Sağlam həyat
Maraqlı

Sağlam həyat

Zülalların mənimsənilməsində bunlara diqqət edin

Zülallar vücudumuzun ehtiyac duyduğu enerjini təmin edən   “yanacaq” rolunu oynayır. Bədənimizin hər bir hüceyrəsi bu maddə ilə qidalanır. Bu mənada hər gün zülallarla zəngin qidaların qəbulu zəruridir. Bəs gündəlik protein tələbatını ödəmək və ya orqanizmimiz tərəfindən onların  daha yaxşı sorulmasını təmin etmək üçün nələrə diqqət etməliyik?

Zülallar bədənimizdə  hüceyrə, toxuma, əzələ, orqanlar, qan  və immunitet sistemini  tikinti materialları kimi ehtiyac duyduğu amin turşuları ilə təmin edir. Bu baxımdan da orqanizmimizin   proteindən məhrum qalması həzmsizlik, zəifləmiş immunitet sistemi və yorğunluq kimi bir sıra problemlərlə  özünü göstərə bilər. Qida  mütəxəssisləri böyüklərin (19 yaşdan 65 yaşa qədər) gün ərzində bədən çəkisinin hər kiloqramı üçün minimum  0,8 qram protein qəbulunu tövsiyə edirlər. Bu qadınlar üçün təxminən 48 qram, kişilər üçün isə 57 qram proteinə bərabərdir. Fiziki cəhətdən aktiv insanların isə daha çox proteinə ehtiyac duyduqları üçün mütəxəssislər belə insanların gündəlik qida rasionunda  tərkibi zülalla zəngin olan  qidalara daha çox üstünlük vermələrini tövsiyə edirlər. Belə qidalara paxlalı, dənli bitkilər, çərəzlər, tam  taxıllar, balıq, ət, yumurta və süd məhsulları kimi ərzaqlar daxildir. Zülalların daha yaxşı məninmsənilməsi üçün düzgün həzm çox vacibdir. Bunun üçün isə kifayət qədər mədə turşusuna ehtiyac yaranır. Mütəxəssislər bu işdə alma sirkəsinin mükəmməl olduğunu söyləyirlər. Bundan əlavə onlar kivi, ananas kimi meyvələrin tərkibində olan fermentlərin  təbii olaraq zülalların sorulmasını asanlaşdırdığını deyirlər.

Bilavasitə  yeməklərin daha yaxşı həzm olunması və sorulması üçün qidaların yaxşı çeynənilməsi də önəmli amillərdən biridir. Çünki tüpürcəkdə qidaları parçalayan fermentlər olduğu üçün zülalların parçalanmasını təmin edir. Bu işdə kömək edən  digər maddə isə insulindir.  Bütün taxıl məhsulları, düyü kimi karbohidratlarla zəngin qidaların  istehlakı insulin yaradır. Mütəxəssislər  proteinlərin sorulmasına maneəni  antibiotik dərmanların istifadəsində görürlər.

İnformasiya “Apetite” jurnalında dərc edilib.

 

Qəhvəyi, yoxsa ağ yumurta?

İnsanların böyük  bir qismi qəhvəyi rəngdə olan toyuq yumurtalarının ağdan daha təbii olduğuna inanır. Bu daha çox   qəhvəyi düyü və ya qəhvəyi çörək seçimimizə bənzəyir. Bəs bu məntiq yumurta seçimində də keçərlidirmi?

Əvvala, yumurtaların  rəng fərqi genetik faktorlardan qaynaqlanır. Bir çox canlılar kimi toyuqların da fərqli yumurtalar verməsinin səbəbi onların cinsləri ilə əlaqəlidir. Məsələn, ağ Leghorn toyuğunun yumurtası ağ, qızılı rəngli Rhode İsland toyuğunun yumurtası isə qəhvəyi olur. Ümumulikdə  toyuğun saxlanıldığı mühit, qidalanma səviyyəsi və yaş kimi amillər  yumurtanın rənginə təsir edə bilər. Lakin bu faktorlar onun rəngini tamamilə dəyişdirməsə də, müəyyən qədər təsir edir. Əslində bütün yumurtalar rəngindən asılı olmayaraq vitamin, mineral və zülallarla zəngindir. Bununla belə, tədqiqatlar göstərir ki, açıq havada bəslənən toyuqlar qapalı məkandakılara nisbətən 3-4 dəfə çox D vitamini ilə zəngin  yumurta istehsal edir. Alimlər ağ və qəhvəyi yumurtalar arasındakı fərqin onun qabığının çəkisi və möhkəmliyində görürlər.  Sağlam qidaların bazarda  satış qiyməti  daha baha olsa da, qida mütəxəssisləri bunun yumurtanın rənginə aidiyyəti olmadığını söyləyirlər. Hətta qiymət etiketinin səbəbi toyuq cinslərinə qədər gedib çıxır. Belə ki, qəhvəyi yumurta istehsal edən toyuqların tarixən normadan böyük olması  və bununla əlaqəli onların daha  çox qidaya ehtiyac duyması kimi fikirlər  də mövcuddur.

Bu gün istehsal xərcləri təxminən eyni olduğundan, qəhvəyi yumurtalara üstünlük verən istehlakçılar bu məhsul üçün daha çox pul ödəyirlər.

İnformasiya “Bild der Wissenschaft” jurnalında dərc edilib.

