Yaddaşlara  əbədi  həkk  olunanlar  
Region

Yaddaşlara  əbədi  həkk  olunanlar  

Vətən  müharibəsində  adlarını  hərb  tariximizə  qızıl  hərflərlə  yazdıran  Cəlilabadın igid  oğullarının  xatirəsi  əziz  tutulur.   Şəhidlərimizin  ailələri  daim  yad  olunur.    Şanlı  Zəfər  yürüşündə  qəhrəmanlıq  göstərərək    canından  keçmiş  şəhid  oğullarımızdan  biri  də   Musayev  Ələkbər  Əlövsət  oğludur.   

Cəlilabad  Rayon İcra Hakimiyyətinin  başçısı  Rafiq  Cəlilov, icra  aparatının  məsul  işçiləri  və  rayonun  hüquq-mühafizə  orqanlarının  rəhbərləri   şəhid  Ələkbər  Musayevin  ailəsini  ziyarət  etdi. Rafiq Cəlilov şəhidin valideynləri  ilə  söhbət  edib,  onların  gündəlik  qayğı  və  problemləri ilə maraqlandı.  Şəhidin  valideynləri  ilə  görüş  zamanı  Rafiq  Cəlilov  bildirdi  ki, Ali Baş Komandan  cənab İlham  Əliyevin  komandanlığı  ilə silahlı qüvvələrimiz  Qarabağda  tarixi qələbə qazandılar.  Bu  gün  biz  şəhid  ailələri  və qazilərimizə  hər cür mənəvi  və maddi dəstək  göstərməliyik. Ölkəmizin ərazi bütövlüyü uğrunda  gedən döyüşlərdə  qəhrəmancasına  şəhid  olmuş  əsgərlərin  xatirəsi  daima  yaddaşlarda qalacaq. Məhz  onların  göstərdiyi şücaət  nəticəsində  uzun  illərdir  işğal  edilmiş  torpaqlarımız  işğaldan  azad  olunmuşdur.  Rafiq  Cəlilov  qeyd  etdi  ki, Ali  Baş  Komandan  İlham  Əliyevin rəhbərliyi ilə    döyüşlərdə  ordumuz  bir  daha  dünyaya qüdrətini  sübut  etmiş, şəhidlərimizin  qanı  yerdə  qalmamışdır.

Ələkbər  Əlövsət  oğlu  Musayev  1999-cu il iyunun 16-da  Cəlilabad  rayonunun  Mollalı kəndində anadan olub. 2017-2019-cu illərdə Azərbaycan  Silahlı Qüvvələrinin  sıralarında müddətli  həqiqi  hərbi xidmət  qulluqçusu  olmuşdur.  Goranboy  rayonunda  yerləşən "N" saylı  hərbi  hissəsində  xidmət etmişdir.  Sonra  hərbi  xidmətini  müddətdən  artıq  həqiqi  hərbi  xidmət  qulluqçusu  kimi  davam etdirmişdir.  Azərbaycan  Ordusunun  əsgəri  Ələkbər  Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan  Silahlı  Qüvvələri  tərəfindən  Ermənistan  işğalı altında olan ərazilərin  azad edilməsi  və Azərbaycanın  ərazi  bütövlüyünün  bərpa  olunması üçün  başlanan  Vətən  müharibəsi  zamanı Murovdağ  istiqamətində  gedən  döyüşlərdə  savaşıb, sentyabrın  29-da Murovdağ döyüşləri  zamanı  şəhid  olub.  Onun  nəşi  uzun  müddət  tapıla bilməyib. Müdafiə  Nazirliyi  tərəfindən  rəsmi  olaraq  itkin düşən  hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də nəşi  tapılıb və Cəlilabad  rayonunun  Mollalı kəndində dəfn olunub. Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan və hərbi hissə   qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə görə,  Azərbaycan    Prezidenti  İlham Əliyevin Sərəncamına  əsasən Musayev  Ələkbər  Əlövsət  oğlu  ölümündən  sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Görüş  zamanı  şəhidin  valideynləri  onlara  göstərilən  diqqət  və  qayğıya  görə  Azərbaycan  Prezidenti  İlham  Əliyevə  dərin  minnətdarlıqlarını  bildirdilər.

Ərəstun  ABDULOV,

            “Respublika”.