DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SURİYA PREZİDENTİNİN BƏƏ-YƏ SƏFƏRİ ABŞ-I MƏYUS EDİB

ABŞ Dövlət Departamenti Suriya prezidenti Bəşər Əsədin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərindən dərin məyusluq ifadə edib. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysa istinadən xəbər verib.

ABŞ rəsmisi BƏƏ və başqa ölkələri Suriya ilə danışıq aparanda bu ölkənin son 10 ildə öz xalqına qarşı yürütdüyü daxili siyasətini nəzərə almağa çağırıb.

Məlumata əsasən, Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan Suriya prezidenti ilə görüşdə Suriyanı ərəblərin təhlükəsizliyinin əsas sütunu adlandırıb. Onun ərazi bütövlüyünü və sabitliyini dəstəkləyib.

Eyni zamanda, Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Qərb tərəfindən Rusiyaya qarşı davam edən ayrı-seçkilik dünya tarixində misilsizdir və beynəlxalq hüququn prinsiplərini sarsıdır.

 

TÜRKMƏNİSTANIN YENİ PREZİDENTİ VƏZİFƏSİNİN İCRASINA BAŞLAYIB

Sərdar Berdiməhəmmədov Türkmənistan prezidenti vəzifəsinin icrasına başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

“Bu gün Türkmənistan paytaxtında, Ruhiyyət Sarayında ölkənin yeni seçilmiş prezidentinin təntənəli andiçmə mərasimi keçirilib”, - deyə açıqlamada qeyd olunur.

Qanuna əsasən yeni dövlət başçısının inauqurasiyasında Türkmənistan parlamentinin hər iki palatasının deputatları, hökumət üzvləri, hərbi və hüquq-müharizə orqanlarının, Seçki Komissiyası Mərkəzinin, yerli dövlət orqanlarının, ictimaiyyət nümayəndələri və digər dəvətli şəxslər iştirak ediblər.

Andiçmə mərasimindən sonra Sərdar Berdiməhəmmədova dövlət başçısının vəsiqəsi təqdim olunub. Bununla da, o, növbəti 7 il üçün rəsmən Türkmənistan prezidenti vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 72,97 faiz səs toplamış baş nazirin müavini Sərdar Berdiməhəmmədov qalib gəlib.

 

Aİ RUSİYALI OLİQARXLARIN AKTİVLƏRİNİ UKRAYNAYA YÖNLƏNDİRƏ BİLƏR

Avropa İttifaqı rusiyalı oliqarxların dondurulmuş aktivlərini Ukraynanın bərpasına yönəldə bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” nəşri vəziyyətlə tanış olan mənbələrinə istinadən bildirib.

Məlumata əsasən, Avropa İttifaqı rəsmiləri Rusiya oliqarxlarının sanksiyalar altındakı aktivlərindən Ukraynanın müharibədən sonra yenidən qurulmasını maliyyələşdirmək üçün istifadə imkanlarını müzakirə edirlər.

Bildirilir ki, bu ideya çox erkən mərhələdədir və hələ qərar verilməyib. Mənbələrə görə, bir ehtimal da odur ki, aktivlərdən hərbi təzminatları maliyyələşdirmək üçün istifadə etmək olar.

Qeyd edilir ki, bu aktivlərlə nə edəcəyinə dair qərarı Avropa İttifaqına üzv dövlətlər verməlidir. Hazırda aktivlər yalnız dondurulub.

“Bloomberg” xatırladır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropa İttifaqı onlarca rus oliqarxa, o cümlədən ölkənin ən zəngin milyarderlərinə qarşı sanksiyalar tətbiq edib. Onların yaxtalarına, şəxsi təyyarələrinə və villalarına həbs qoyulub. Təkcə İtaliya təxminən 780 milyon avro dəyərində aktivləri dondurub.

 

UKRAYNA HÖKUMƏTİ GÖMRÜK PROSEDURLARINI SADƏLƏŞDİRİR

Ukrayna hökuməti gömrük prosedurlarını mümkün qədər sadələşdirmək qərarına gəlib. “APA” verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.

“Hökumət bütün gömrük prosedurlarını mümkün qədər sadələşdirmək qərarına gəlib. Məqsədimiz dünyada ən sürətli gömrüyü yaratmaqdır. Gömrükdə sənədləşmə aparılmadan, ƏDV, rüsum olmayan bir keçid istəyirik”,- deyə baş nazir vurğulayıb.

