Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib
Siyasət

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib

Aprelin 12-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2022-ci ilin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa başlamazdan əvvəl S.Qafarova bildirib ki, o, bu ilin əvvəlində aprel ayından başlayaraq hər ay Milli Məclisin komitə iclaslarından birinin Şuşa şəhərində keçiriləcəyini komitə sədrlərinin diqqətinə çatdırmışdı. İlk belə tədbir aprelin 8-də baş tutub və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası Şuşada təşkil edilib.

Azərbaycanın parlamentarizm tarixində həmişəlik qalacaq bu hadisə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfərin yaratdığı yeni reallığın təzahürlərindən biridir.

Milli Məclisin sədri onu da vurğulayıb ki, parlamentin komitə iclaslarının Şuşa şəhərində keçirilməsi Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilmiş "Şuşa İli"nə töhfə vermək niyyəti ilə bağlı olub. "Qarabağ Azərbaycandır!" həqiqətini bir daha təsdiq edir. S.Qafarova qeyd edib ki, Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki artıq tərtib olunub və komitə sədrlərinə təqdim ediləcək. Parlamentin bu təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyi bildirilib.

İclasda cari məsələlərin müzakirəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Sabir Rüstəmxanlı, Sahib Alıyev, Hikmət Məmmədov, İlham Məmmədov, Nigar Arpadarai, Aqiyə Naxçıvanlı, Fəzail Ağamalı, Razi Nurullayev, Fazil Mustafa çıxış ediblər.

Çıxış edənlər 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının İlham Əliyevi növbəti dəfə prezident seçməsindən ötən müddətdə ölkədə gedən inkişaf proseslərinə nəzər salıblar, bu müddətdə Azərbaycanın iqtisadi-siyasi həyatında baş verən mühüm nailiyyətləri qeyd ediblər. Deputatlar ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasını uğurla inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi dövrünü Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, iqtisadi və hərbi qüdrətinin güclənməsi, beynəlxalq aləmdə nüfuzunun artması dövrü kimi xarakterizə ediblər.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı Zəfər son iki yüz illik dövlətçilik tariximizin ən böyük təntənəsi, milli maraqlara və bəşəri dəyərlərə söykənən dövlət siyasətinin, müdrik rəhbərliyin məntiqi qalibiyyətidir.

Cari məsələlərin müzakirəsində deputatlar, həmçinin gündəmdə olan bir sıra mövzulara dair fikirlərini açıqlayıblar, seçiciləri düşündürən məsələləri diqqətə çatdırıblar.

Sonra parlament gündəlikdəki məsələlərin müzakirəsinə keçib. İclasın gündəliyi barədə məlumat verən Milli Məclisin sədri bildirib ki, müzakirəyə 6 məsələ çıxarılıb və 1-ci və 2-ci məsələlər Milli Məclisin qərar layihələridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinin 15-ci bəndinə uyğun olaraq Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Dövlətimizin başçısı tərəfindən Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Milli Məclisə müvafiq təqdimatlar göndərilib və parlament müvafiq qərar layihələri hazırlayıb.

Sahibə Qafarova gündəliyin birinci məsələsinin Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi olduğunu bildirib.

Məsələ ilə bağlı məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə daxil olan Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad olunması haqqında təqdimat İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib, komitə təqdimata müsbət rəy verib.

Qərar layihəsi səsə qoyulub və qəbul edilib.

Gündəliyin ikinci məsələsi olan Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi barədə də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə daxil olan Taleh Tahir oğlu Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında daxil olan təqdimat da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib və komitə təqdimata müsbət rəy verib.

Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun da fikirləri dinlənildikdən sonra qərar səsə qoyularaq qəbul edilib.

İclasda iştirak edən Taleh Kazımov Prezident İlham Əliyevə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib və parlamentə onun haqqında təqdimatı dəstəklədiyi üçün təşəkkür edib.

Milli Məclisin sədri Taleh Kazımovu təbrik edərək ona yeni vəzifəsində uğurlar diləyib.

