Beynimizdə "Riyaziyyat hüceyrələri" var imiş
İstər mürəkkəb əməliyyatları yerinə yetirən magistr tələbə, istərsə də pulunuzun qalığını hesablayan bir müştəri olun, fərq etməz, gündəlik həyatda hər birimiz riyaziyyatdan istifadə edirik. Amma beynimizin bu hesablamaları necə yerinə yetirdiyi elmə naməlum olaraq qalırdı. Lakin almaniyalı elm adamları riyazi əməliyyatları yerinə yetirərkən beynimizdə bəzi neyronların xüsusi aktivlik nümayiş etdirdiklərini aşkar ediblər.
Tübingen və Bonn universitetlərinin alimlərinin "Current Biology" jurnalında dərc edilən araşdırmalarına görə, beyindəki neyronların bəziləri xüsusilə toplama və çıxma əməliyyatı zamanı aktivləşir. Üstəlik bu neyronlara hesablamaların mətn və ya rəqəmlərlə aparılmasının heç bir fərqi yoxdur.
Bonn Universitetinin alimləri təcrübə zamanı beş kişi və beş qadının beyin nahiyəsinə elektrodlar yerləşdiriblər. Sınaq iştirakçılarına qısa bir zamanda sadə hesab əməliyyatlarının yerinə yetirilməsi tapşırılıb. Bu ərəfədə neyronların fəaliyyəti kabel bağlantısının köməyi ilə fərdi olaraq izlənilib.
"Biz toplama və çıxma zamanı bəzi neyronların "alovlandığını" kəşf etdik. Ancaq bu durum, bəzi neyronların yalnız "+", digərlərinin isə "-" işarəsinə cavab verməsi anlamına gəlmir. Hətta riyazi simvolları sözlərlə əvəz etdikdə belə, eyni təsirin meydana çıxdığını gördük. Meymunlar üzərində apardığımız təcrübələrdən bilirik ki, onların da beyinlərində hesablama ilə əlaqəli müəyyən neyronlar var. Ancaq bu kontekstdə indiyə qədər insanlarla bağlı çox məlumat yox idi. Bu kəşf bizim ən əlamətdar işlərimizdən biridir və rəqəmlərlə hesablamanın daha yaxşı başa düşülməsi istiqamətində mühüm addımdır", - deyə Bonn Universitetinin professoru Florian Mormann söyləyib.
Komanda heyəti gələcəkdə bu sinir hüceyrələrinin beyində tam olaraq daha hansı rolu oynadığına dair araşdırma aparacaqlarını bildirib.
Avtomobildə kitab oxuyarkən niyə halımız pisləşir?
Maşında gedərkən kitab oxumaq istəyənlər bunu daha yaxşı bilər. Bəzi insanlar hər hansı bir nəqliyyat vasitəsilə yol gedərkən nə isə oxuyan zaman səhhətlərində narahatlıq yaradan dəyişikliklərdən şikayət edirlər. Müəyyən bir müddətdən sonra isə bu vəziyyət baş ağrısı, xüsusilə də ürəkbulanma ilə müşayiət olunur. Bəs bunun əsl səbəbi nə ilə əlaqədardır?
Daha çox arxa oturacaqda və ya hərəkətin əks istiqamətinə baxan oturacaqlarda oturarkən meydana gələn bu xoşagəlməz vəziyyətin səbəbi tamamilə balans sistemi ilə bağlıdır. Kosmik tədqiqatçılar bunu "məkan oriyentasiyası" adlandırırlar. Tibbi adı isə "hərəkət xəstəliyi"dir. Beyin hərəkəti daxili qulaq, gözlər və vücudun dərin toxumalarından gələn xəbərdarlıqlara görə qəbul edir. Gəzinti kimi şüurlu hərəkətlər bu üç sinir yolu vasitəsilə beyinə göndərilir.
Hərəkət xəstəliyinin tam olaraq necə yarandığı dəqiq bilinmir. Üç fərqli sinir yolu arasında əlaqənin olması fikri də əslində bir fərziyyədir. Hərəkəti daxili qulaqdakı strukturlar təsbit etdiyi üçün bu xəstəliyin səbəbinin buradan qaynaqlandığı təxmin edilir.
Gözlərdən gələn mesajların isə bir o qədər təsir etmədiyi düşünülür, çünki görmə məhdudiyyətli insanlarda da bu problem ortaya çıxa bilir. Beyin və sinir sistemi arasında əlaqəni asanlaşdıran kimyəvi maddələrdən olan bəzi neurotransmitterlər də bu vəziyyətə səbəb ola bilər. Bu səbəbdən də, hərəkət xəstəliyinin müalicəsində neurotransmitterlərə təsir edən dərmanlar istifadə edilir.