Denis Şmıqalın sözlərinə görə, malların sərhəddən maneəsiz keçməsi nəzərdə tutulub. “Ukraynaya heç bir gömrük rəsmiləşdirilməsi olmadan mal idxal etmək, bəyannaməni əvvəlcədən doldurmaq və maşınların sürətli keçidini istəyirik. Yük heç bir maneə olmadan sərhədi keçəcək”, - deyə baş nazir bildirib.

Həmçinin D.Şmıqal ümid etdiyini bildirib ki, Ali Rada tez bir zamanda Ukraynaya gedən bütün malları gömrük rüsumlarından və ƏDV-dən azad edəcək.

 

NATO-NUN FÖVQƏLADƏ SAMMİTİNİN GÜNDƏLİYİ AÇIQLANIB

Belçikanın paytaxtı Brüsseldə martın 25-də NATO-nun fövqəladə zirvə toplantısı keçiriləcək. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, sammitdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. Həmçinin sammitdə NATO liderləri Rusiya ilə Ukrayna arasında baş verənlərlə bağlı bundan sonrakı fəaliyyətə dair fikir mübadiləsi aparacaqlar.

Toplantıda həmçinin alyansın müdafiəsinin gücləndirilməsi üçün atılacaq addımlar da müzakirə ediləcək.

Məlumat üçün qeyd edək ki, sammitə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın dövlət başçısı Cozef Bayden, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Boris Conson da qatılacaq.

 

ÇİN LİDERİ ABŞ VƏ NATO-NU RUSİYA İLƏ DİALOQA ÇAĞIRIB

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Cozef Baydenlə söhbətində Vaşinqtonun Moskva ilə danışıqlara ehtiyacı olduğunu bildirib. “APA”nın verdiyi xəbərə görə, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“ABŞ və NATO Ukrayna böhranının əsl səbəbini anlamaq üçün Rusiya ilə dialoq aparmalıdır. Danışıqlarda hər iki ölkənin təhlükəsizlik məsələləri ön planda olmalıdır”, - deyə Çin lideri vurğulayıb.

Si Cinpin əlavə edib ki, sanksiyaların tətbiqi sadə insanların əziyyət çəkməsinə səbəb olur. Onun sözlərinə görə, sanksiyalar artarsa, bu, qlobal iqtisadiyyat, ticarət, maliyyə, enerji, qida, istehsal və tədarük zəncirlərində ciddi böhrana səbəb olacaq.

Çin Xalq Respublikası sədrinin sözlərinə görə, proseslər 2012-ci ildəki iqtisadi böhranı təkrar edə bilər ki, bu da bərpası çətin bir itkilərə yol açacaq. O, əlavə edib ki, siyasi cəsarət nümayiş etdirib, sülh üçün şərait yaratmaq lazımdır.

Bununla yanaşı, Si Cinpin Rusiya və Ukrayna arasında danışıqların dəstəklənməsinin vacibliyinə işarə edib və qeyd edib ki, onun ölkəsi həmişə beynəlxalq hüquqa və münasibətlərə hörmətlə yanaşır.

 

BMT: ƏFQANISTANDA UKRAYNADAN DA CİDDİ BÖHRAN YAŞANIR

BMT-nin qaçqınlar üzrə ali komissarı  Filippo Qrandi Əfqanıstandakı böyük humanitar ehtiyacları və əfqan qaçqınlarının xaricdəki ağır vəziyyətini unutmamağa çağırıb. Bu barədə “Report” agentliyi xəbər verib.

“Bəli, bu gün hər kəs Ukraynadakı müharibədən narahatdır və haqlı olaraq belədir, lakin Əfqanıstanda da çox ciddi böhran yaşanır”, - deyə ali komissar vurğulayıb.

BMT-nin qaçqınlar üzrə ali komissarı Əfqanıstana səfəri zamanı Qəndəharda tibb mərkəzinin və Cəlalabadda qızlar məktəbinin rəsmi açılış mərasimi olub. Onlar məhz Komissarlığın dəstəyi ilə tikilib.

Məlumata əsasən, F.Qrandi Əfqanıstanda müvəqqəti hökumətin nümayəndələri ilə yanaşı, həmçinin BMT və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, hazırda Əfqanıstanda 3,4 milyon məcburi köçkün var. Ölkə xəstəxanaları “COVID-19” və qızılca epidemiyası səbəbi ilə dolub. Bir çox qurumların işçisi maaş almır. Ərzaq və yanacağın qiyməti bahalaşır. Hazırda milyonlarla əfqan aclıqla üz-üzədir. Artıq bu gün bu ölkədə əhalinin 95 faizi kifayət qədər qidalanmır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.