Dahiləri bir də belə tanıyaq
Maraqlı

Dahiləri bir də belə tanıyaq

Gi de Mopassan

Fransanın sevgi-məhəbbət aşiqi, "Don Juan"ı hesab edilən "Gombul" romanının müəllifi Gi de Mopassanın adı dünyanın ədəbi aləmində rəngarəng sevgilər macəraçısı, qadın qəlbinin gizli incəliklərinin carçısı kimi anılır.

Hələ uşaqkən Mopassan bütün həyatını alt-üst edəcək bir səhnənin şahidi olmuşdu. Balaca Ginin gözləri önündə sonradan onları tamamilə atıb gedən atası anasını vəhşicəsinə əzişdirmişdi. Sonralar: "Mən elə bildim ki, dünyanın axırıdır. Bu mənzərədə mən həyatın elə bir tərs üzünü görmüş oldum ki, o gündən etibarən onun heç bir yaxşı tərəfi mənimçün artıq yox idi!..", - söyləmişdi. Bəlkə də, bütün bunlar idi onun taleyini dəyişdirən əsl səbəb...

Gi de Mopassan daha çox qadınlara düşkünlüyü ilə məşhurdur. Özünün yazdığına görə, 42 illik həyatında 300 qadınla sevgi macərası yaşayıbmış. Qadınları bir əlcək kimi dəyişən yazarın özü belə deyərmiş: "Mən həyatda yalnız bir qadını sevmişəm. O da gerçəklikdə mövcud deyil". Bəs qadınlardan belə qisas almasının səbəbi nə idi? Nədən belə qəddarlığa yol verməsi ilə bağlı müxtəlif versiyalar səslənir. Dərinliyə getsək, bunu ya qisasla, ya da hansısa psixi xəstəliklə əlaqələndirmək olar. Qisas barədə ehtimal onun gənclik illərində baş verən hadisə ilə bağlıdır. Hələ gənc ikən bir parisli xanıma vurulan, bu sevgisini nəzmə çəkib həmin xanıma göndərən və axşamtərəfi böyük inam və ümidlə o gözəlin evinə yollanan Mopassan bağçaya yaxınlaşarkən nə görsə yaxşıdır? Həmin xanım şeiri ətrafındakılara istehza ilə oxuyurdu! Mopassan həmin o istehzanı ömrü boyu bütün qadınlara bağışlaya bilmədi...

Maddi durumu get-gedə yaxşılaşan yazar o qədər varlanır ki, artıq imarətlərindən bezib sadə evdə yaşamağı üstün bilir. Parisin dar küçələrini və kasıb məhəllələrində gəzməyi sevən Mopassan kənardan bütün şəhəri seyr etmək üçün hər gün Eyfel qülləsində nahar edərdi. Deyilənlərə görə, bu, həm də onun həmin qülləyə olan nifrəti ilə əlaqəli imiş. Mopassan tək orada oturub nahar edəndə özünün dediyi kimi o "iyrənc abidəni" görmürdü.

Səhərdən axşamacan fasiləsiz çalışardı. Deyirlər, elə bu cür gərgin iş rejimi çıxıb Mopassanın axırına. Bioqraflarının hesablamalarına görə, o, tək bir ildə 1500 çap vərəqi həcmində yazı işləmişdi ki, bu da, Balzak, Dikkens, hətta Düma-atanı da kölgədə qoyur.

"Mən ədəbiyyata meteor kimi daxil olmuşam, gedəndə isə ildırım kimi gedəcəyəm!", - deyərdi ədib.

Amma başqa cür getdi Mopassan. Həyatı boyu hipoxondriyadan əziyyət çəkən məşhur yazıçı xəstəliyi irəlilədikcə ruh düşkünlüyünə qapılırdı və ağlını itirməkdən qorxurdu. O artıq faciəvi sonluqdan başqa heç nə görmürdü.

Əsəb tutması vəziyyətində o, iki dəfə intihara cəhd edib, birinci dəfə tapança ilə, ikinci dəfə bıçaqla. Hər iki cəhdi uğursuz olub. Sonradan klinikaya yerləşdirilən dahi ömrünün son günlərinə qədər orada yarıhuşsuz vəziyyətdə yaşayır. Gözlərinə qaranlıq çökən yazarın son kəlmələri də belə olur: "Ah, qaranlıq, qaranlıq"...

