DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ VƏ RUSİYA PREZİDENTLƏRİ ARASINDA TELEFON DANIŞIĞI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında aprelin 1-də telefon danışığı baş tutub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilir ki, danışıq əsnasında Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbul görüşlərinin nəticələri müzakirə edilib.

Ərdoğan Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə olan ümidləri artırdığını, dialoqun davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

Vladimir Putin öz növbəsində Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Məlumat üçün qeyd edək ki, martın 31-də Rəcəb Tayyib Ərdoğanla Ukrayna prezidenti Volodimir Zelenski arasında da telefon danışğı olub.

 

BMT-NIN YARDIM KARVANI MARİUPOLA DAXIL OLA BİLMƏYİB

Rusiya-Ukrayna müharibəsi 37-ci gününə girdiyi bir vaxtda BMT karvanı hücumların intensivləşdiyi Mariupol şəhərinə daxil ola bilməyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatından verilən açıqlamada ərzaq, dərman və digər ehtiyacları daşıyan konvoyun Sumi şəhərinə daxil olduğu, lakin mühasirəyə alınan Mariupolun girişinin bağlandığı bildirilib.

Bununla yanaşı, BMT rəsmiləri Rusiya və Ukrayna tərəfləri ilə uzun müddət davam edən danışıqlara və bütün səylərə baxmayaraq yardım karvanlarının şəhərə daxil ola bilməyəcəyini açıqlayıblar.

BMT-nin sözçüsü Stefan Düjarrik müharibənin ən qızğın olduğu bölgələr olan Xerson və Çerniqov şəhərlərinə, eləcə də Mariupola daxil ola bilmədiklərini təsdiqləyib.

Həmçinin bu bölgələrdə minlərlə insanın mühasirədə qaldığını qeyd edən mətbuat katibi bildirib ki, hər iki tərəflə müharibədən ən çox zərər çəkənlərə humanitar yardımın çatdırılması üçün danışıqları davam etdirir.

Ukrayna baş nazirinin müavini İrina Vereçuk açılan humanitar dəhlizlər vasitəsilə martın 31-də Mariupoldan 1500-ə yaxın mülki şəxsin təxliyə edildiyini bildirib.

 

GÜRCÜSTAN HÖKUMƏTI Aİ İLƏ BAĞLI FƏALİYYƏT PLANINI TƏSDİQLƏYİB

Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyası ilə bağlı 2022-ci il üzrə Milli fəaliyyət planı qəbul olunub. “Report”un yerli bürosu xəbər verir ki, sənəd Gürcüstanın Aİ-yə inteqrasiyası üzrə hökumət komissiyasının baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən 61-ci toplantısında təsdiqlənib.

Məlumata əsasən, İclasda Gürcüstanın Aİ-yə üzvlüklə bağlı rəsmi müraciətindən sonra yeni reallıqlar və perspektivlər müzakirə olunub. Qeyd edilib ki, müraciətin təqdim olunmasından sonra Gürcüstan-Aİ münasibətləri yeni mərhələyə keçib və ölkə islahatların rellaşdırılmasını uğurla davam etdirir.

Toplantıda komissiya çərçivəsində Aİ-dən daxil olan sorğu vərəqələrinin icrası ilə bağlı iş üzrə daimi işçi qruplarının yaradılması barədə qərar qəbul olunub. Həmçinin bildirilir ki, Aİ-yə üzv ölkələrlə artıq başlamış fərdi dialoq prosesi fəallaşdırılacaq.

 

ŞRİ-LANKADA İQTİSADİ BÖHRAN HÖKM SÜRÜR

İqtisadi böhran səbəbindən gərginliyin getdikcə artdığı Şri-Lankada yüzlərlə insan prezident Qotabaya Rajapaksanın şəxsi iqamətgahına hücum edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, qəzəbli kütlə martın 31-də gecə saatlarında paytaxt Kolomboda prezidentin evinə soxulmağa çalışarkən, polis gözyaşardıcı qaz tətbiq edib və azı 45 nəfəri saxlayıb.