Belə problemlə qarşılaşmamaq üçün səyahət edərkən avtomobilin ön oturacağında oturub üfüq xəttinə baxın və uzun müddət kitab, telefon, planşet kimi əşyalardan uzaq durmağa çalışın.
Bu heyvanlar sahiblərinin adlarını bilir
Yaponiyalı alimlərin yeni araşdırmasına görə, sevimli dostlarımız olan pişiklər həm sahiblərinin, həm də birlikdə yaşadıqları digər heyvanların adlarını bilirlərmiş.
"Scientific Reports" jurnalında dərc edilən araşdırmada Kyoto Universitetinin tədqiqatçılarının bir evdə və ya pişik qəfəsində ən azı iki ev heyvanı ilə birgə yaşayan 48 pişiyin üzərində apardıqları tədqiqatdan bəhs edilib. Təcrübə zamanı heyvanlara ev sahibi tərəfindən yoldaşlarının adıçəkilən səs yazıları eşitdirilib. Sonra isə ya həmin pişiyin, ya da evdəki digər pişiyin şəkli kompüter ekranında nümayiş etdirilib. 19 pişik adıçəkilən pişiyi ekranda görmədikdə və yaxud tanımadıqda şəkilə daha çox baxaraq təəccüblü reaksiya verib. Digər bir sınaqda pişiklər adları ilə çağırılıb, ekranda isə ya sahibinin, ya da özlərinin şəkli göstərilib. Ümumilikdə sorğuda iştirak edən 48 pişikdən 26-sı müvəffəqiyyət qazanmasa da, daha böyük ailədə yaşayan 14 heyvan sınaqdan uğurla çıxıb.
Nəticələri şərh edən tədqiqatçılar pişiklərin bir-birlərinin adları ilə bərabər, sahiblərinin də adlarını bildiklərinə əmin olduqlarını söyləyirlər.
"Bu vəziyyət rəqabətlə də bağlı ola bilər. Adətən sahibi pişiyinə yemək verərkən və ya əzizləyərkən onu adı ilə səsləyir. Belə bir hal başqa bir heyvanı çağırdıqda da ola bilər. Bununla belə, pişiklər heç vaxt yemək zamanı insanlarla rəqabət aparmırlar, ona görə də onların adlarını bilmək üçün daha az səbəb var", - deyə Kyoto Universitetinin tədqiqatçısı əlavə edib.
Ölüm bir illüziyadırmı?
Elm aləmində yeni bir mübahisənin "fitili" alovlanıb. Alimlərdən biri ölümün gerçək deyil, şüurumuzun yaratdığı bir illüziya olduğunu iddia edir. Onun irəli sürdüyü nəzəriyyəyə görə, bədən öldükdən sonra həyat bitmir, əksinə, əbədi olaraq davam edir.
Wake Forest Universiteti Tibb Məktəbinin alimi Robert Lanza "Biosentrizm" kitabında ölümün şüurumuz tərəfindən yaradılan bir illüziya olduğundan bəhs edir. Qeyd edək ki, dr. Lanza dünya üzrə qədim dövrə aid ilk erkən insan embrionlarını kopyalayan alimlər qrupunun üzvüdür. Professor Lanza kvant fizikası konsepsiyalarına əsaslanan fərziyyəsini açıqladıqdan sonra ictimai şöhrət qazanıb. Onun nəzəriyyəsinə görə, müxtəlif şüur səviyyələri tərəfindən dəstəklənən bir çox reallıqlar var və ölüm beynimizin yaratdığı düşüncədən başqa bir şey deyil. Lanzanın fikrincə, əgər zaman və məkan yoxdursa, ölümdən söhbət belə gedə bilməz.
Alim internet səhifəsində ölümün zamansız və məkansız dünyada olmadığına dair açıqlamalar verib. Bu nəzəriyyə əvvəllər Eynşteyn tərəfindən də irəli sürülmüşdür. Yeni sübutlar Eynşteyni təsdiqləyir. Lanza ölümsüzlüyün zaman içərisində daimi yox, zamandan kənar bir durum olduğunu deyir.
Professorun fikrincə, insan zamanla ölümün varlığını qəbul edir, amma əslində bu, sadəcə ağıldan irəli gəlir. Çünki onu əhatə edən həyatdan asılı olmadan hərəkət edə biləcək zaman yoxdur. Dolayısıyla əgər hər kimsə həyatı boyu ölümün varlığına inanarsa, bu inancı o, özü yaradar. Əksinə yox, əgər ölümsüzlüyün bir parçası olduğumuza inanarıqsa, əvvəlkindən daha fərqli bir biçimdə yaşamağa davam edərik.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".