DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: TÜRKİYƏ Aİ-DƏN KONKRET ADDIMLAR GÖZLƏYİR

Türkiyə hələ də Avropa İttifaqına daxil olmağı özünün strateji hədəfi hesab edir və Aİ-yə tam üzvlük üçün konkret addımlar gözləyir. “Report” agentliyinin xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada iftar mərasimində müxtəlif ölkələrin səfirləri qarşısında çıxışı zamanı bəyan edib.

“Ukrayna kontekstində baş verən son hadisələr Türkiyənin NATO-dakı əhəmiyyətini açıq şəkildə nümayiş etdirdi. Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Müharibənin qlobal miqyasda mənfi nəticələri Türkiyənin Aİ üçün, xüsusilə də bu sahədə strateji əhəmiyyətini göstərdi. Mən Aİ-nin tamhüquqlu üzvlük perspektivimiz əsasında konkret və mənalı addımlar atacağını gözləyirəm”, - deyə Ərdoğan vurğulayıb.

Məlumat üçün qeyd edək ki, 1964-cü ildən Avropa İttifaqının assosiativ üzvü olan Türkiyə 1987-ci ildə birliyə üzv olmaq üçün müraciət edib. Onun Aİ-yə qəbulu ilə bağlı danışıqlar prosesi 2005-ci ildə başlayıb. Birliyə qoşulmaq üçün Türkiyə Avropa Komissiyası ilə 35 danışıqlar nöqtəsindən 33-ü üzrə danışıqları uğurla başa çatdırmalıdır. Bundan sonra Aİ ölkələri Türkiyənin Avropa İttifaqına üzvlüyünə yekdilliklə səs verməlidir.

 

BÖYÜK BRİTANİYADA CASUS PROQRAMI QALMAQALI

Böyük Britaniyanın baş naziri Boris Consonun ofisi də daxil olmaqla, hökumət rəsmilərinin istifadə etdiyi rəqəmsal şəbəkələrdə casus proqramları aşkar edilib. “Teleqraf.com”un məlumatına görə, rəqəmsal təhlükəsizlik nəzarət şirkəti olan “Citizen Lab” tərəfindən dərc edilən açıqlamada, casus proqramın İsrailin kiber texnologiya şirkəti “NSO Group”a məxsus virus olduğu bildirilib.

“Biz 2020 və 2021-ci illərdə Böyük Britaniyanın rəsmi şəbəkələrində çoxlu sayda şübhəli casus proqram halları müşahidə etdiyimiz barədə Böyük Britaniya hökumətini xəbərdar etmişik”, - deyə şirkətin açıqlamasında bildirilir.

“Citizen Lab”ın direktoru Ron Deibert qeyd edib ki, müxtəlif şəbəkə skanetmə üsullarına əsasən, İngiltərə şəbəkələrindən yayılan viruslar aşkar edilib və araşdırma aparmaq üçün Böyük Britaniyanın müvafiq orqanlarına məlumat verilib.

 

YAPONİYANIN RUSIYA ILƏ BAĞLI YENİ SANKSİYALAR PAKETİ QÜVVƏYƏ MİNİB

Yaponiyanın Rusiyaya qarşı yeni sanksiyalar paketi, o cümlədən Rusiyadan 38 növ malın idxalına qadağa qoyulması aprelin 19-da qüvvəyə minib. “Report”un xəbərinə görə, müvafiq qərarı Yaponiya hökuməti qəbul edib.

Məlumata əsasən, siyahıya spirt və məişət texnikası, taxta və digər mallar daxildir. Yaponiyaya idxal edildikdə onların ümumi dəyəri 15 milyard yen (118 milyon dollar) təşkil edirdi. Əslində, bu, Rusiyadan mal idxalına ilk qadağadır.

Eyni zamanda, qadağa qüvvəyə minənədək müqavilələri bağlanmış malların idxalı iyulun 18-dək qüvvədə olacaq.

Maliyyə Nazirliyinin məlumatına görə, Yaponiyanın Rusiyadan idxalı ötən il 1,55 trilyon yen (12,2 milyard dollar) təşkil edib. Beləliklə, qadağan olunmuş idxalın payı cəmi 1,1 faiz təşkil edir. Lakin bu məbləğlər sanksiyaların iqtisadiyyatın ayrı-ayrı sahələrinə vurduğu ziyanı nəzərə almır.

 

BVF QLOBAL ARTIM ÜZRƏ PROQNOZUNU AŞAĞI SALIB

Dünya iqtisadiyyatının bu il 3,6 faiz artacağı gözlənilir. “APA”nın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilir. Bu göstərici isə yanvar gözləntisi ilə müqayisədə 0,8 faiz bəndi azdır. 2023-cü ildə də 3,6 faizlik qlobal artım gözlənilir ki, bu da ötən proqnozla müqayisədə 0,2 faiz bəndi daha aşağıdır.

