Elmi-texniki   yeniliklər
Maraqlı

Elmi-texniki   yeniliklər

Atdığımız hər tvit planetimizi "ağırlaşdıra" bilər

Porstmouth Universitetinin tədqiqatçısı Melvin Vopson antimaddə partlayışlarına əsaslanan təcrübələri sayəsində milyardlarla WhatsApp söhbəti, saysız-hesabsız SMS, Youtube videoları və tvit kimi rəqəmsal məlumatların müəyyən bir kütləyə sahib olması ilə yanaşı, eyni zamanda da maddənin qəribə vəziyyət ala biləcəyi barədə təəccüblü bir nəzəriyyə irəli sürüb. Fizik belə informasiyaların Yer kürəsinin kütləsinə təsir edə biləcəyini iddia edir.

Keçmişdə aparılan bir sıra tədqiqatlar da rəqəmsal artımın Yer kürəsinin əhəmiyyətli bir hissəsinin dolmasına yol aça biləcəyini göstərir. Hətta bəzi ekspertlər 350 ildən sonra rəqəmsal məlumatların planetimizdəki bütün atomları üstələyəcəyini düşünürlər. Belə bir nəzəriyyə müəyyən şərtlər altında kütləni necə hesablayacağımızı dəyişə bilər. Üstəlik qaranlıq maddənin təbiəti haqqında daha yaxşı təsəvvür yarada biləcək yeni nəzəriyyələrə səbəb olma ehtimalı var. Vopson tərəfindən aparılan təcrübələr də bütün bunları dəstəkləyir.

"Bir elektrondakı məlumat onun kütləsindən 22 milyon dəfə kiçikdir, lakin biz informasiyanın məzmununu yalnız onu silməklə ölçə bilərik. Biz bilirik ki, bir maddə zərrəciyi antimaddə hissəciyi ilə toqquşduqda bir-birini məhv edir. Zərrəcikdəki məlumat məhv olduqdan sonra, onu silməklə informasiyanın məzmununu ölçmək mümkündür", - deyə alim bildirib.

İrəli sürülən nəzəriyyə maraqlı olsa da, hələ ki, mübahisəli mövzu olaraq qalmaqdadır. Ancaq doğru olduğu ortaya çıxarsa, nəticələri həqiqətən çox böyük ola bilər.

İnformasiya "Forschung und Wissen" jurnalında yayımlanıb.

Mikrobları məhv edən "işıq"

COVID-19 -un ortaya çıxması və pandemiyaya çevrilməsi ilə bir çox insanlarda mikroblara qarşı həssaslıq yarandı. Elm adamları yeni bir pandemiyanın başlanmasının qarşısını almaq məqsədilə hərəkətə keçiblər. Hollandiyanın bir İnnovasiya şirkəti qapalı məkanlarda mikrobların 98 faizini məhv edə bilən ultrabənövşəyi işıq hazırlayıb.

Şirkətdən verilən açıqlamada ixtiranın yeni bir pandemiyanın baş verməməsi üçün edildiyi bildirilib. Rotterdamın Studio Roosegaarde İnnovasiya şirkətinin Urban Sun adlı işığı digər ultrabənövşəyi şüalardan tamamilə fərqlənir. Adi bir lampa kimi işləyən işıq yerləşdirildiyi məkanda mikrobları 5 dəqiqə ərzində məhv edə bilir.

Far-UVC texnologiyasından istifadə edilərək inkişaf etdirilən bu yenilik əslində qapalı məkanlar üçün nəzərdə tutulmuşdur. İşığın gözləniləndən daha təsirli olduğu açıqlanıb. Tədqiqatçılar açıqlamalarında onun açıq havada istifadə edilə bilən bir versiyası üzərində çalışdıqlarını bildiriblər.

Əslində adi ultrabənövşəyi (UVC) işıqlar da mikrobları məhv etməkdə kifayət qədər təsirlidir. Lakin bu şüa eyni zamanda insan dərisinə də zərər verə bilir. Urban Sun isə dəriyə zərər vermədən birbaşa mikroblara təsir edir. Laboratoriya sınaqlarında uğurlu nəticələr verən şüanın gələcəkdə fərqli bir virusdan qaynaqlanan, eyni zamanda yeni COVID-19 variantlarına qarşı istifadə edilə biləcəyi iddia edilir. Bundan əlavə, elm adamları dərmanlardan fərqli olaraq zaman keçdikdə ultrabənövşəyi şüaların mikroblara qarşı təsirini itirmədiyini söyləyirlər.

