Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Geni dəyişmiş körpələr yenidən gündəmdə

Üç il əvvəl çinli alimlər doğulmamış körpələrin genetikasına müdaxilə edərək bəzi dəyişikliklər etmişdilər. Elm aləmində böyük əks-səda doğuran bu yenilik sərt tənqidlərə məruz qalmışdı. Körpələrin genetikası ilə oynayan çinli elm adamı He Jinzhou-a qeyri-qanuni olaraq gen redaktə texnologiyasından istifadə etdiyi üçün 3 il həbs cəzası verilmişdi. Qeyd edək ki, sözügedən körpələrə dair edilən araşdırmada onların erkən yaşda ölə biləcəyi iddia edilmişdi.

Lakin o zamandan bəri gen redaktə texnologiyası üzərində o qədər işlər görülüb ki, mütəxəssislər artıq bu texnologiyadan nə vaxtsa "kommersiya" məqsədilə istifadə etmək niyyətindədirlər. Bu isə o deməkdir ki, gələcəkdə belə körpələrin sayı getdikcə arta bilər. Elmi fantastik filmlərdəki kimi genə müdaxilə etməklə kütləvi istehsal tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Çinli alimlər hətta belə körpələrin saxlanması üçün müəssisə yaradılmasını da planlaşdırırlar.

Bu məqsədlə Çin Sosisal Elmlər Akademiyasının alimləri genlərinə müdaxilə edilən "CRİSPR körpələr"ə necə qulluq edilməli olduğuna dair araşdırma aparıblar. Genlərin redaktəsi zamanı xətaların baş verməməsi məqsədilə tədqiqatçılar, genomanların mütəmadi olaraq sıralanmalı olduğunu və mümkün anormallıqların meydana çıxmaması üçün təhlilin vacibliyini söyləyirlər. Onlar bu cür körpələrin təhlükəsizliyini təmin etmək məqsədilə müntəzəm genom monitorinqinin keçirilməsinin ən yaxşı variant olduğunu düşünürlər. "Nature" jurnalına müsahibə verən tədqiqat müəllifi bəzi məqamların hələ ki, sual altında olduğunu bildirib.

Bu təklif kifayət qədər dəstək qazansa da, bəzi mütəxəssislər belə körpələrin gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında müəyyən pozğunluqların ortaya çıxa biləcəyini düşünürlər. Bu məqsədlə mütəxəssislər "xüsusi mühafizəçilərin" daha sıx nəzarətinə ehtiyac yarana biləcəyini də vurğulayıblar.

 

Yad planetləri tapmağı asanlaşdıran kəşf

Elm adamları tərəfindən aparılan yeni bir araşdırma zamanı yer üzündən kənar canlıların axtarışında indiyə qədər istifadə edilənləndən daha fərqli yeni bir universal biokimyəvi quruluşun düsturu kəşf edilib. Tədqiqatın yeni həyat nümunələrinin axtarışına yol açacağı gözlənilir.

Yer kürəsində həyat yüzlərlə kimyəvi komponentin qarşılıqlı təsiri və reaksiyaları nəticəsində əmələ gəlir. Bu birləşmələr və reaksiyaların bəziləri hər bir orqanizmdə olmaqla yer üzündəki bütün canlılar üçün universal bir biokimya yaradır. Bununla belə, bu universallıq anlayışı məlum biokimyaya xasdır və indiyədək müşahidə olunmamış nümunələrlə bağlı proqnozlar verməyə imkan yaratmır.

İndiyə qədər başqa planetdə hər hansı canlının mövcud olub-olmamasını proqnozlaşdıra bilən heç bir vasitə yox idi. Bununla belə elm adamları xüsusi molekullarla bağlı olmayan universal qanunauyğunluqları müəyyən edərək bu məhdudiyyəti aradan qaldırmağa nail olublar.

Araşdırmadan əldə edilən tapıntılar Yerdəki həyatdan fərqli bir biokimyaya malik yadplanetli həyatın xüsusiyyətlərini proqnozlaşdırmaq üçün yeni fürsət yaradır. Mikrob genomları və mikrobiomlar bazasından istifadə edən alimlər bakteriyalar, arxeya və eukaryotların fermentativ tərkibini araşdıraraq Yerin biokimyasının çox hissəsini müəyyən ediblər. Bu yanaşmadan yola çıxan tədqiqat qrupu həyat ağacı boyunca paylaşılan fermentlərin biokimyəvi funksiyasında statistik nümunələri müəyyən etməklə yeni növ universal düstur kəşf ediblər.

Tədqiqatçılar bu kəşfin kainatın istənilən yerində yeni həyat nümunələrinin axtarışına perspektivli yollar aça biləcəyini söyləyirlər.

İnformasiya "Nature Communication" jurnalında dərc edilib.

