Sağlam həyat
Maraqlı

Sağlam həyat

İbn Sina sağlamlığın şifrəsini min il əvvəl veribmiş

Qərb mənbələrində "Hakim-i Tibb", "Həkimlərin piri və hökmdarı" kimi təqdim edilən İbn Sina min il əvvəl qələmə aldığı "Kiçik Tibb Qanunu" adlı 14 cildlik ensiklopediyasında sağlamlıqla bağlı tövsiyələr verib.

Təbib kitabında astma ilə bağlı bəzi dərman bitkilərinin adlarını çəkib: Nəfəs darlığı, şiddətli titrətmə və döş qəfəsində ağırlıq yaranan zaman sarı əncir və qabıqsız badamın bal ilə yeyilməsini qeyd edib. Bundan əlavə qoz yağı ilə birlikdə noxud suyu, şüyüdü isə qaynar su ilə içməyi məsləhət görüb. Böyrəklərdə daşla əlaqəli şiddətli ağrılar zamanı isə xəstəyə bunlardan birinin verilməsini tövsiyə edib: qabıqsız qarpız və ya üyüdülmüş üzüm tumu, yaxud kərəviz toxumu.

Sızanaq və göbələklərin müalicəsində biyan kökünü və yarpağı əzərək qarışdırıb sirkə, yağ və arı şamı ilə birgə həmin nahiyəyə sürtülməsinin faydalı olduğu bildirilib. Eyni zamanda yüngül qidaların istehlakı tövsiyə olunur. Fiziki tərbiyənin insan sağlamlığı üçün çox böyük əhəmiyyət kəsb etdiyini qeyd edən İbn Sina, yeməkdən əvvəl idman etmənin faydalı olduğunu bildirib. İbn Sina yeməkdən sonra isə heç bir hərəkət etmədən dincəlməyi məsləhət görüb.

Məşhur təbib min il əvvəl şirniyyatlarla bağlı görün nələr söyləyib: "Yazda çox şirniyyat yeməkdən özünüzü qoruyun. Çünki şirni qana mənfi təsir edir. Şirniyyatlar iki cürdür: ballı və xəmirli. Ballı olanlar ağızda əriyib mədəyə gedərsə, həzmə kömək edir. Undan hazırlananlara gəlincə isə, onlar çox qatı olduğu üçün çətin həzm olunur. Damar və oynaqların tıxanmasına səbəb olur. Lakin bütün bunlarla yanaşı, şirniyyatlar həm də qan yaradıcıdır".

Alim yaz aylarında hər səhər ilıq su içməyi vərdiş halına salmağı tövsiyə edib. Bundan əlavə hər yeməkdən sonra soyuq su içməyin faydalı olduğunu bildirib. Yeməklərə gəlincə isə İbn Sina qızartma-soyutma, qırmızı ət-balıq, ət-süd, yumurta-ət, paxlalılar-balıq, qurudulmuş və təzə qidaların bir yerdə yeyilməsinin doğru olmadığını qeyd edib. Yeməkdən dərhal sonra su içməyin susuzluğu yatırdığını vurğulayan alim, onun miqdarının yeməyinkindən çox olmamasının tərəfdarıdır. Təbib suyun soyuqluq dərəcəsinin isə hiss olunacaq qədər olmasını və ilıq, yaxud isti sudan heç bir xeyir gəlmədiyini deyibmiş.

 

Şam yeməyini saat neçədə yeməliyik?

Axşam yeməyinin hansı saatda yeyilməsi ilə bağlı müxtəlif fikir ayrılıqları var. Faktlara nəzər salsaq, axşam saat 7-dən sonra heç nə yeməmək fikri doğru olmadığı kimi, yatmazdan 1-2 saat əvvəl qida qəbulunun yanlış olduğunu da söyləyirlər. Bəs biz bu deyilənlərin hansına inanaq? Ən son nə zaman yeməliyik?

Əslində gündəlik həyatda axşam yeməyinin zamanı insanların iş qrafiki, yuxu rejimi, uşaqların dərs saatları, ailə üzvlərinin sağlamlıq vəziyyəti kimi müxtəlif səbəblərə görə dəyişə bilər. Məsələn, evdə körpə uşaq varsa şam yeməyinin vaxtını onun yatdığı saata uyğunlaşdıra bilərsiniz. Əgər diabet xəstəliyiniz varsa, qan şəkərini tarazlaşdırmaq üçün sağlam insanlardan fərqli olaraq daha tez-tez yemək lazım gəlir.

Axşam yeməyinin vaxtını təyin etmək üçün ən vacib şərt yuxu rejimidir. Mütəxəssislər yatarkən həzm sistemimizin çalışmaması üçün şam yeməyi ilə yatdığımız vaxt arasında ən azı 4-5 saatın keçməsinin vacibliyini söyləyirlər. Məsələn, gecə saat 12:00-da yatan biri şamı 19:00-da edə bilər. Amma müəyyən səbəblərdən səhər saat 3-ə qədər oyaq qalan bir adamın axşam 19:00-da yemək yeməsi vacib deyil. Belə rejimdə olan insanlar 21:00-22:00 arası ağır olmayan qidalar istehlak edə bilərlər.

