Mərdlik və şücaət nümunəsi
Sosial həyat

Mərdlik və şücaət nümunəsi

2020-ci il sentyabr ayının 27-də 30 ilə yaxın bir müddətdə erməni işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və qəhrəman əsgər, zabitlərimizin, Vətən oğullarının, bir qarış torpaq uğrunda gözünü qırpmadan canından keçən minlərlə igidlərimizin şücaəti sayəsində torpaqlarımız geri qaytarıldı, şəhidlərimizin qanı tökülən hər bir qarış torpaq Vətənə döndü.

Bu tarixi zəfər xalqımızın qürurunu özünə qaytardı. Qarabağımız, işğal altındakı ərazilərimiz indi azaddır. Bu mücadilədə minlərlə övladlarımız mərdliklə vuruşaraq qazi oldular, Vətən uğrunda canlarından keçərək ən ali məqama -şəhidlik zirvəsinə yüksəldilər. Belə şəhid qəhrəmanlarımızdan biri də Babayev İqbal Zəki oğludur. O, 1995-ci il sentyabr ayının 10-da Bakının Xətai rayonunda doğulub. 257 saylı məktəbi bitirdikdən sonra Xəzər Universitetinə qəbul olunub, 2018-ci ildə ali təhsilini başa vurub. Həmin ilin iyun ayında hərbi xidmətə, Vətənin müdafiəsinə yollanır. Birillik hərbi xidmətini Naxçıvanda başa vurduqdan sonra ordudan tərxis olunur. Lakin İqbalın hərbi sahəyə olan marağı onu dinc qoymur, hərbi sahədə təhsilini davam etdirmək arzusundaydı. İqbalın qəlbi həmişə Vətən sevgisi, Qarabağımızın, işğal altında ərazilərimizin azad olunması üçün döyünürdü. Vətən müharibəsi başlayan ilk gündən bütün vətənsevər gənclərimiz kimi Xətai Rayon Hərbi Komissarlığına müraciət edərək könüllü olaraq Vətən torpaqlarımızın işğaldan azad olunmasında gedən müharibədə iştirak etməsini bildirir. Çox keçmədən ön cəbhəyə yollanır. Cəbrayıl, Füzuli, Zəngilan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərir, düşmənə ağır zərbələrin vurulmasında şücaətlər göstərir. Döyüş yoldaşlarının dediyinə görə cənub istiqamətində gedən döyüşlərdə azad olunmuş yaşayış məntəqələrimizin birinə üçrəngli bayrağımızı asmaq üçün 4 nəfər irəli atılır. Bayrağımızı yüksəkliyə asmaq İqbala nəsib olur. Vətənin igid oğlu bayrağımızı yüksəkliyə qaldırdıqdan az sonra oktyabr ayının 25-də mənfur erməni gülləsinə tuş gəlir. Şəhid olmuş İqbalın nəşini döyüş bölgəsindən yoldaşları iki gündən sonra çıxarmağa müvəffəq olurlar.

Atası Zəki Babayev öz qəhrəman oğlunun nəşini ata yurdu olan Qəbələdə babasının yanında torpağa tapşırıb. Şəhid İqbal Babayev ölümündən sonra Prezidentin Sərəncamına əsasən, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əli SADIQOV,
“Respublika”.