Sağlam həyat
Maraqlı

Sağlam həyat

Qan qrupuna görə necə qidalanmalıyıq?

Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır.  Sağlam olmaq üçün isə ilk  növbədə düzgün qidalanmaq əsas amillərdən biridir. Lakin bəzən nə qədər  düzgün qidalanmağa  çalışsaq da, buna nail ola bilmirik. Bu isə daha çox orqanizmimizə  hansı qidanın faydalı və yaxud zərərli olub-olmaması barədə məlumatımızın kasadlığından  irəli gəlir. Elə bu səbəblə də  alimlər sağlamlığımızı qorumaq üçün  qan qrupuna görə qidalanmağı tövsiyə edirlər. Bəs bilirsinizmi hansı qan qrupu necə qidalanmalıdır?

Mütəxəssislər 4 qan qrupuna görə faydalı, zərərli və neytral qidaların siyahısını tərtib ediblər.

I (O) qan qrupundan olanlara noxud,  yaşıl lobya, acı bibər (qırmızı), brokkoli,  kələm, quru soğan, mal, qoyun, toyuq ətinin faydalı, yaşıl bibər, bütün göbələk və şoraba növləri, dəniz məhsullarının zərərli, şüyüd, pomidor, cəfəri, yerkökü, balqabaq, çuğundur, badımcan, sarımsaq, keçi ətinin isə neytral olduğu bildirilib.

II (A) qan qrupunu daşıyanlara brokkoli, ənginar, yerkökü, ispanaq, kələm, quru soğan, sarımsaq, yalnız şampinyon göbələyinin faydalı,  qırmızı acı bibər, bolqar bibəri, pomidor, badımcan,  şorabalar, qoyun, dana, keçi ətinin zərərli, paxlalılar, dəniz məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, balqabaq, gül kələmi, çuğundur, quş ətinin isə neytral olduğu qeyd edilib.

III (B) qan qrupunun nümayəndələrinə yerkökü, çuğundur, kələm, çili, yaşıl bibər, badımcan, qoyun, keçi və dovşan ətinin faydalı, pomidor, quş əti və dəniz məhsullarının zərərli, paxlalılar, göyərti, balqabaq, quru soğan,  sarımsaq, bütün göbələk növləri və duza qoyulmuş məhsulların  isə neytral olduğu haqda məlumat verilib.

IV (AB) qan qrupuna sahib insanlara isə brokkoli, gül kələmi, çuğundur, badımcan, sarımsaq, yalnız qoyun əti  və hinduşkanın xeyirli, qırmızı acı bibər, şorabalar, toyuq, bildirçin, qaz, mal əti, dəniz məhsullarının zərərli, paxlalılar, pomidor, cəfəri, yerkökü, quru soğan və keçi ətinin isə  neytral olduğu vurğulanıb.

Qeyd edək ki, bütün bunlar  ümumi məlumatları ehtiva edir və bu, qidalanma vərdişlərinə görə dəyişə bilər.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

 

Xurma seçərkən diqqətli olun

Müqəddəs Ramazan ayı deyəndə qidalardan ilk  yada düşən xurma olur.  Xüsusilə iftar süfrələrinin bəzəyi olan bu meyvə sağlamlığa faydalarına görə   daha çox   seçilir.  Lakin bir çox müxtəlif növləri olan xurmanın çeşid zənginliyi   insanlar arasında çaşqınlığa səbəb olur. Elə bu səbəbdən də, daha çox üstünlük verilən bu meyvənin düzgün  seçilməsi sağlamlıq baxımından əhəmiyyətlidir. Son zamanlar bəzi qida saxtakarları tərəfindən satışa çıxarılan bu məhsulun zərərləri ortaya çıxıb. Söhbət şəkər siropuna batırılmış  xurmalardan gedir...

Qida mütəxəssisləri adətən qlükoza şərbəti ilə emal edilmiş xurmaların  təhlükəli xəstəliklərə səbəb ola biləcəyini söyləyirlər. Parlaq görünüşə,  yumşaq  və yapışqan konsistensiyaya malik bu məhsulların qanda şəkərin səviyyəsini artıraraq ciddi problemlərə yol aça biləcəyi bildirilir. Xüsusilə şəkər istehlakının məhdudlaşdırıldığı hallarda,  şəkərli diabet,  insulinə qarşı müqaviməti olan və xüsusi müalicə alan insanların bu məhsulları satın alarkən diqqətli olmaları tövsiyə edilir.