 

Süni dadlandırıcılar xərçəngə yol açır

Süni dadlandırıcıların əlavə şəkərin miqdarını və müvafiq koloriləri azaltmaqla bərabər şirinliyi də təmin etdiyi söylənilirdi. Lakin fransalı alimlər bunun heç də belə olmadığını söyləyirlər. Belə ki, “PLOS Medicine” jurnalında yayımlanan xəbərdə Fransa Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutunun tədqiqatçıları süni dadlandırıcıların orqanizmə mənfi təsir edərək xərçəng riskini artırdığını söyləyirlər.

Tərkibində süni dadlandırıcılar olan bir çox qida məhsulları və sərinləşdirici içkilər hər gün milyonlarla insan tərəfindən istehlak edilir. Bununla belə, bu əlavələrin etibarlılığı  hələ də müzakirə mövzusudur. Elm adamları bu məhsulların mümkün konserogenliyini qiymətləndirmək üçün 102.865 nəfərin məlumatlarını təhlil ediblər. Həyat tərzi və sağlamlıqla əlaqəli məlumatlarla bərabər, xərçəng xəstəliyi ilə əlaqəli analiz nümunələrinin nəticələri götürülüb. Həmçinin   respondentlərdə yaş, cins, təhsil, fiziki fəaliyyət, bədən kütləsi indeksi, spirt və siqaret asılılığı kimi bir sıra faktorlar da nəzərə alınıb. Nəticədə böyük miqdarda süni dadlandırıcılardan istifadə edənlərdə xərçəng riskinin daha yüksək olduğu ortaya çıxıb. Daha çox döş xərçəngi və piylənmə ilə əlaqəli xərçənglərdə yüksək risklər müşahidə edilib.

“Tapıntılarımız qida və içkilərdə şəkərə təhlükəsiz aletrnativ kimi süni dadlandırıcıların istifadəsini dəstəkləmir. Araşdırma zamanı dünyanın bir çox qida və içki markalarında olan süni dadlandırıcıların xərçəng riskini artırdığını göstərir.   Qida əlavələri ilə bağlı bu tapıntını  yenidən qiymətləndirmək isə  səhiyyə təşkilatlarının üzərinə düşür”  –deyə tədqiqat müəlliflərindən biri qeyd edib.

İnformasiya “Forschung and Wissen” jurnalında dərc olunub.

 

Meyvə və tərəvəzlərin rənginə görə faydaları

Sağlam qidalanmanın əvəzolunmaz hissəsi olan meyvə və tərəvəzlərin faydaları onların rənglərinə görə dəyişir. Orqanizmimizin düzgün işləməsi üçün önəmli olan bitkilər tərkibindəki maddələrin zənginliyi baxımından  biri-birindən fərqlənir. Rənglərinə görə onların nəyə daha çox faydalı olub-olmadığını ayırd etmək o qədər də çətin deyil .

Məsələn, adətən qan  təzyiqinin aşağı salınmasında  kaliumla zəngin meyvə və tərəvəzlərin qəbulu  tövsiyə olunur. Şəkər xəstəliyinə meyillilik olduqda isə bu riski aşağı salmaq üçün ağ rəngli meyvə, tərəvəzlərə üstünlük verilməlidir. Ümumiyyətlə  ağ və boz rəngli meyvələr xərçəngin hüceyrələrinin “düşməni” hesab edilir. Banan, armud, kokos, qoz, sarımsaq, göbələk, gül kələmi, ağ qulançar kimi meyvə və tərəvəzlər xüsusilə osteoporoz və bəzi xərçəng növləri ilə mübarizədə faydalı xüsusiyyətə malikdir. Bu bitkilər bol allisin ehtiva etdiyi üçün qan təzyiqinin tarazlaşdırılmasında böyük rol oynayır. Araşdırmalara görə bu rəngli bitkilərin istehlakı insult riskini də azaldır.

Qırmızı rəngli bitkilər daha çox antioksidant “deposudur”. Pomidor, çiyələk, albalı, qarpız, nar, turp, çuğundur, qırmızı bibər kimi  meyvə və tərəvəzlərin tərkibində likopen və karotenoidlər var. Bu maddələrin hər ikisi antioksidant olmaqla yanaşı, sərbəst radikalların inkişafına mane olaraq qan dövranına da müsbət təsir edir. Bilavasitə ürək-damar sisteminə faydalı təsir etməklə yanaşı, xərçəngin inkişafına mane olur. Mütəxəssislər bənövşəyi və mavi rəngli bitkilərin daha çox hüceyrələrin yaşlanmasının qarşısnı aldığını söyləyirlər. Qaragilə, üzüm, qarağat, moruq, badımcan kimi belə bitkilər həmçinin superfood adlandırılır. Alimlər bu bitkilərin tərkibində hüceyrə yaşlanmasının qarşısnı ala biləcək antioksidant maddələrin olduğunu qeyd ediblər. Bu maddələr  eyni zamanda iltihabın da qarşısnı alır.

Yaşıl rəngli bitkilər isə  daha çox  B vitamini ilə zəngindir. Alma, kivi,  ispanaq, xiyar, yaşıl lobya, kələm, avakado, brokoli kimi bitkilərin daha çox  göz sağlamlığına  və ürək-damar xəstəliklərinə müsbət təsir etdiyi bildirilir. Xüsusən tünd yaşıl yarpaqları olan tərəvəzlərin tərkibindəki  antioksidant təsirə malik lutein və zeaksantin piqmentləri gözün torlu qişasını qoruyur.

A vitamini ilə zəngin ərik, ananas, qovun, portağal, manqo, heyva, kök, bolqar  bibəri, balqabaq kimi narıncı və sarı çalarlı bitkilər isə tərkibindəki beta karoten baxımından dərini ultrabənövşəyi  şüalardan qoruyur. Bilavasitə immum sisteminə də müsbət təsir edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.