BVF qeyd edir ki, Ukraynadakı müharibə sülh yolu ilə həllini tələb edən baha başa gələn humanitar böhrana səbəb olub. Eyni zamanda, münaqişənin iqtisadi ziyanı 2022-ci ildə qlobal artımın əhəmiyyətli dərəcədə yavaşlamasına gətirib çıxaracaq və inflyasiyanı sürətləndirəcək. Bundan əlavə, yanacaq və ərzaq qiymətləri sürətlə bahalaşaraq aşağı gəlirli ölkələrdəki həssas əhaliyə daha çox zərbə vuracaq.

BVF-nin proqnozlarına görə, bu il ABŞ iqtisadiyyatı 3,7 faiz, avroməkan iqtisadiyyatı 2,8 faiz, inkişafda olan Asiya iqtisadiyyatı isə 5,4 faiz artacaq. Azərbaycanın da aid edildiyi Orta Şərq və Mərkəzi Asiya regionunda isə bu il 4,6 faizlik artım gözlənilir.

 

ŞOYQUDAN UKRAYNADAKI MÜHARİBƏ İLƏ BAĞLI AÇIQLAMA

Rusiya Silahlı Qüvvələri qondarma “Luqansk və Donetsk Xalq Respublikaları”nın azad edilməsi planını ardıcıl şəkildə yerinə yetirir. “APA” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu kollegiya iclasında  çıxışı zamanı bəyan edib.

“Rusiya ordusu xüsusi hərbi əməliyyat zamanı ali baş komandanın qarşıya qoyduğu tapşırıqları yerinə yetirir”, - deyə rusiyalı nazir vurğulayıb.

Bununla yanaşı, Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin müasir hərbi qarşıdurma şəraitinə daha yaxşı uyğunlaşmaq üçün yeni döyüş üsullarını tətbiq edəcəyini də diqqətə çatdırıb.

Sergey Şoyqunun sözlərinə görə, Müdafiə Nazirliyinin fəaliyyət planının ardıcıl icrası ordu və donanmanın daha da inkişaf etdirilməsi, onların müasir hərbi texnika ilə təmin edilməsinə yönəlib. “Bundan başqa, yeni döyüş üsullarının tətbiqi qoşunları müasir silahlı qarşıdurma şəraitinə daha yaxşı uyğunlaşdırmağa imkan verəcək”, - deyə nazir əlavə edib.

 

ÇİNDƏ AY YARIMA “COVID-19”A 500 MİNƏ YAXIN YOLUXMA QEYDƏ ALINIB

Martın 1-dən aprelin 18-dək Çində 497 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. “Trend” agentliyinin məlumatına görə, bunu ölkənin Gigiyena və Səhiyyə Dövlət Komitəsinin nümayəndəsi bildirib.

Verilən xəbərə əsasən, komitə rəsmisinin sözlərinə görə, koronavirusa yoluxma Çinin Tibet Muxtar Rayonu istisna olmaqla 31 əyalətin hər birində yayılıb.

Eyni zamanda, qeyd olunur ki, yaxın zamanlarda ölkədə epidemik vəziyyətin sabitləşməsi gözlənilir.

Çinli rəsmi həmçinin bildirib ki, yaxın zamanlarda yaşlı insanların vaksinasiya prosesinin sürətləndirilməsi planlaşdırılır.

Xatırladaq ki, martın əvvəlindən Çində koronavirusa yoluxma artdığı üçün bəzi şəhərlərdə, o cümlədən Şanxayda sərt qapanma tətbiq edilib. Bununla belə, yoluxanların böyük əksəriyyəti xəstəliyi simptomsuz keçirir.

 

CAR-DA TƏBİİ FƏLAKƏTİN FƏSADLARI

Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində baş verən daşqınlar ölkədə ciddi fəsadlara yol açıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa vurğulayıb.

Kvazul-Natal əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb. Daha 63 nəfər itkin düşmüş hesab edilir. Ən çox ölüm halı (350-dən çox) inzibati mərkəzi Durban şəhəri olan İtekvini bələdiyyə rayonunda təsdiqlənib.

Məlumata əsasən, 30 mindən çox sakin daşqınlardan zərər çəkib. Bildirilir ki, daşqınlardan əziyyət çəkən Kvazulu-Natal əyalətinə 10 min hərbçi göndəriləcək. Əyalətdə 4 mindən artıq inzibati bina və ev tamamilə dağılıb. Bir çox avtomobil və dəmir yolları su altında qalıb, onlarca körpü uçub.

Eyni zamanda, qeyd olunur ki, əksər ərazilərdə hələ də elektrik enerjisi, mobil rabitə və içməli su yoxdur. Yüzlərlə məktəbdə təhsil dayandırılıb, bir çox mağaza və bank filialları işləmir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.