DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ MÜHARİBƏ DÖVRÜNDƏKİ MALİYYƏ İTKİLƏRİNİ AÇIQLAYIB

Rusiyanın başladığı müharibə nəticəsində Ukraynanın maddi ziyanı təxminən 550 milyard dollar qiymətləndirilir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

Dövlət başçısı bildirib ki, Ukrayna iqtisadiyyatını bərpa etmək üçün ayda 7 milyard dollara qədər vəsaitə ehtiyac duyulur.

Bununla yanaşı, Zelenski Beynəlxalq Valyuta Fondu və Dünya Bankının dəstəyi ilə tez bir zamanda ölkənin bərpası və yenidən qurulmasına ümid etdiyini vurğulayıb.

Bu ərəfədə, Ukraynanın baş naziri Denis Şmıqal qeyd edib ki, bu il ölkənin ÜDM-i 30-50 faiz azala bilər. Onun sözlərinə görə, ilkin təhlillər göstərir ki, müharibə nəticəsində birbaşa və dolayı ziyanı 560 milyard dolları ötür.

Eyni zamanda, Volodimir Zelenski ölkənin müharibədən sonra bərpası üçün Milli Şura yaradıb. Milli Şuraya Prezident Ofisinin rəhbəri və onun müavinləri, Ali Radanın bütün komitələrinin rəhbərləri, baş nazirin müavinləri və bütün nazirliklərin rəhbərləri daxildir.

 

DONALD TRAMP: TARİXİN ƏN TƏHLÜKƏLİ DÖVRÜNÜ YAŞAYIRIQ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, indiki Amerika rəhbərliyinə dünyada hörmət edilmir və ondan heç kim qorxmur. “APA”nın məlumatına görə, Tramp bunu dünya tarixinin ən təhlükəli məqamı adlandırıb.

“Hazırda, mənim fikrimcə, ölkəmizin tarixində ən təhlükəli dövrdür. Dünyamız heç vaxt bu qədər təhlükə ilə üzləşməmişdi”, - deyə Donald Tramp vurğulayıb.

Bununla yanaşı, siyasətçinin fikrincə, dünya silahların təsiri ilə ciddi təhlükə altına düşüb.

ABŞ-ın keçmiş prezidentinin sözlərinə görə, onun administrasiyası postda olsaydı Rusiya Ukraynada xüsusi əməliyyat keçirməzdi.

“Çin artıq bizə hörmət etmir, İran bizdən qorxmur və Rusiya Ukraynadakı hərəkətləri ilə liderlərimizin nə qədər zəif olduğunu göstərdi”, - deyə keçmiş prezident əlavə edib.

 

UKRAYNANIN MÜDAFİƏ NAZİRİNİN BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏTİ

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov aprelin 22-də beynəlxalq ictimaiyyətə müraciət edib. “Report”un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, müdafiə naziri dünya ölkələrindən ağır silahlar istəyib.

“Biz ağır silahlarla təmin olunsaq, ərazilərimizi azad edə və rusiyalı hərbçiləri ölkəmizdən çıxara bilərik. Bilirəm ki, bu silahları müxtəlif ölkələrdən əldə etmək mümkündür. Bunları bizə versələr, şərə müqavimət göstərdiklərini nümayiş etdirəcəklər”, - deyə nazir vurğulayıb.

Bununla yanaşı, Oleksiy Reznikov Rusiyanın neft və qazına, həmçinin bank sisteminə sanksiyaların tətbiq olunmasının vacibliyini diqqətə çatdırıb. “Əks halda müharibə uzanacaq. Savaş hər an digər ölkələrə də keçə bilər. Çünki Vladimir Putin Ukraynada dayanmayacaq”, - deyə müdafiə naziri bildirib.

Xatırladaq ki, bu ərəfədə ABŞ prezidenti Cozef Bayden Ukraynaya 800 milyon dollarlıq yeni hərbi dəstək paketini təsdiqləyib.

 

“TESLA” ŞİRKƏTİNDƏN SÜRÜCÜSÜZ TAKSİ XİDMƏTİ

“Tesla" şirkəti özünün elektromobilləri əsasında sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır. “Trend” agentliyinin məlumatına görə, bunu “Tesla” şirkətinin rəhbəri İlon Mask şirkətin fəaliyyətinin 2022-ci ilin birinci rübü üzrə yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

İlon Maskın sözlərinə görə, “robotaksi” xidmətinin 2024-cü ildə işə düşməsi nəzərdə tutulur.

Qeyd olunur ki, bu xidmətdə “Tesla”nın tam avtomatlaşdırılmış, sükan və pedalları olmayan elektromobilləri istifadə olunacaq.