Mütəxəssislər balanslı və adekvat qidalanmanın qanda qlükoza səviyyəsinin tənzimlənməsində ciddi rol oynadığını bildirirlər. Onlar  qidanın glisemik indeksinin (GI)  qanda qlükoza səviyyəsinin artması ilə ifraz olunan insulin hormonunun normal səviyyəyə düşməsi arasında əlaqə olduğunu söyləyirlər. Bu baxımdan istehlakçının maarifləndirilməsi məqsədilə xurmanın tərkibində qlükoza siropunun mövcudluğu barədə məlumatın  məhsulun qablaşdırıldığı  paketin üzərinə  daxil edilməsinin vacib olduğu bildirilib.

Qida mütəxəssisləri parlaq olmayan, tutqun görünüşə malik  xurma sortlarına üstünlük verməyin vacib olduğunu qeyd ediblər. Həmçinin açıq şəraitdə satışa çıxarılan məhsulların gigiyena və sağlamlıq baxımından ciddi risklər yarada biləcəyini vurğulayıblar.  Bu səbəbdən də  qablaşdırılmış  qidaların seçilməsi həm istehlakçının sağlamlığı, həm də saxtakarlığın qarşısının alınmasında  böyük önəm kəsb edir.

 

Ürəyə zərər verən vərdişlər

Elm adamları son illər  bütün dünyada geniş vüsət alan və ölümə səbəb olan xəstəliklər arasında birinci yeri tutan ürək-damar xəstəliklərinin bilavasitə həyat tərzi ilə bağlı olduğunu bildiriblər. Alimlər ürək-damar xəstəliklərinə yol açan  zərərli vərdişlərdən imtina etməklə bu problemdən qaynaqlanan  ölümlərin yüzdə 80 faizinin qarşısının alına biləcəyini söyləyirlər. Belə ki, ürək  sağlamlığına mənfi təsir edən 9 yanlış vərdişin adları açıqlanıb.

Mütəxəssislər ən başlıca səbəb kimi gün ərzində yeddi-səkkiz saatdan az yatmağın bədəndə stress yaratmaqla  ürək xəstəliklərinə yol açdığını bildirirlər.  Müntəzəm olaraq dörd, beş, altı saat yatan insanlarda şəkərli diabet, hipertoniya və piylənmə riskinin artdığı qeyd edilib. Yuxu çatışmazlığının aşağı dərəcəli iltihaba səbəb ola biləcəyinə dair sübutlar da var.

Digər bir səbəb isə diş və diş ətinin sağlamlığına laqeyd yanaşmadır. Belə ki, elmi tədqiqatlar  müalicə olunmayan diş əti xəstəliyinin qan damarlarının daxili təbəqəsində disfunksiyaya səbəb olaraq koronar arteriya xəstəliyinə gətirib çıxardığını göstərir.

Mütəxəssislər başqa bir səbəbin  duz istehlakından qaynaqlandığını söyləyirlər. Ümumdünya Səhiyyə Təşkilatı gündə maksimum 5 qram duz, yəni 1 çay qaşığı duz qəbul etməyi tövsiyə edir. Halbuki, insanların böyük  bir qisminin gündəlik  duz istehlakı bu miqdardan  xeyli yuxarıdır.

Ürək-damar xəstəliklərinə yol açan başqa bir amilin isə  hərəkətsizliklə əlaqəli olduğu qeyd edilib. Gələcəkdə belə bir problemlə üzləşməmək üçün  həftə ərzində  150 dəqiqə idman edilməsi tövsiyə olunur. Bu isə həftənin 5 günü ərzində hər gün 30 dəqiqə idman etmək deməkdir.

Doymuş yağlar (kərə və heyvan mənşəli yağlar) və bilavasitə qırmızı ət məhsullarının  həddindən artıq istehlakı ürək-damar xəstəliklərinə yol açan böyük risk faktorlarından biridir. Bundan əlavə, qazlı və şəkərli içkilərin qəbulu da həmçinin bu problemə səbəb ola bilər. Qazlı içkilərin tərkibindəki həddindən artıq natriumun qan təzyiqinin nəzarətdən çıxmasına səbəb ola biləcəyi qeyd edilib. Həmçinin yüksək  miqdarda şəkər ehtiva edən içkilərin həddindən artıq istehlakı insulin müqavimətinə səbəb olaraq ürək-damar xəstəliklərinə yol aça  biləcəyi vurğulanıb.

Digər səbəblərdən biri kimi tütün məhsullarının istifadəsi göstərilir. Statistik hesablamalara görə, siqaret çəkənlərdə ürək xəstəliyi riski çəkməyənlərə nisbətən 2-5 dəfə yüksəkdir. Uzun illər siqaret çəkmək ömür müddətini orta hesabla 10-12 il azaldır. Mütəxəssislər bu zərərli vərdişdən uzaq durmağın heç bir zaman gec olmadığını deyirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".