Qəhrəmanlıq dastanı
Sosial həyat

Qəhrəmanlıq dastanı

1994-cü ildə Lerik  rayonunun  Günəşli kəndində   dünyaya  göz açmış Vüqar Tumarxan oğlu Mövlanov  böyüdükcə böyük amallı, ülfətli, iradəli bir gənc kimi müstəqil həyata qədəm qoyur.  Çox keçmir xeyirxah, nəcib əməlləri ilə el gözündə ucalır, hamı ona əsl  övlad məhəbbəti bəsləyir.

Vüqar  2013-cü ildə  ordu sıralarına gedir. Vətənpərvərliyi, mərdliyi, xoşniyyəti əsgərlik həyatında həmişə onu başıuca edir. Məqamı  gələndə  Azərbaycan torpaqlarını işğal  altında saxlayan erməni faşistlərinə qan qusdurmaq  bu, Vətən sevdalı igidin arzusu olur.

Bəli, Vüqar  layiqli bir övlad tək  canından artıq sevdiyi Vətən qarşısında oğulluq borcunu  şərəflə yerinə yetirib  evinə qayıdır.   Mühafizə polisi vəzifəsində işləyir. İnsanlara qarşı saf  ünsiyyəti, cəmiyyətə fayda vermək əzmi, halallığa tapınan işi, əməli   onu  gözlərdə  haqqın, ədalətin carçısına döndərir. Həm də  gördükləri əməllərlə adamları yalnız həyata, yaşamağa, qurub-yaratmağa sövq edir. Bütün bunlarla bərabər  Vətəninə, xalqına bağlı gənci  Qarabağ dərdi çox narahat edir. Əlinə silah alıb Azərbaycanın müqəddəs parçası olan Qarabağ torpaqlarının azadlığı uğrunda döyüş meydanında düşməni  əzmək  istəyi ilə o  günü gözləyir.  

Nəhayət , Vüqarın arzuladığı gün gəlir.  İkinci Qarabağ müharibəsi başlanan kimi, heç bir göstəriş gözləmədən könüllü cəngavər libasını əyninə  geyinib torpağı qanı ilə  Vətən  edən igidlərin cərgəsində odun-alovun içinə atılır. Çox ölümlə üz-üzə gəlir, amma qəlbində özünə yer edən ilahi bir sevgi daim  Vüqarı qələbəyə doğru aparır.  Doğma torpağın qeyrətini hər şeydən əziz bilir, canı bahasına onu  düşməndən təmizləməyi  müqəddəs iş sayır. Füzulidə, Hadrutda, Şuşada ağır döyüşlərdə şücaət göstərir, düşmənə vurduğu sarsıdıcı zərbələri 30 il Qarabağı əsarətdə saxlayan yağı düşmənin bağrını  yarır, böyük zəfərimizə yol açır. 6 noyabrda  şəhid kimi adını  tarixə yazır. Özü şəhid olsa da, torpaq uğrunda axıtdığı qanı  Vətənin zəfəri olur...

Müharibə meydanında hünər göstərib millətinə başucalığı gətirən  Vüqar indi bütün Lerik camaatının ürəyində yaşayır. Layiq görüldüyü  “Vətən uğrunda” medalı Vüqarın şərəfli ölümündən gələcək nəsillərə layiqli nişanədir.

Zəfər ORUCOĞLU.