İndi adı xalqın dilindən düşməyən Elnur İmran oğlu Əsədullayevin ölməz qəhrəmanlığı ona əbədiyyət qazandırdı. Elnur orta məktəbdə yaxşı oxumaqla bərabər, idmanın sərbəst güləş növünə də maraq göstərir. Dəfələrlə yeniyetmələr üzrə turnirlərdə iştirak edir, medal və təltiflərə layiq görülür.
2016-cı ilin iyul ayında Elnuru Milli Ordu sıralarına çağırırlar. Cəbhə bölgəsinə düşməyi ürəyincə olur. Vətənə xidməti hər şeydən üstün tutan gəncin şəxsi keyfiyyətləri qısa zamanda ona əsgərlərin, komandirlərin yanında yaxşı hörmət qazandırır. Nümunəvi xidməti ilə doğma Azərbaycana əsl oğul məhəbbəti, xalqına, dövlətinə sədaqət nümayiş etdirir. Xidməti başa vursa da, daxilində olan alovlu bir istək Elnuru ermənilərə öz yerini göstərmək üçün hərbiyə bağlayır. Köksündə əsl qəhrəman ürəyi döyünən bu Vətən sevdalısı müddətdən artıq hərbi qulluqçu kimi Beyləqanda xidmətini davam etdirir. Ən əsası Azərbaycanın ərazi bütövlüyü uğrunda düşmənlə döyüşə hazırlaşır. Və vaxtı gələndə Qarabağın son qarış torpağının azad olacağı günədək döyüşməyə and içir...
Elnur Əsədullayev Vətən müharibəsi başlanan gündən haqq savaşımıza atılır. Müqəddəs yurd yerlərini dığalardan təmizləmək üçün xüsusi şücaət göstərir. Dəfələrlə ölüm-dirim savaşının qalibi olan igid əsgərin fədakarlığını nəzərə alıb ona gizir rütbəsi verməklə tank komandiri seçirlər. Öz tankı ilə Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin belini qırır.
Torpaqlarımız qarış-qarış azad olunduqca qəhrəman Elnur daha da ürəklə döyüşür. Təəssüf ki, 14 oktyabrda özünü namərd gülləsindən qoruya bilmir. Canını Vətəninə qurban etməklə əbədi bir ad qoyur.
Elnur Əsədullayev ölümündən sonra “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.
Zəfər ORUCOĞLU.