DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ ABŞ RƏSMILƏRI ILƏ DANIŞIQLARIN ƏSAS MÖVZUSUNU AÇIQLAYIB

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə danışıqlarında əsas məsələ Ukraynaya yardım göstərilməsi olub. “Report” agentliyinin məlumatına görə, bunu Ukraynanın dövlət başçısı xalqa müracətində bildirib.

“Üç saatdan çox davam edən danışıqlar ümidverici və ən əsası, səmərəli keçdi. Aldığımız güclü və səmimi dəstəyə görə ABŞ xalqına və şəxsən prezident Baydenə təşəkkür edirəm. Bunlar nəinki dövlətimizi, bütövlükdə demokratiyanı gücləndirir”, - deyə Zelenski vurğulayıb.

Prezident danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin güclənməsi üçün bundan sonra atılacaq addımların müzakirə olunduğunu diqqətə çatdırıb. O deyib: “Bu, həm də Almaniyada 40 tərəfdaş ölkənin müdafiə nazirlərinin çərşənbə axşamı günü keçiriləcək görüşü ilə də bağlıdır. Əsas məsələ Ukraynanın müdafiəsi, yəni Avropanın şərqində azadlığın müdafiəsidir”.

 

EMMANUEL MAKRONUN ANDİÇMƏ MƏRASİMİNİN DETALLARI MƏLUM OLUB

Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun andiçmə mərasimi ilə bağlı bəzi detallar məlum olub. “APA”nın “Le Figaro” nəşrinə istinadən verdiyi xəbərə görə, mərasimin keçirilmə müddəti nisbətən qısa olacaq. Makron təkrar seçildiyi üçün hakimiyyətin təhvil-təslimi aparılmayacaq və yeni prezident qırmızı xalçanın üzərindən addımlamayacaq.

Prosedura görə, Yelisey sarayının mərasim zalında Konstitusiya Şurasının sədri Loran Fabius yeni dövlət başçısını qarşılayaraq onun seçildiyini rəsmən elan edəcək. Ardınca Makron çıxış edəcək. Çıxışdan sonra yeni prezident fəxri qarovulun önündən keçəcək, top atəşi açılacaq. Bununla da andiçmə mərasimi başa çatacaq.

Verilən xəbərə əsasən, mərasimin dəqiq vaxtı məlum deyil. Lakin Fransa qanunvericiliyinə görə, tədbir ən geci mayın 13-də keçirilə bilər. Həmin tarixdə indiki prezidentin səlahiyyət müddəti başa çatır.

 

TÜRKİYƏ İRANLA SƏRHƏDDƏ BETON SƏDD TİKİR

Türkiyə ilə İran sərhədində beton sədd tikilir. “Trend” agentliyinin məlumatına görə, bu haqda Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bəyan edib.

Verilən xəbərə görə, nazir Van-İran sərhəd xəttindəki qeyri-qanuni keçidlərin qarşısını almaq üçün 295 kilometr uzunluqda divarın 2023-cü ildə tamamlanacağını qeyd edib.

“Bu vaxta qədər Ağrı, İğdır sərhədləri və Ermənistanla olan sərhədlərimizdə divar inşası işləri aparılıb” - Süleyman Soylu əlavə edib.

Məlumat üçün qeyd edək ki, Türkiyədə bu günə qədər, xüsusilə Ağrı və İğdır istiqamətindəki sərhəd ərazisi boyü 191 kilometr, Suriya sərhədində isə 837 kilometr uzunluğunda divar tikilib.

 

DÜNYANIN ƏN YAŞLI SAKINI VƏFAT EDİB

Yer kürəsinin ən yaşlı sakini vəfat edib. “Sputnik” informasiya agentliyinin “NHK” telekanalına istinadən verdiyi xəbərə görə, dünyanın ən yaşlı insanı kimi tanınan yapon qadın Keyn Tanaka 120 yaşında vəfat edib.

Keyn Tanaka Rus-Yapon müharibəsindən əvvəl - 1903-cü ildə anadan olub. O, iki dünya müharibəsindən sağ çıxmış, islahatçı imperator Meydzidən başlayaraq onun nəvəsi, indiki imperator Naruhitoya qədər beş imperatorun hakimiyyətini görmüşdü.

Yaponiyanın Fukuoka prefekturasında, qocalar evində yaşayan Tanaka yanvar ayında 119 yaşını qeyd etmişdi. Bildirilir ki, qadın qazlı içkiləri və şokoladı çox sevirdi.

2019-cu ilin mart ayında o, planetin ən yaşlı sakini kimi “Ginnesin” rekordlar kitabına düşmüşdü. Keyn Tanaka, həmçinin, Yaponiyanın özündə də uzunömürlülük üzrə rekordu təzələyib.

