Faktlar və Rəqəmlər
İQTİSADİYYAT

Faktlar və Rəqəmlər

ÜDM istehsalı 5,6 faiz artıb 

Dövlət Statistika Komitəsi bildirir ki,ilkin məlumatlara əsasən 2021-ci ildə ölkədə 92857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artmışdır.

ÜDM istehsalının 42,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata bərabər olmuşdur.

 

54,5 milyard manatlıq sənaye məhsulu

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ildə 54,5 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri- neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artmışdır. Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma, 29,9 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz, əmtəəlik qaz hasilatı isə 23,0 faiz artmışdır.

 

1704,9 min nəfər muzdla çalışır

2021-ci il dekabrın 1-nə kimi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2020-ci  ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və ya 1,2 faiz artaraq 1704,9 min nəfər olmuş, onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

 

186 ölkə  ilə ticarət əməliyyatları

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30746,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 20336,4 milyon dollarını və ya 66,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 10409,9 milyon dollarını (33,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 9926,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2021-ci ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 44,1 faiz, real ifadədə 33,8 faiz artaraq 2359,8 milyon dollar təşkil etmişdir.

“Respublika”.