Nəsillərə örnək
Region

Nəsillərə örnək

2020-ci il sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Dinc sakinlər hədəfə alındı, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəydi. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı.

Düşmənin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başlayan Vətən müharibəsi tarixi qələbə ilə başa çatdı. Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Döyüşlərdə yüzlərlə füzulili silaha sarılaraq düşmənin başına od yağdırıb, Vətən torpağının azad edilməsi yolunda şəhid olub, yaralanıb. Həmin igidlərdən biri də Araz Hilalovdur. Cəsur döyüşçü doğma torpaqların işğaldan azad edilməsində canından keçdi, sinəsi ilə Vətənə sipər oldu.

Araz Elburus oğlu Hilalov 1979-cu il aprelin 1-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Orta məktəbdə təhsil alıb, qəlbində düşmənə qarşı qisas baş qaldırıb, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilik, hərbi cinayətlər onu intiqam almağa səsləyib. 1997-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, əsgərliyini layiqincə başa vurub, doğmalarının yanına qayıdıb. Bir müddət mülki işdə çalışsa da torpaqlarımızın işğal altında qalması onu həmişə narahat edib və yenidən müddətli hərbi xidmətə başlayıb. 2014-cü ildə Füzuli rayonundakı "N" saylı hərbi hissədə döyüş qabiliyyətini və peşəkarlığını artırmaq üçün təlimlərdə iştirak edib, komandirlər tərəfindən verilən hərbi tapşırıqları uğurla yerinə yetirib. Arazın xidmət etdiyi bölük 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, düşmənə sarsıdıcı zərbələr vurub. Əsgər və zabitlərin qəhrəmanlığı sayəsində bir sıra strateji yüksəkliklər düşməndən azad edilib.

Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı başlanan döyüş əməliyyatlarında Araz ön sıralarda yer tutub və torpaqlarımızın işğaldan azad edilməsində şücaət göstərib. Füzuli istiqamətində düşmənin müdafiə istehkamlarının yarılmasında igidlik nümayiş etdirib. 2020-ci il oktyabrın 5-də Füzulinin işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşdə qəhrəmanlıqla həlak olub və Bala Bəhmənli kənd qəbiristanlığında dəfn olunub.

Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə kiçik çavuş Araz Hilalov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Araz Hilalovun doğum günündə xatirəsi yad edilib, məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, döyüş yoldaşları, qazilər, veteranlar və kənd sakinləri iştirak edib. Anım mərasimində çıxış edənlər bildiriblər ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti dağları, dərələri, keçilməz sədləri aşaraq Ali Baş Komandan İlham Əliyevin əmrini şərəflə yerinə yetirdi. Müharibədən sonra bütün şəhid ailələri, qazilər dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub, şəhidlərin adı əbədiləşdirilir, onların qəhrəmanlığı dillərdə dastana çevrilib, gələcək nəsillər üçün əsl örnək olacaq.

Salman ALIOĞLU,

"Respublika".