DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİNDƏN ABŞ-A RUSİYA İLƏ BAĞLI XƏBƏRDARLIQ

“ABŞ hökuməti Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Rusiya-Çin münasibətlərini korlamaq cəhdlərini dayandırmalıdır”. “Teleqraf.com” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan bildirib.

“Vaşinqton Ukrayna böhranı fonunda davamlı olaraq yalan məlumatlar yayır, bir çox yollarla Çinin simasını ləkələməyə, Çin və Rusiya arasında münasibətləri pozmağa çalışır. Biz heç kimə meydan oxumaqda maraqlı deyilik”, - deyə XİN rəsmisi vurğulayıb.

Eyni zamanda, Çjao Litszyan ABŞ hökumətini müxtəlif ölkələr arasındakı münasibətləri pozmaq cəhdlərindən əl çəkməyə çağırıb. O bildirib ki, beynəlxalq məsələlərdə ikili standartlara, təhriflərə, təzyiqlərə və təhdidlərə yer yoxdur və Çin həmişə buna qarşı çıxıb.

Çin rəsmisinin sözlərinə görə, Pekin Ukrayna ətrafındakı böhranın sülh yolu ilə həllini dəstəkləyir və onun mövqeyinin təhrif edilməsinə və ya ləkələnməsinə imkan verməyəcək.

 

UKRAYNADA MÜHASİRƏDƏ QALAN SAKİNLƏR ACLIQLA ÜZLƏŞİB

BMT-nin Dünya Ərzaq Proqramı Ukraynada Rusiya ordusunun mühasirəsində olan şəhərlərin əhalisini acından ölməkdən xilas etmək üçün oraya getmək imkanı yaratmağa çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, qurumun icraçı direktoru Devid Besli bildirib ki, müharibə başlayandan indiyədək Ukraynada 1,4 milyon sakinə ərzaq yardımları çatdırılıb.

İcraçı direktorun sözlərinə görə, aprelin sonunadək bu rəqəmin 2,3 milyona çatdırılması hədəflənir. Lakin o bildirib ki, bunun üçün ən təhlükəli bölgələrə, xüsusilə də həftələrdir Rusiya ordusunun mühasirəsində olan və hələ 100 mindən çox əhalinin qaldığı ehtimal olunan Mariupol şəhərinə gedib çıxmaq vacibdir.

Məlumata əsasən, təşkilat Ukraynada mühasirədə qalan sakinlərin aclıqla üzləşməsindən narahatdır.

Bununla yanaşı, müharibə nəticəsində Ukraynada 7 milyondan çox əhalinin məcburi köçkünə çevrilməsi də ərzaq təchizatını çətinləşdirir. Təşkilat həmin məcburi köçkünlərdən 60 faizinin ərzaq tapa bilməyəcəklərindən narahatdır.

 

İRANDA TOZLU HAVA ÜRƏK VƏ AĞCİYƏR XƏSTƏLİKLƏRİNİ ARTIRIB

İranın səhiyyə nazirinin müavini, iqlim dəyişikliyi və havanın sağlamlığı şöbəsinin müdiri Abbas Şahsevəni əhalinin sağlamlığının təhlükədə olması ilə bağlı xəbərdarlıq edib. “APA”nın xəbərinə görə, nazir müavini bildirib ki, son günlər xəstəxanalara ürək və ağciyər xəstəlikləri üzrə müraciətlərin sayı 30 faiz artıb.

Abbas Şahsevəni qeyd edib ki, tozlu və çirkli hava şəraitinin davam edəcəyi təqdirdə əhalinin sağlamlığı ciddi təhlükədə olacaq.

Nazir müavini çirkli hava şəraiti ilə bağlı ölkə üzrə hər hansı bir qərarın olmadığını bildirib və vurğulayıb ki, Tehranda hava həddən artıq çirkli olarsa, komitə təşkil olunacaq və qərar qəbul ediləcək.

Qeyd edək ki, son bir neçə gündür İranın müxtəlif şəhərlərində güclü külək havanın tozlu və insan səhhətinə zərərli olmasına şərait yaradıb. Belə hava səbəbindən, paytaxt Tehran və bəzi şəhərlərdə məktəb və dövlət idarələrində tətil elan edilib. Bildirilir ki, tozlu və çirkli hava şəraiti bir neçə gün davam edəcək.

 

CAR-DA TƏBII FƏLAKƏT NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 400-Ə YAXINLAŞIR

Cənubi Afrika Respublikasının şərqindəki Kvazulu-Natal əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 395 nəfərə çatıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə əyalətin Kooperativ İdarəetmə və Ənənəvi Məsələlər üzrə İcraiyyə Şurasının üzvü Sifo Xlomuka bildirib.