Bununla belə qida mütəxəssisləri və dieotoloqlar normal çəkiyə sahib olmaq üçün şam yeməyi ilə səhər yeməyi arasındakı müddəti bacardığımız qədər uzatmağı tövsiyə edirlər.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

 

Optimist insanlar daha uzun yaşayırlar

Təxminən 60 il boyunca 200-dən çox insanın məlumatlarını tədqiq edən amerikalı alimlər nikbin insanların daha uzun və sağlam ömür sürdüyü qənaətinə gəliblər.

Elm adamları optimist insanların stresli vəziyyətlərdə pessimistlərə nisbətən daha az reaksiya verdiyini və az sarsıldıqlarını söyləyirlər. Əvvəlki araşdırmalarda da nikbin insanların daha xoşbəxt yaşadığına dair sübutlar var.

"Journals of Gerontology" jurnalında dərc edilən araşdırmada insanlarda həyatı boyu nikbinlik və bədbinlik səviyyəsinin eyni olmasına baxmayaraq, istənilən vəziyyətdə dünyanı çəhrayı rəngdə görə bilməyin hər kəsin öz əlində olduğu bildirilib.

"Daha optimist olmağın bir yolu hər hansı mövzuya reaksiya verdiyimiz zaman və ya vəziyyəti mühakimə etdikdə mövzuya fərqli prizmadan yanaşmaq lazımdır. Çox zaman baş verənlərə ani reaksiyamız mənfi qiymətləndirmə və ya bədbin ssenarilərin yaranmasına gətirib çıxarır. Belə halların baş verməməsi üçün mövzuya pozitiv yanaşmağın müxtəlif yollarını axtarmağa çalışmaq daha faydalıdır", - deyə Boston Universitetinin psixiatriya kafedrasının dosenti Dr. Lewina Lce bildirib.

60 il ərzində könüllülər arasında aparılan sorğuların nəticəsinə əsaslanan alimlər nikbin insanların bədbinlərə nisbətən stresli hadisədən sonra daha tez yaxşı əhvali-ruhiyyəyə qayıda biləcəyini müəyyən ediblər.

Alimlər optimist insanların həqiqəti görməzdən gəldiklərini deyil, onların güclü tərəflərini və özündən əmin bir baxış bucağına sahib olduqlarını vurğulayırlar. Onlar belə insanların həm sağlamlıq, həm də yaradıcılıqla bağlı uğurlar əldə edə biləcəyini söyləyirlər.

İnformasiya "MedicalXpress" veb satında yayımlanıb.

 

Hər bir orqanımızın öz yaşlanma sürəti var

"Cell Reports" jurnalında yayımlanan araşdırmada, elm adamları vücudumuzda birdən daha çox bioloji "saat" olduğunu bildiriblər. Alimlər bizim kimi orqanlarımızın da hər birinin ayrı-ayrılıqda öz yaşlanma sürəti olduğunu söyləyirlər.

Çinli alimlərin rəhbərliyi ilə beynəlxalq tədqiqatçı qrupu orqanlar sisteminin bioloji yaşını hesablayırlar. Alimlər normal çəki və fiziki fəaliyyətin müsbət təsir göstərəcəyini gözləsələr də, bunun bəzi orqanların bioloji yaşına heç bir dəlalət etmədiyini müəyyən ediblər. Araşdırmalar zamanı məlum olub ki, bağırsaqlarda nə qədər çox mikrob olarsa, bu, onların gənc olmasını göstərir. Bununla belə, bu böyrəklərin yaşlanmasında mənfi təsir deməkdir. Çünki tədqiqatçılar növ müxtəlifliyinin bu orqanın daha çox işləməsinə səbəb olacağını fərz edirlər. Alimlər bu cür uyğunsuzluqların bütün bədəndə bir çox "saat"ın mövcudluğundan xəbər verdiyini söyləyirlər.

Tədqiqatçılar həmçinin sınaqlara qatılan 20-45 yaş arası könüllülərin qan nümunələrini və biomarkerlərini də araşdırıblar. Araşdırma zamanı maddələr mübadiləsi, immunitet sistemi, ürək, böyrək, qaraciyər, üz dərisi, cinsiyyət, qidalanma, bağırsaq mikrobioması kimi xüsusiyyətlər seçilərək kateqoriyaya ayrılıb. Bundan əlavə tədqiqat zamanı orqanların iştirakçıların xronoloji yaşlarından daha artıq və ya az olduğunu müəyyənləşdirmək üçün indeks də hazırlanıb. Alimlər bu üsuldan gələcəkdə sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və yaşlanma prosesini ləngitmək üçün müdaxilə hədəfi kimi istifadə edilə biləcəyini qeyd ediblər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".