Eyni zamanda, İlon Mask 2024-cü ilədək həmin avtomobillərin kütləvi istehsalına başlamaq niyyətində olduğunu bəyan edib.

 

SERGEY LAVROV: RUSİYA VƏ UKRAYNA ARASINDA DANIŞIQLAR LƏNG GEDİR

Rusiya-Ukrayna danışıqları ləng gedir. “APA”nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında çıxışı zamanı bildirib.

XİN başçısının sözlərinə görə, Ukrayna tərəfinin bəyanatları belə bir fikir yaradır ki, Kiyev hakimiyyəti Rusiya Federasiyası ilə danışıqlara ehtiyac duymur və onlar öz taleyinə boyun əyiblər.

Sergey Lavrov həmçinin bildirib ki, rəsmi Kiyev Rusiyanın ona təqdim etdiyi təkliflərə cavab verməmək qərarına gəldikdən sonra Ukrayna ilə danışıqlar dayanıb. “Zelenski Rusiya Federasiyası ilə danışıqları və “Azovstal”dakı hərbçilərin vəziyyətini əlaqələndirərək, söhbətin nədən getdiyini başa düşmür”, - deyə rusiyalı diplomat qeyd edib.

Bununla yanaşı, Lavrovun sözlərinə görə, Rusiya Ukraynadan da daxil olmaqla heç bir ultimatumlara dözməyəcək.

 

BRİTANİYA PARLAMENTİ BAŞ NAZİRLƏ BAĞLI ARAŞDIRMA APARACAQ

Böyük Britaniya parlamenti baş nazir Boris Consonun qalmaqala səbəb olan toplantılar barədə dedikləri ilə bağlı araşdırma aparacaq. “Report” bu barədə “Sky News” telekanalına istinadən məlumat yayıb.

İstintaq Consonun pandemiyanın qızğın dövründə bu toplantıların mediada işıqlandırılmasından qısa müddət sonra gələn açıqlamalarına diqqət yetirəcək.

Bundan əvvəl baş nazir bildirib ki, hökumətdə heç kim koronavirus məhdudiyyətlərini pozmayıb. Sonradan məlum olub ki, tərəflər həqiqətən də “COVID-19”la mübarizədə mövcud tələbləri pozublar.

Bildirilir ki, Boris Consonun açıqlamasını araşdıracaq komitə yalnız polisin toplantıda iştirak edən şəxslərlə bağlı araşdırmasını tamamladıqdan sonra işə başlayacaq.

 

“G20” SAMMİTİNƏ VLADİMİR PUTİN DƏ DƏVƏT OLUNUB

“Böyük iyirmilik” (G20) qrupuna daxil olan bütün ölkələrin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin birliyin sammitinə dəvət olunub. “Trend”in məlumatına görə, bu barədə İndoneziyanın maliyyə naziri Sri Mulyani İndravati bildirib.

Nazir Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı qlobal iqtisadiyyatın gələcək inkişaf perspektivlərinin müzakirə edildiyi seminarda çıxış edib.

Tədbirin aparıcısı V.Putinin payızda Bali adasında keçiriləcək “G20” liderlərinin görüşündə iştirak edib-etməyəcəyini soruşub. Nazir cavab olaraq bildirib ki, Rusiya lideri tədbirə dəvət olunub.

Bununla yanaşı, nazir vurğulayıb ki, dəvətnamələr əvvəlcədən göndərilir: “G20”yə daxil olan bütün ölkələr artıq öz dəvətlərini alıblar”.

 

BƏŞƏRİYYƏTİ QİYAMƏT GÜNÜ XİLAS EDƏCƏK QİDA

Elm adamlarının ehtimal olunan qiyamət gününə qarşı hazırladıqları hesabatın təfərrüatları mətbuata sızıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, hesabatda insanların qiyamətdən necə xilas olmalarının yollarından bəhs olunub.

Məlumata əsasən alimlər insanların mümkün nüvə partlayışından, nəhəng asteroid zərbəsindən və ya vulkan püskürməsindən necə sağ qalacağına diqqət yetiriblər. Bu səbəbdən dəniz yosunlarının çox əhəmiyyətli olduğu və alternativ qida olaraq bəşəriyyəti xilas edəcəyi bildirilib.

Tədqiqat haqqında danışan alim Xuan Qarsiya Martinez bunun ciddi araşdırma olduğunu vurğulayıb. O deyib: “Bu, çox önəmli araşdırmadır. İnsanları mümkün qiyamət ssenarilərinə hazırlığa həvəsləndirmək baxımından böyük dəyərə malikdir”.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.