman zabitin xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı Əliqismət Mükafat oğlu Yaqublu ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şücaətə görə", "Vətən müharibəsi iştirakçısı", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" , "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 Şəhid zabitin xatirəsinə Lerik şəhərinin mərkəzində bulaq kompleksi tikilib. Keçdiyi şanlı döyüş yolu barədə film çəkilib. Tanınmış, istedadlı şairlərdən Balayar Sadiq və Xanlar Həmid Əliqismətin qəhrəmanlığı haqqında şeirlər yazıb. "Lerik FİGHT CLUB"da Şuşa fatehi, şəhid baş leytenant Əliqismət Mükafat oğlu Yaqublunun xatirəsinə həsr olunmuş idman yarışları keçirilib.

Leriklilər Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əliqismət Yaqublunun parlaq xatirəsini daim əziz tuturlar. Bu günlərdə doğum günü qeyd olunub. Əvvəl Lerik şəhərində şəhidin adını daşıyan bulaq kompleksi ziyarət olunub.

Lerik Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının rəsmiləri, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri Əliqismətin doğulduğu Kələxan kəndinə gələrək qəbrini ziyarət ediblər.

Keçirilən anım mərasimində Lerik şəhər Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov şəhidin mənalı həyat və döyüş yolu barədə məlumat verib. Torpaqlarımızın azad edilməsində onun igidliyindən, qəhrəmanlığından ətraflı söhbət açıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, şəhidin əmisi Etibar Yaqubov, atası Mükafat Yaqubov mərasimdə çıxış edərək Əliqismətin Vətənə sonsuz məhəbbətindən, peşəkar hərbçi kimi nümunəvi xidmətlərindən, cəbhədə göstərdiyi şücaətlərindən, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğısından minnətdarlıqla danışıblar.

Qəhrəman şəhidin məzarı önünə gül dəstələri düzülüb, parlaq xatirəsi böyük hörmətlə, ehtiramla yad edilib. Ruhuna dualar oxunub. Kələxan kənd məktəbinin şagirdlərinin ifasında şəhidin xatirəsinə yazılmış şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub.

Əlisəfa HƏSƏNOV,

 "Respublika".