 

MADURO: KOLUMBİYA VENESUELADA SABİTLİYİ POZMAQ İSTƏYİR

Venesuela prezidenti Nikolas Maduro Kolumbiyanın dövlət başçısı İvan Dukeni respublikada sabitliyi pozmağı planlaşdırmaqda ittiham edib. “APA”nın verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Nikolas Maduronun sözlərinə görə, cinayətkar qruplar hərbçilərə və hökumət rəsmilərinə qarşı kütləvi hücumlar planlaşdırır.

“İvan Duke Venesuelaya zərər vermək üçün ştatlardakı cinayətkar dəstələri, xaricdən polisə və orduya hücum etmək istəyən agentləri və mafiya üzvləri ilə planlar hazırlayır. Məqsəd Venesuelada sabitliyi pozmaqdır”, - deyə Maduro vurğulayıb.

Venesuela prezidenti xəbərdarlığında bu cür hərəkətlərin həm də ölkəsinin enerji və su təchizatı sistemlərinin pozulmasına yönələcəyini bildirib. O əlavə edib ki, xüsusi xidmət orqanları bu planları zərərsizləşdirməyə hazırdır.

 

İTALİYA UKRAYNAYA ƏN SON TEXNOLOJI HƏRBİ YARDIM GÖNDƏRİR

İtaliya Ukraynaya ən son texnologiya ilə təchiz edilmiş hərbi yardım göndərmək niyyətindədir. “Report” agentliyinin “Open” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın baş naziri Mario Draqi bildirib. Onun sözlərinə görə, yaxın günlərdə bunun yekunlaşacağı gözlənilir.

Nəşrin məlumatına əsasən, hərbi yardım paketinə “M113” tırtıllı avtomobillərə quraşdırılmış “Sidam25”, haubitsalar, “M109” silahları, dünyanın ən müasir özüyeriyən “PzH2000" tırtıllı texnikası, pulemyotlar, tank əleyhinə raketlər daxildir.

Gələn həftədən etibarən hərbi texniklər İtaliya silahlarının ekspertizasını keçirəcək və Ukraynaya konkret olaraq nə göndərilməli olduğunu seçəcəklər.

 

DÜNYADA 27 İLLİK QİDA EHTİYATI QALIB

Koronavirus pandemiyasının, xüsusilə Rusiya-Ukrayna müharibəsinin təsiri ilə dünyada ərzaq məhsulları ilə bağlı problemlər müşahidə olunmağa başlayıb. Eyni zamanda, dünyanı cənginə alan bahalaşma diqqətdən yayınmır. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş verənlər ekspertlərin bir nömrəli gündəm mövzusuna çevrilib.

Bununla yanaşı, mütəxəssislərin mövzu ilə bağlı hazırladıqları son hesabat isə qorxuları bir qədər də artırır.

Tədqiqatın müəlliflərindən biri, sosiobioloq Edvard Uilson deyib: “Dünyanın insanları qidalandırmaq üçün bir həddi var. Yer kürəsində hər kəs vegetarian olsa belə, istehsal edilən ət kifayət deyil. 2049-cu ildə dünya əhalisinin sayı 10 milyarda çatacaq və dünya bu qədər insanı ərzaqla təmin edə bilməyəcək”.

Bununla yanaşı, elm adamları 2049-cu il üçün qorxunc proqnoz veriblər. Dünyanın cəmi 27 il 251 günlük qida ehtiyatının qaldığını bildirən mütəxəssislər 2049-cu il 24 aprel tarixini hazırda baş verənlərin inkişafı baxımından qiyamət günü kimi gördüklərini bildiriblər.

 

ABŞ 16 ÖLKƏYƏ 713 MİLYON DOLLAR VƏSAIT AYIRIR

ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Kiyevə səfərləri zamanı Ukrayna və daha 15 Avropa ölkəsinə hərbi ehtiyaclar üçün 713 milyon dollar ayırdıqlarını açıqlayıblar. Bu barədə “Report” agentliyi məlumat yayıb. Bildirilir ki, Ukrayna bu vəsaitin 322 milyon dollardan çoxunu alacaq, qalanı isə Şərqi və Mərkəzi Avropa ölkələri arasında bölüşdürüləcək.

Verilən xəbərə görə, indi yardım silahların hazır partiyaları şəklində deyil, maliyyə tranşı şəklində gələcək: “Bu, Ukraynanın xüsusilə Donbasdakı döyüşlər üçün ehtiyac duyduğu qüvvə və vasitələrin dəstəyini təmin edəcək. Bu dəstək həmçinin Ukrayna Silahlı Qüvvələrinə daha müasir silahlara və hava hücumundan müdafiə sistemlərinə, əsasən də NATO sistemlərinə keçməyə kömək edəcək”.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.