Verilən xəbərə görə, hadisələrdən sonra şəhərdə komendant saatı elan edilib. Polis bəyan edib ki, nümayişçilər ölkədə anarxiya yaratmağa çalışan mütəşəkkil ekstremistlərdir.

Şri-Lankada gündə 13 saata çatan elektrik kəsintiləri səbəbindən hökumət küçə işıqlarını söndürmək və xəstəxanada təcili olmayan əməliyyatları dayandırmaq kimi bir sıra fövqəladə tədbirlər həyata keçirir. Hazırda 7,3 milyard dollar borcu olan Şri-Lankanın müflislik həddinə yaxınlaşdığı qeyd olunur.

 

KREML: NEFT BAZASININ VURULMASI İLƏ BAĞLI PUTINƏ MƏRUZƏ OLUNUB

Rusiya prezidenti Vladimir Putinə Belqoroddakı neft anbarındakı yanğınla əlaqədar  məruzə olunub. Hazırda regionun yanacaqla fasiləsiz təmin olunması üçün tədbirlər görülür. “APA”nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Mətbuat katibinin sözlərinə görə, Belqorodda baş verənlər, şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmaq kimi qəbul edilə biləcək məsələ deyil.

Eyni zamanda, Kremlin sözçüsü Rusiyanın havada Ukrayna üzərində üstünlüyünün mütləq fakt olduğunu, lakin hüquq-mühafizə orqanlarının bu hadisəyə qiymət verməli olduğunu vurğulayıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin aprelin 1-də Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarına raket zərbələri endirdiyi bildirilir.

 

BU ŞTAMMLARA ARTIQ NADİR HALLARDA RAST GƏLİNİR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “omikron” və “delta” ştammlarını narahatlıq doğuran “hal-hazırda dövriyyədə olan” koronavirus variantları qrupuna, “alfa”, “beta” və “qamma” isə “əvvəllər dövriyyədə olan” ştammlar qrupuna daxil edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə ÜST-ün Cenevrədəki qərargahından bildiriblər.

Qeyd olunub ki, ştammların iki qrupa bölünməsi onunla bağlıdır ki, “alfa”, “beta” və “qamma” ştammlarına indi olduqca nadir hallarda rast gəlinir.

“Son altı ayda narahatlıq doğuran “alfa”, “beta” və “qamma” variantlarının dövriyyəsində əhəmiyyətli azalma müşahidə olunub”, - deyə ÜST-nin baş qərargahı açıqlayıb.

 

BRİTANİYA UKRAYNAYA UZAQMƏNZILLI HHM SİSTEMLƏRİ VERƏCƏK

Böyük Britaniya Ukraynanı uzaqmənzilli hava hücumundan müdafiə sistemləri və artilleriya ilə təmin edəcək. “Report”un verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Nazir qeyd edib ki, ölkə müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı effektiv şəkildə müdafiə olunmaq üçün Ukraynanı daha çox öldürücü silahlarla təmin etməyə razılaşıb.

Məlumata görə, yardıma hava və sahil mühafizə sistemləri, uzaqmənzilli artilleriya, maddi-texniki dəstək daxildir.

“Bugünkü konfrans beynəlxalq ictimaiyyətin Rusiyanın qeyri-qanuni və əsassız müdaxiləsi qarşısında Ukraynanın yanında olmaq əzmini nümayiş etdirir. Biz hərbi dəstəyi artırmaq üçün koordinasiyamızı gücləndiririk”, - deyə Ben Uolles əlavə edib.

 

ABŞ DÜNYA NEFT BAZARINA TƏSİR GÖSTƏRMƏK ISTƏYİR

ABŞ strateji ehtiyatlardan rekord miqdarda neft çıxarmaq qərarının enerji bazarına güclü təsir göstərəcəyini gözləyir. Bu barədə “APA” Rusiya mətbuatına istinadən xəbər verib.

Məlumata əsasən, ABŞ-ın Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hokstin bildirib ki, Vaşinqton artıq bu qərarın nəticələrini qeydə alır və yanacağın qiyməti azalmağa başlayıb.

Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Cozef Bayden altı ay ərzində strateji ehtiyatlarından əlavə gündəlik 1 milyon barrel nefti bazara çıxaracağını açıqlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.