 

Epikür

Nə qədər qəribə olsa da, tarix boyu şən insanlar çox az olub. Əsas da filosoflar, komediya ustaları ən çox bədbəxtlikləri ilə yadda qalıblar. Amma Epikür onlar kimi deyil, tamam fərqlidir. Daha çox dəbdəbəli yaşamış baş rahibin acgöz və şorgöz bir filosof kimi tanınması necə də acınacaqlıdı...

Amma o, heç də elə biri deyildi. Ziyafətlərdən qaçan, arpa çörəyi və meyvəylə qidalanan, pendiri də yalnız hansısa şənlik günündə nəzakət xatirinə yeyən Epikür şagirdlərini də əyləncələrdən uzaq tutardı.

Bəs onun belə biri olaraq tanınmasının səbəbi nə idi? Əslində, şanssızlığı Platonun Akademiyası zamanı və Stoaçılarla (qədim dövrün fəlsəfə məktəbi) eyni dövrdə yaşaması idi, o vaxtdan üstünə atılan palçıq sonralar da təmizlənmədi. Adına yaxılan qara ləkə məktəb açması ilə başlayıb əslində. Dahi filosof geniş bağçalı bir ev alıb, öz məktəbini qurmuşdu. Məktəbin girişində də bu yazı yazılmışdı: "Burada qalmağın səninçün yaxşıdır, buradakı ən böyük qazancımız həzzdir". Və bu yazı bütün dedi-qoduların yaranmasına kifayət idi.

Epikürün Xoşbəxtlik Məktəbi açdığını biləndə bir çoxları əsl şok yaşamışdı. İnsanlar o məktəbdə baş verənlər haqqında çoxlu ağlasığmaz, heyrət doğuran əhvalatlar danışırdılar. Epikürlə arası olmayanlar isə məktəbin nüfuzuna zərbə vuran məlumatlar yayaraq, hətta onu əxlaqsızlıqda da suçlayırdılar.

Ancaq bu kimi assosiyasiyaların heç bir əsası yox idi. Epikür doğrudan da xoşbəxtlik və həzz mövzularına fokuslanmışdı, amma onun bahalı yeməklərə və kef məclislərinə marağı yox idi. Cəmi iki dəyişik paltarı olan Epikür insanın xoşbəxtliyini tamamilə başqa şeylərdə görürdü. Böyük bir səbirlə xoşbəxtlik haqqında düşünən və yazan Epikür onun sirləri ilə əlaqəli diqqətəlayiq, inqilabi nəticələrə gəlib çıxdı. Bu fikirlər o dövrdə olduğu kimi, bu dövr üçün də aktualdır. 

Əslində Epikürün həzz anlayışı tamamilə fərqliydi. Bu açıqca "bədəndə acının və ruhda sıxıntının yoxluğu", yəni "ataraksia" (hüzur) mənasını daşıyır. Və bu hüzura içki, ləzzətli yeməklər və ya bəzi əyləncələrlə deyil, ağılla çata biləcəyini söyləyirdi.

Epikürün yaxşı yaşamaq anlayışı da tam fərqli idi: "Ağıllı, şərəfli və ədalətli olmadan xoş bir həyat yaşamaq imkansızdır. Eyni zamanda xoş bir həyat yaşamadan da ağıllı, şərəfli və ədalətli olmaq imkansızdır", - deyərdi. İnsanın əsas ehtiyacının nə olduğu soruşulanda çoxumuz su, qida, istilik, ev desək də o, yalnız bir neçə şey üzərində qərarlı idi: Sərbəstlik, düşüncə və dostluq. "Hüzurlu yaşamda payı olan şeylər içində heç biri dostluqdan önəmli deyil. Yeməyin və içdiyin şərabın söhbətdə payı olduğu üçün insana xoş gələr. Bir dost olmadan yeyib-içmək yalnız aslana, qurda yaraşan bir yaşamdır", - deyərək belə əlavə etmişdir: "Otdan bir döşəkdə qorxusuz yatmaq, mükəmməl bir süfrədə dərdlərlə dolu olmaqdan yaxşıdır".

Yaxşılıq etməyi çox sevən biri olduğu üçün hər kəsin rəğbətini qazanmışdı dahi filosof. Bunun səbəbi isə onun kölələr və qadınlar üçün bərabər hüquqluluğu müdafiə etməsi və hər kəsə pulsuz dərs təklif etməsi idi.

