DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: İSTANBUL PROSESİ UKRAYNADA SÜLHƏ APARAN ƏN QISA YOLDUR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Niderlandın baş naziri Mark Rutte arasında telefon danışığı olub. “Trend”in verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı regional məsələlər, xüsusilə Ukraynadakı hadisələr, eləcə də Türkiyə-Niderland münasibətləri müzakirə edilib.

Ərdoğan Ukraynada gərginliyin aradan qaldırılması istiqamətində göstərilən səylərdə İstanbul danışıqlar prosesinin ən etibarlı və qısa çıxış yolu xüsusiyyətini hələ də qoruduğunu vurğulayıb.

Humanitar dəhlizlərlə bağlı həm Rusiya, həm də Ukrayna səlahiyyətliləri ilə danışıqlarını davam etdirdiklərini bildirən Ərdoğan iki ölkə arasında qarşıdurmanın dayandırılması və bu böhranın qlobal təsirlərinin azaldılması üçün atılacaq addımlarla bağlı səyləri davam etdirməyin faydalı olduğunu bəyan edib.

 

DMİTRİ ROQOZİN: ABŞ ÖZÜNÜ SÜLH GÖYƏRÇİNİ KİMİ GÖSTƏRİR

Gələcəkdə hər hansı ölkə tərəfindən peyk əleyhinə silahların mümkün istifadəsi üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu “Roskosmos”un baş direktoru Dmitri Roqozin bildirib.

Baş direktor peyk əleyhinə silahların sınaqlarına moratorium qoymağa çağıran ABŞ nümayəndələrinə inanmamağa çağırıb.

Dmitri Roqozin qeyd edib ki, ABŞ artıq lazımi sınaqları keçirib və başa çatdırıb, belə sistemləri silahlanmaya qəbul edib və indi özünü sülh göyərçini kimi göstərir.

Eyni zamanda, Dmitri Roqozin bəşəriyyətin tezliklə kosmosda kütləvi qırğın silahlarının reallığa çevriləcəyi bir dünyada yaşayacağından narahatlığını ifadə edib.

“Çin və Rusiyanın kosmosa silah buraxılmasını qadağan edən müqavilə ilə bağlı birgə təklifi var və ABŞ bu təkliflərə cavab vermək əvəzinə gülünc bəyanatlarla çıxış edir”, - deyə baş direktor vurğulayıb.

 

BMT-NIN BAŞ KATİBİ RUSİYA VƏ UKRAYNAYA SƏFƏR EDƏCƏK

BMT-nin baş katibi Antonio Quterreş aprelin 28-də Ukraynaya səfər edəcək. “Report”un məlumatına görə, bu barədə baş katibin ofisindən açıqlama verilib.

Bildirilir ki, Quterreş Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək və prezident Volodimir Zelenski tərəfindən qəbul olunacaq.

Açıqlamada o da vurğulanıb ki, baş katib Ukraynada fəaliyyət göstərən ümumdünya təşkilatının əməkdaşları ilə görüşəcək. Onlar ölkə əhalisinə humanitar yardımın genişləndirilməsini müzakirə edəcəklər.

Məlumat üçün qeyd edək ki, daha əvvəl Antonio Quterreşin aprelin 26-da Moskvaya səfərə yollanacağı və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi, eləcə də prezident Vladimir Putin tərəfindən qəbul olunacağı açıqlanıb.

 

BÖYÜK BRİTANİYADA BİTKİ YAĞI SATIŞINA MƏHDUDİYYƏTLƏR QOYULUB

Böyük Britaniyanın tədarük zəncirinə Ukrayna müharibəsi mənfi təsir göstərdiyinə görə, ölkənin bəzi supermarketləri  bitki yağının alışına məhdudiyyətlər qoyub. “Teleqraf.com”un məlumatına görə, supermarkelərdə maksimum iki ədəd bitki yağı almaq mümkündür.

Böyük Britaniyanın günəbaxan yağı tədarükü əsasən Ukraynanın payına düşür. Həmçinin idxal zəncirindəki pozuntular ehtiyatların azalmasına və alternativ məhsullara tələbatın artmasına səbəb olub.

Ölkədə pərakəndə ticarəti təmsil edən Britaniya Pərakəndə Şatış Konsorsiumu bildirib ki, məhdudiyyətlər müvəqqətidir və məqsədin hər kəs üçün məhsulların əlçatan olması ilə bağlıdır.