İnformasiya "Nature Communications" jurnalında dərc edilib.

NASA-dan Aya insanlı uçuş planı

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Artemis-3 missiyasından sonra SpaceX ilə rəqabət aparmaq məqsədilə astronavtları Ayın səthinə daşıya biləcək ikinci bir kosmik gəminin hazırlanmasına dəstək verəcəyini açıqlayıb.

"Space.com" veb saytında yer alan xəbərdə 2021-ci ilin aprel ayında NASA-nın Aya insanlı uçuş layihəsi üçün Amerika şirkətləri ilə əməkdaşlıq edəcəyi bildirilib. Qeyd edək ki, İlon Maskın SpaceX şirkəti tərəfindən istehsal olunan raketlərdən biri də Ay missiyası üçün planlaşdırılıb.

NASA-nın administratoru Bill Nelson rəqabətin daha yaxşı və etibarlı nəticələrə gətirib çıxara biləcəyini qeyd edərək: "Bu hər kəsin işinə yarayacaq. Bizim bu səylərimiz NASA və Amerika xalqının xeyrinədir. Rəqabətə söz vermişdim, bu da o" ifadələrini işlədib.

NASA Artemis-1 missiyası adlı sınaq uçuşu ilə Orion kosmik gəmisini Aya doğru göndərəcək. Hər şey planlaşdırıldığı kimi gedərsə, 1972-ci ildə baş tutan Apollon missiyasından sonra ilk dəfə Aya insanlı uçuş layihəsi 2025-ci ildə reallaşa bilər.

"Orion" kosmik gəmisində uçmaq üçün bir qrup astronavta təlim dərsləri keçən NASA, Aya gedəcək ekipaj heyətində kimlərin olacağını hələ ki, açıqlamayıb.

İnsan genomu ilk dəfə tam ardıcıllıqla sıralandı

Amerikalı alimlər 20 ildən sonra nəhayət ki, ilk dəfə olaraq insan genomunun tam bir xəritəsini tərtib ediblər. "Science" jurnalında dərc olunan məqalədə bu nailiyyətin insanlarda xəstəliklərə səbəb olan mutasiya və genetik fərqlər haqqında məlumatların əldə edilməsini asanlaşdıracağı bildirilib.

2003-cü ildən başlanılan İnsan Genomu Layihəsi çərçivəsində önəmli bir addım atılaraq genomun 92 faizi sıralanmışdı. Bu dəfə isə qalan 8 faizi də deşifrə edilərək tam xəritəsi çəkilib. Yeni araşdırma daha əvvəl sıralanmış DNT-də bütöv bir xromosomun 400 hərfini əhatə edir. Tədqiqatçılar hər bir xromosomun iki eyni nüsxəni daşıyan xüsusi hüceyrə xəttindən istifadə edərək bütün genom ardıcıllığını yaradıblar. Bu hüceyrələr digərlərindən az bir fərqlə, iki nüsxə daşıması ilə seçilir. Elm adamları yeni əlavə edilən DNT ardıcıllığının əksəriyyətinin təkrarlanan telommerlərin (xromosomların hər birinin sonundakı uzun uclar) və sentomerlərin (xromosomun orta hissəsi) yaxınlığında yerləşdiyini bildiriblər.

"Belə bir tam məlumata sahib olmaq bizə necə yarandığımızı və digər canlılardan nə ilə fərqləndiyimizi daha yaxşı anlamağımıza imkan verəcək. Nəhayət ki, bu işin öhdəsindən gələ bildik. Bizim üçün bu əlamətdar hadisədir. Tam tərtib etdiyimiz genomun sayəsində insanların genetik dəyişikliyi, xəstəliklər və təkamülü haqqında düşüncə tərzimiz dəyişəcək. Ciddi bir xəstəliklə üzləşən şəxslərin genomunu xəritələşdirməklə onların müalicəsi zamanı bütün variant və məlumatlardan istifadə edə biləcəyik", - deyə Vaşinqton Tibb Universitetinin aparıcı elmi işçisi, araşdırma rəhbəri Evan Eichler bildirib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".