Şükür Həmidov
Sosial həyat

Şükür Həmidov

Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Şükür 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuş və 1990-cı ilə qədər orada təhsil almışdır. Həmin kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verən Şükür 1993-cü ildə oradan məzun olur. Həmin il də sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verərək qəbul olunur və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirir. Motoatıcı ixtisasına yiyələnən Şükür 1995-ci ilin iyun ayında ilk hərbi rütbəsini, leytenant rütbəsini alaraq Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissələrin birində taqım komandiri kimi xidmətə başlayır. Çox keçmir ki, bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə irəli çəkilir. Bir müddətdən sonra ona daha bir məsul vəzifə verilir. "N" saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilir. Sonra komandir vəzifəsində işləyir. Orada mayor hərbi rütbəsinə qədər yüksəlir. Şükür xidmət edə-edə təhsilini artırmağı da unutmur. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını uğurla başa vurur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərən Şükür 2016-cı ildə Lələtəpə yüksəkliyini fəth edən zabitlərdəndir. O zabitlərdən ki, əsgəri ilə çiyin-çiyinə qanlı döyüş meydanına atılaraq ölümün gözünə dik baxıb. Özünün təbirincə desək, Lələtəpə romantikasını Azərbaycan əsgərinin qarşısından silahını ataraq qaçan düşmən zabitini görmə həzzini yaşayıb. Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Azərbaycan Prezidenti İlham Əliyevin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 2019-cu il fevralın 26-da Nizami Kino Mərkəzində Şükür Həmidovun döyüş yoluna həsr olunan "Aprel yüksəkliyi" sənədli filmi təqdim olunub. Filmi "Salnaməfilm" studiyası lentə alıb. Sənədli filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədovdur.

Şükür sağlığında verdiyi müsahibədə Lələtəpə döyüşlərini belə xatırlayır: "Həmin günlər düşmən öz aləmində gizli tədbirlər həyata keçirirdi. Onlar arxadakı bölmələrini önə çəkirdilər, döyüş təlimləri adına müəyyən qruplaşmalar yaradırdılar, artilleriya, motoatıcı, mexanikləşdirilmiş tank bölmələrini önə gətirib ərazilərdə cəmləşdirirdilər. Təbii ki, bizim bölmələr boş durmayıb qarşı tərəfin bütün hərəkətini müşahidə edirdi. Baş verənləri təhlil etdikdən sonra anlamışdıq ki, düşmən hücumu ola bilər. Yanılmadıq... Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribat fəaliyyətinə başladı. Həmin istiqamətdə hərbi hissə komandiri idim. Baxdım ki, düşmən açıq şəkildə hücuma başlayır. Həmin vaxt ön xətdə xidmət aparanların hamısı adi əsgərlər idi. Həmin əsgərlər düşmən hücumunun qarşısını rəşadətlə aldılar. Onlara Azərbaycan əsgərinin zərbi-dəstini göstərdilər. Düşmənə sübut etdilər ki, bu, 1992-1993-cü illərdəki peşəkar zabitlər tərəfindən idarə olunmayan, silah-sursat qıtlığı yaşayan özünümüdafiə bölmələri deyil, bu, ən müasir ordularla müqayisə ediləcək Azərbaycan Ordusudur".

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində 2-ci Ordu Korpusunun Komandir müavini olan Şükür Həmidov, cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olur. Silahdaşları bildirirlər ki, Şükür Həmidovun ən böyük arzusu işğal altındakı torpaqlarımızı, eləcə də doğma Qubadlı rayonunu işğaldan azad etmək olub və o, Qubadlının bir neçə kəndinin azad edilməsi əməliyyatlarında iştirak edir.

Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Oktyabrın 23-də II Fəxri Xiyabanda dəfn edilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev telefon vasitəsilə Şükür Həmidovun atası Nəriman Həmidova dərin hüznlə başsağlığı vermişdir. Sonda müdafiə naziri şəhidin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onun ailəsinə təqdim etmişdir.

Vətən müharibəsindəki şücaətlərinə görə Şükür Nəriman oğlu Həmidov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Şükür Həmidovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) Azərbaycanın Milli Qəhrəmanı Şükür Nəriman oğlu Həmidovun adı verilmişdir. Əzizə adında qızı və Nurlan adında oğlu yadigar qalmışdır.

Müşfiq MİRZƏ,

"Respublika".