Sahibə Qafarova gündəliyin üçüncü məsələsini təqdim etmək üçün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Məmmədova söz verib.

"Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verən Hikmət Məmmədov bildirib ki, bu beynəlxalq sənəd üç ölkənin xüsusi təyinatlı qüvvələrinin birgə təliminin keçirilməsinin şərtlərini, təlimdə iştirak edənlərin öhdəliklərini özündə ehtiva edir.

Məsələnin baxıldığı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında layihənin əhəmiyyətindən danışıb, sənədin xüsusi təyinatlıların azad etdiyi Şuşa şəhərində keçirilən Milli Məclisin ilk komitə iclasında müzakirə olunmasının da rəmzi məna daşıdığını vurğulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadənin sənəd və onun Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında qəbulu ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin növbəti iki məsələsinin ikinci oxunuşda olan qanun layihələri olduğunu qeyd edən sədr "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxarıb.

Məsələ ilə bağlı məlumat verən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev layihədə ən çox maraq doğuran müddəalar, eləcə də oxunuşlarda deputatların səsləndirdikləri fikirlər haqqında ümumi izahat verib.

Vurğulayıb ki, 9 fəsil 40 maddədən ibarət qanun layihəsinin müddəaları həyat və sağlamlığın qorunmasına xidmət edir. Komitə sədri layihədə terminlərin geniş anlayışının verilməsinin qanunla bağlı mühüm məqamlara aydınlıq gətirdiyini, həmçinin sənəddə qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsi və dövlətin vəzifələrinin aydın şərh edildiyini bildirib.

Tahir Rzayev layihənin qida təhlükəsizliyi sahəsində günün tələbləri ilə uzlaşdığını söyləyib. Qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmənin həyata keçirilməsi, qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti məsələsi qanun layihəsində geniş şərh edilib və mövcud tələblərə uyğun əsaslandırılıb.

Müzakirələrdə komitə və komissiya sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, Eldar Quliyev, deputatlar Fazil Mustafa, Tahir Kərimli, Azər Badamov, Vüqar Bayramov, Əli Məsimli, Etibar Əliyev, İlham Məmmədov, Cavid Osmanov, Rauf Əliyev, Fəzail Ağamalı, Sevil Mikayılova çıxış edərək layihə ilə bağlı fikirlərini və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsi olan Cinayət Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib.

O bildirib ki, sənəddə cinayət mühakimə icraatının elektron formada aparılmasını tənzimləyən Cinayət-Prosessual Məcəlləsinin 51-1-ci maddəsinə dəyişiklik edilməsi təklif olunub və oxunuşlarda komitəyə layihədə dəyişiklik edilməsi ilə bağlı heç bir təklif daxil olmayıb.

Bu qanun layihəsi də səsvermədən keçərək ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib.

Bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi kommersiya fəaliyyəti iştirakçısının öz hüququndan sui-istifadə etməklə, xarici valyuta vəsaitlərini xaricdən qaytarmadığı halda dövlətə vurduğu ziyanın miqdarı iyirmi min manatadək olduqda subyektin məsuliyyətini inzibati xəta, həmin məbləğdən yuxarı olduqda cinayət məsuliyyəti kimi müəyyən edib. Nurlan Həsənov vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsindən fərqli olaraq Cinayət Məcəlləsinin 208-ci maddəsinin dispozisiyasının qüvvədə olan redaksiyası bu cinayətin subyekti kimi yalnız təşkilat rəhbərlərini nəzərdə tutduğu üçün digər rezidentlər bu halda cinayət məsuliyyətindən kənarda qalır. Qeyd edilən hüquqi boşluğun aradan qaldırılması məqsədilə Cinayət Məcəlləsinin 208-ci maddəsində müvafiq dəyişikliyin aparılması təklif olunub.

Qanun layihəsi ilə bağlı deputat Əminə Ağazadənin fikirləri də dinlənildikdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

AZƏRTAC