Zəfər qəhrəmanları
Region

Zəfər qəhrəmanları

Lerik rayonunun Vov kəndində  yurd salan Hüseynovların el-obada böyük hörməti vardır. Əzəldən bu ocağın  od götürüb, qeyrət içiləsi ərənləri olubdur. 1994-cü il 15 noyabrda   dünyaya gəlmiş  Samir Hüseynov da  ailə ənənəsinə sadiq boy atır. Haqqa tapınmaq, halallıq, qurub-yaratmaq eşqi getdiyi yolda onu izləyir.  Cəmiyyətdən ötrü  xeyirli, işıqlı bir  şəxs olaraq müstəqil həyata qədəm qoyur. 2013-cü ildə  Milli Ordu sıralarına yola düşəndə artıq haqqın-ədalətin tərəfdarı olaraq, gördüyü nəcib işlər hesabına el-oba arasında  özünəməxsus  nüfuz qazanmışdı.  Yaşına uyuşmayan  kamilliyi, bütövlüyü, yurd məhəbbəti  Vətənə ləyaqətli xidmətdə də özünü göstərir,  müqəddəs iş sayır...

Bütün həyatı  Vətən sevgisinə köklənən Samir  xidmətdən sonra bir müddət halal zəhmətdən yapışır. Ötüb keçən hər gün  ömrünə yaddaqalan işlərlə iz salır.  Amma dığaların  xəyanətkar, təcavüzkar mövqeyi,  Qarabağda baş  verən qanlı  hadisələr  həmişə onu ciddi düşündürür, narahat edir.  Odur ki, onlara qarşı mübarizə aparmaq üçün 2016-cı ildə könüllü hərbi xidmətə gedir. Vətən müharibəsində  Xüsusi Təyinatlı  Kəşfiyyatçısı kimi döyüş meydanına girir. Samir döyüşdən-döyüşə atıldıqca sanki ona yeni bir güc, yeni bir qüvvə  verilir. Odun-alovun içində düşmənə meydan oxuyur. Zəngilanda, Füzulidə, Qubadlıda, Xocavənddə, Cəbrayılda, Şuşada ağır müharibə meydanında intiqam hissi ilə vuruşur.    Şanlı zəfərimizə 13-14 saat qalmış şəhidlik zirvəsinə ucalır.  Və bu şərəfli ölüm Samirə əbədi bir həyat qazandırır. Samir Əlizadə oğlu Hüseynov ölümündən  sonra “Vətən uğrunda”,  Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın  azad olunmasına görə medalları ilə təltif edilib.

Azərbaycan var olduqca,  Samir kimi igid  Vətən övladlarının adı  ləyaqət, sədaqət, etibar  rəmzi olaraq  el-obaya başıucalıq gətirəcək.

Zəfər ORUCOĞLU.