 

İlon Maskın modern "Titanik"i

Sərvəti ilə dünyanın ən zəngin adamı adını alan, tək bir kəlməsilə dünya gündəmini zəbt etməyi bacaran İlon Mask Tesla, SpaceX və Neurolink şirkətləri ilə cəmiyyəti daha da irəliyə aparmaq niyyətindədir. İnsanları kosmosa aparmağı, beyini kompüterlə birləşdirməyi qarşısına məqsəd qoyan sahibkar indi də dənizlərə əl atıb. O, qısa müddət ərzində ortaya çıxardığı motorlu yaxta layihəsi ilə quruda başlatdığı hərəkatı dənizdə davam etdirməyi hədəfləyir.

Sahibkar Tesla şirkəti adı altında reallaşdırdığı bu layihədə elektrikli avtomobillərin istehsalında əldə etdiyi təcrübələrdən yararlanmaqla yanaşı, həm də ilhamlanıb. Model Y çox fərqli bir layihədir. Hər layihədə sərhədləri aşmağı bacaran İlon Mask bu modellə bağlı araşdırmalara 2017-ci ildən başlayıbmış. Öz-özünə şarj ola bilən motorlu qayıq hindistanlı dizayner Dhruv Prosad tərəfindən hazırlanıb.

40 metr uzunluğunda, son dərəcə sadə və düz bir görünüşə malik olan Model Y ilk özünü şarj edə bilən yaxta olacaq. Model dənizdə əyləncəni sevən lüks həyat tərzinə sahib həvəskarlar üçündür. Yaxta kənardan nəhəng görünsə də, yalnız iki göyərtəsi olacaq. Məqsədi qonaqlarına dənizdə unudulmaz anlar yaşatmaqdır. Yaxtanın interyerində istifadə edilən "dinamik modul mebel sistemi" sayəsində içərisindəki mebellər fərqli bir tərzdə yığılıb-açıla bilir. Məsələn, aşağı göyərtəsində olan iki dəyirmi masa arzu edildikdə uzaqdan idarəetmə ilə oturacaqlara çevrilir.

Modelin texniki tərəfinə gəldikdə isə iki litium batareya yaxtanın elektrik mühərrikini dolduracaq. Batareyalardan birinin enerji mənbəyi günəş, digərininki isə suyun gücü olacaq. Yaxtanın hər iki tərəfindəki qırmızı turbinlər gəminin irəliləməsi ilə dalğaları enerjiyə çevirəcək.

80 knot sürətə çata bildiyi deyilən motorlu yaxtanın dünyanın ən sürətli gəmisi olacağı bildirilir. İddialara görə Teslanın bu çox iddialı yaxtası təxminən 700 milyon dollara başa gələcək.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Qədim yunan yazılarının sirri süni intellektlə çözülüb

Elm adamları qədim yunan yazılarının sirrini açmaq və onları əvvəlki vəziyyətinə qaytarmaq üçün süni intellekt şirkəti DeepMind ilə əməkdaşlıq ediblər. "Nature" jurnalında yayımlanan informasiyaya görə, əməkdaşlıq çərçivəsində yazıları bərpa edə və onların hardan gəldiyini proqnozlaşdıra bilən süni intellektə əsaslanan alqoritm hazırlanıb.

Maşın öyrənmə texnologiyasından istifadə edən "ithaca" adlı sistem eramızdan əvvəl 500-700-cü illər arası yazılmış və fonetik cəhətdən olduqca yaxşı transkripsiya edilmiş 63 min qədim yunan mətni ilə öyrədilib. Yeni sistem mətnlərdəki nümunələri axtarıb riyazi modellərdə kodlamaqla onların tarixini və mənşəyini proqnozlaşdıra bilir. Bu proqram arxeoloqlara qədim mətnləri deşifrə etməklə keçmişi öyrənməyə zəmin yaradır.

Proqramın sınaqdan keçirilməsi üçün layihə qrupu mətnlərdəki bəzi simvolları gizlədərək faktiki yazılarla müqayisə ediblər. Sistem 8000-ə yaxın yazıdan ibarət məlumat dəstini bərpa etməklə 62 faiz uğur qazanıb. Digər bir sınaq zamanı isə bu faiz dərəcəsi daha da yüksələrək 72-ə qalxıb. Həmçinin tarixçilər proqram vasitəsilə Aralıq dənizi bölgəsindən tapılan qədim mətnlərin tam olaraq harada yazıldığını 70 faiz dəqiqliklə proqnozlaşdıra biliblər. Bundan əlavə, alqoritm mətnləri bir neçə 10 il içərisində doğru bir tarixə yerləşdirilib.

Tədqiqatçılar sistemin tarixçilər üçün köməkçi bir vasitə kimi dizayn edildiyini və tək halda çalışmaq üçün isə hələ ki inkişaf etdirilmədiyini bildiriblər.

Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".