 

ZELENSKİDƏN MÜHARİBƏYƏ REAKSİYA VERMƏYƏN ÖLKƏLƏRƏ MÜRACİƏT

Ukrayna prezidenti Volodimir Zelenski müharibəyə reaksiya verməyən və onlara kömək etməyən ölkələrə müraciət ünvanlayıb. “Report” agentliyinin məlumatına görə, dövlət başçısı videomüraciətində bunu çox riskli addım adlandırıb.

Zelenski qeyd edib ki, Ukraynanın qələbəsinə inanan ölkələr onunla birlikdə mübarizə aparmalı və hərtərəfli dəstək göstərməlidir. Ölkə rəhbəri müharibəyə neytral yanaşan və nəyisə itirməkdən qorxanların sonda daha çox itkilərə məruz qalacağını vurğulayıb.

“Həyatın ölüm üzərində qələbəsinə inanan ölkələr bizimlə birlikdə mübarizə aparmalı, bizə kömək etməlidirlər. Çünki bu yola birinci biz çıxmışıq. Bəs bizdən sonra kimdir? Bu gün kimsə nəyisə itirməmək üçün neytral qalmaq istəyirsə, bu, əsl həqiqətdə ən riskli addımdır”, - deyə Zelenski əlavə edib.

 

 

PENTAQON 40 MÜTTƏFİQİNİ TƏHLÜKƏSİZLİKLƏ BAĞLI MÜZAKİRƏLƏRƏ DƏVƏT EDİB

ABŞ-ın Müdafiə Nazirliyi 40 müttəfiqini Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarını müzakirə etmək üçün gələn həftə Almaniyada görüşməyə dəvət edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

Pentaqonun mətbuat katibi Con Kirbi bildirib ki, NATO-ya üzv olmayan 20 ölkənin müdafiə nazirləri və yüksək səviyyəli generalları ABŞ-ın müdafiə naziri Lloyd Ostinin  aprelin 26-da Almaniyanın qərbindəki Ramşteyn Hərbi Hava Qüvvələri bazasında keçiriləcək görüşə dəvətini qəbul ediblər.

Mətbuat katibi Ukraynanın tərəfdaşlarının müharibədən sonra onun hərbi qüdrətini gücləndirməyə necə kömək edə biləcəyini müzakirə etmək üçün görüşü məsləhətləşmə adlandırıb.

Con Kirbi bildirib ki, ölkələr Ukraynaya cari ehtiyacları ilə bağlı yardımı necə davam etdirə biləcəklərini, eləcə də müharibənin gedişində müxtəlif tərəfdaşların hansı silahları təmin edə biləcəklərini müzakirə edəcəklər.

 

“TALİBAN” İRANLA DANIŞIQLARA HAZIRLAŞIR

“Taliban” hakimiyyəti Hilmənd çayından gələn suyun tənzimlənməsi üçün İranla danışıqlara hazırdır. “APA”nın xəbərinə görə, bunu ölkənin mədəniyyət və informasiya naziri İnamulla Samanqani yerli televiziyaya bildirib.

Eyni zamanda, nazirin sözlərinə görə, Əfqanıstan problemi dialoq yolu ilə həll etmək niyyətindədir.

Məlumata əsasən, Əfqanıstan Hilmənd çayının suyunun bölünməsinə dair 1973-cü il sazişinin tələblərini yerinə yetirir.

Qeyd edək ki, İranın bəzi əyalətlərində su problemi güc strukturları ilə toqquşmalara səbəb olub.

 

AVROPADA GƏMİLƏR ÜÇÜN YANACAQ EHTİYATI TÜKƏNMƏK ÜZRƏDİR

Ukraynadakı vəziyyətin beynəlxalq bazarlara təsiri fonunda Avropa İttifaqının şimal-qərb hissəsində gəmilər üçün yanacaq ehtiyatı tükənir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Bildirilir ki, Amsterdam, Rotterdam və Antverpen limanlarında gəmilər üçün yanacaq çatışmazlığı müşahidə olunur.

Bununla yanaşı, son həftələrdə Avropanın şimal-qərbində gəmilər üçün istifadə edilən aşağı kükürdlü yanacağın qiyməti də kəskin şəkildə bahalaşıb.

Eyni zamanda, rəsmi Moskvaya qarşı beynəlxalq sanksiyaların inkişafı davam etdiyindən bir çox şirkətlər Rusiya nefti və gəmilərindən yayınır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.