Onun həyatı haqqında o qədər də çox məlumat yoxdur, səbəbi yəqin ki, "gözdən iraq yaşam"ı ilə bağlıdır: dost əhatəsində qalmaq, evlənməmək, diqqət mərkəzində olmaqdan qaçmaq. Epikürün müşahidələrinə əsasən, xoşbəxtlik və sevgi (evlilik) demək olar, heç zaman uyuşmur. Sevgidə həddən artıq qısqanclıq, qarşılıqlı anlaşılmazlıq və ağrı-acılar var. Bu səbəbdən Epikür sevgiyə çox da inanmamağı tövsiyə edirdi.

 

Mahatma Qandi

"Hindistan Müstəqillik Hərəkatının" qabaqcıl lideri və "Millətin atası" kimi tanınan Mahatma Qandi XX əsrin əsas fəallarından biridir. Qeyri-zorakı hərəkətləri və aclıq aksiyaları ilə İngiltərəyə istədiyini qəbul etdirən liderin maraqlı xüsusiyyətlərə malik olması da gözləniləndi...

İlk baxışdan cırıq-sökük paltarı və həmişə ayaqyalın gəzməsi ilə "dilənçi" təəssüratı yaradan Qandi bununla hər kəsə bir hindli adət-ənənələrindən çıxmadan dünyagörüşlü bir centlmen ola biləcəyini sübut etməyə çalışırdı.

Özünəməxsus qəribəliklərlə dolu olan bu liderin fərqli bir həyat tərzinin içərisinə qidalanma rejimi də daxil idi. Qandi həm vegetarianlığı, həm də 21 günlük orucları ilə məşhur olsa da, onun qeyri-adi yemək vərdişləri bununla bitmir. Həyatı boyu yalnız az miqdarda qoz-fındıq, taxıl, meyvə və tərəvəz yeməklə kifayətlənirdi məşhur lider. Nəhayət, bir gün səhhəti pisləşəndə həkimlər onu heç olmasa bir az süd içməyə razı sala bilir, lakin Qandi yalnız keçi südü içməyə razı olur. O, hətta içdiyi südün həm təzə, həm də əsl keçidən olduğuna əmin olmaq üçün keçini yanında gəzdirirdi. Bütün bu pəhriz məhdudiyyətlərinin əsas səbəbi daim gümrah və cavan qala bilmək istəyi idi.

Qan tökmədən inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi özü də müqəddəs deyildi. Qadınlar, zəncilər və aşağı kasta nümayəndələri ilə bağlı Qandinin maraqlı fikirləri vardı. Hamının kübar, xoşxasiyyət kimi tanıdığı Qandi qəribə tərəfləri ilə seçilirdi. Belə ki, Qandi zənciləri insan yerinə qoymurdu. Onlardan xoşu gəlmirdi, zəncilər haqqında danışanda ağzından söyüş düşmürdü.

Qadınlar haqqında düşüncələri də elə zəncilərə olan qəzəbinə bənzəyir. Qandinin əməlli-başlı qadın düşməni olduğu deyilir. Hindistanın gələcək lideri düşünürdü ki, qadınlar təcavüzə təslim olduqları an insanlıqlarını itirirlər.

Qandiyə görə kişilər istəklərinə nəzarət edə bilməyən varlıqlardı. Və bu istəkləri yaradan hər bir qadın günahkardır.

Bu fikirlərinin mayası bəlkə də arvadı haqqında olan düşüncələrindən qaynaqlanırdı. Xəstə vaxtı başında pərvanə olan və onu həyata qaytaran qadın haqda Qandi belə düşünürdü: "Onun üzünə baxa bilmirəm. Dözülməzdi. Üz ifadəsi itaətkar inəyi xatırladır".

Deyilənə görə, arvadının ölümündə də günahkar elə özü olub. Xəstə yatağına düşən həyat yoldaşına yad maddə adlandırdığı pensilinin vurulmasına razı olmayıb. Çox az bir müddət sonra qadının halı pisləşir və dünyasını dəyişir. Və bundan az sonra Qandi özü malyariyaya yoluxur. Lakin bu dəfə o, həkimlərin ona pensilin iynəsi vurmasına icazə verməklə həyatını xilas edir. Belə yerdə deyirlər "can şirin şeydi"...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".