Həftənin əvvəlindən ölkənin ən böyük şəhərlərindən biri olan Durban və ətraf rayonları güclü leysan yağışlarına məruz qalıb. Yağıntının səviyyəsi rekord həddə - 300 millimetrə çatıb. Güclü yağışlar həmçinin sel və torpaq sürüşməsinə səbəb olub.

Məlumata əsasən, ən çox qurban Durbanda qeydə alınıb - 355 nəfər. Təbii fəlakət səbəbindən 40,7 mindən çox insan regionu tərk etmək məcburiyyətində qalıb.

Hazırda yerli qurumların təmsilçiləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər, ölənlərin sayı dəqiqləşdirilir.

 

SSRİ İLƏ NASİST ALMANİYASINI BƏRABƏR TUTANLAR HƏBS OLUNACAQ

Rusiya prezidenti Vladimir Putin SSRİ və nasist Almaniyasının İkinci Dünya müharibəsindəki rolunun ictimai şəkildə eyniləşdirilməsinə görə vətəndaşların cərimə edilməsi və ya həbs edilməsi haqqında qanun imzalayıb. “Report”un verdiyi xəbərə görə, qanuna əsasən, ictimai çıxışlar zamanı, eləcə də mediada və internetdə bu barədə məlumat yayanlar məsuliyyətə cəlb olunacaq.

Məlumata görə, fiziki şəxslər üçün iki min rubla qədər cərimə və ya 15 günə qədər inzibati həbs nəzərdə tutulub. Təkrar pozuntu halında isə cərimə beş min rubla qədər artırılacaq. Bildirilir ki, hüquqi şəxslər 50 min rubla qədər cərimə edilə bilər. Təkrar pozuntu halında isə, onlar 90 günə qədər fəaliyyətlərinin dayandırılması ilə üzləşəcəklər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib. Həmin əlavələr 2021-ci il iyulun 1-də V.Putinin imzaladığı “Nasist Almaniyasının məğlub edilməsində SSRİ-nin həlledici rolunu” inkar etməyi qadağan edən federal qanunun pozulmasına görə məsuliyyət yaradır. Bu qanun ictimai çıxış, ictimaiyyətə nümayiş olunan əsərlər, media və internetə də şamil edilir.

 

TÜRKİYƏDƏ ƏMƏLİYYATLAR ZAMANI YÜZLƏRLƏ TERRORÇU ZƏRƏRSİZLƏŞDİRİLİB

Türkiyənin cənub-şərqində “Eren” və “Eren Kış” əməliyyatları zamanı ümumilikdə 339 PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə “Trend” agentliyi Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadən xəbər verib.

Məlumata əsasən, əməliyyat zamanı silahlıların istifadə etdiyi ən azı 1639 mağara, sığınacaq və silah-sursat anbarı məhv edilib.

Terrorçulardan 421 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, 576 silah, 827 əl qumbarası, 3,6 milyon çətənə kolu kökü, 4,6 ton marixuana və 5,9 ton partlayıcı maddə ələ keçirilib.

Eyni zamanda, bildirilir ki, Türkiyə təhlükəsizlik qüvvələri bu ilin yaz və yay aylarında keçiriləcək yeni - “Abluka” antiterror əməliyyatına başlayıblar. Əməliyyat çərçivəsində terrorçulara qarşı 9 mindən artıq reyd keçirilməsi planlaşdırılır.

 

ABŞ RUSİYAYA KÖMƏK EDƏNLƏRİ CƏZALANDIRMAQ NIYYƏTINDƏDIR

ABŞ Rusiyaya sanksiyalardan yan keçməyə kömək edənlər barəsində yeni tədbirlər görəcək. “Report” agentliyinin “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib.

Bununla yanaşı, müşavirin sözlərinə görə, Ağ Ev yaxın günlərdə bu tədbirlər barədə məlumat yayacaq.

“Düşünürəm ki, yaxın bir-iki həftə ərzində Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyə çalışanlar haqqında məlumat alacağıq. Onlar bizim hədəfimizə çevriləcəklər”, - deyə Ceyk Sallivan vurğulayıb.

Məlumata əsasən, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Rusiya ölkənin siyasi rəhbərliyinin razılığı ilə sanksiyaya məruz qalmış malların Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə çalışır. Gürcüstan tərəfi isə bunu təkzib edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.