Ürəklərdə yaşayan igid
Sosial həyat

Ürəklərdə yaşayan igid

İskəndər Vüqar oğlu Dövlətli 1992-ci ildə dağlar diyarı Lerik rayonunun Soru kəndində anadan olmuşdu. Uşaqlıq illəri qartallı qayalar qoynunda keçsə də, 1997-ci ildə ailə Bakı şəhərinə köçür. O, orta məktəbi başa vurub Rabitə və Nəqliyyat Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o, Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Daxili Qoşunların Qubadakı "N" saylı hərbi hissəsində əsgəri borcunu layiqincə yerinə yetirib evinə qayıdır. Qarabağın düşmən tərəfindən zəbtini heç cür qeyrətinə sığışdıra bilmir. Vətən torpağını qorumaq, vaxtı gələndə mübarizliklə dığalara qalib gəlmək məqsədilə 2016-cı ildə hərbiyə qayıdır və kəşfiyyatçı gizir rütbəsində xidmətini davam etdirir.

27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak edərək Vətəninə, el-obasına sevgisini bir daha göstərir. Döyüşdən-döyüşə erməni dığalarına sarsıdıcı zərbələr endirərək onların xeyli sayda canlı qüvvəsini məhv edir. Çox yerdə Ordumuzun uğurla irəliləməsi, strateji nöqtələri ələ keçirməkdə var qüvvəsini əsirgəmir. Kəşfiyyatçı gizir oktyabrın 8-də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçib qəhrəmancasına şəhidlik məqamına yüksəlir. Beləcə, bir igid də adını Vətən tarixinin şanlı səhifəsinə yazır. Şəhid oktyabrın 30-da yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Vətən torpağına tapşırılır. Bir ay keçməmiş oğlunun yoxluğuna dözə bilməyən atası Vüqar kişi də erməni vandalizminin qurbanı olur.

İgid əsgər İskəndərdən xalqına qalan əmanəti isə üç yaşlı uşağıdır. Doğrudur, o, hələ həyatı dərk etmir. Fəqət damarlarında igid qanı axdığı üçün gələcəkdə o, xalqına, vətəninə ən ləyaqətli övlad olar. Və gizir İskəndərin dövlət tərəfindən aldığı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medallarını hər dəfə ata yadigarı tək döşünə taxanda qəlbində Vətən sevgisi birə-on artar. Dərk edər ki, igidsiz Vətən, torpaq, xalq yoxdur.

 Zəfər ORUCOĞLU.