Sağlam həyat
Maraqlı

Sağlam həyat

Birlikdə yeyildikdə möcüzə yaradan qidalar

Bəzi qidaların birlikdə istehlak edildikdə orqanizmə daha çox fayda verdiyini bilirsinizmi?  Heç bir qidanın faydası təkbaşına  yetərli deyil. Qidaların bəziləri birlikdə istehlak edildikdə sağlamlığa faydalarını artıra və ya dəyərlilik baxımından çatışmazlıqları tamamlaya bilər.  Mütəxəssislər hər gün istehlak etdiyimiz qidalarda olan mineral vitamin, lif və yağlar kimi müəyyən komponentlərin bir-biri ilə qarşılıqlı əlaqədə olaraq sağlamlığa faydalarını araşdırıblar.

Brokoli və pomidorun birlikdə istehlakının prostat vəzi xərçəngi riskini azaltdığını göstərən bir sıra araşdırmalar var. Digər buna bənzər təsiri artıran qidalara yulaf əzməsi-çiyələk, yulaf-alma, qırmızı bibər-pendir, yaşılçay-limon, pomidorla yerkökünü misal göstərmək olar.

Səhər yeməyi üçün ən yaxşı protein mənbəyindən biri olan yumurta sarısı əsl dəmir "deposu"dur. Bu qidanın dəyərini kiçik bir stəkan portağal şirəsi ilə daha çox artırmaq olar.

Qida dəyərinə görə  qırmızı ət və salatın birləşməsini də nümunə kimi  göstərmək olar. Limon, göyərti və qırmızı bibər kimi C vitamini ilə zəngin qidalarla birlikdə qəbul edilən qırmızı ət orqanizmdə  dəmirin səviyyəsini daha çox artıra bilər. Üstəlik, əti salatla yediyiniz zaman salatın tərkibindəki liflər piyləri bədəndən daha asan çıxarmağa kömək edər.            

Balığı sarımsaqla birlikdə istehlak etmək son dərəcə dadlı birləşmə olduğu qədər xolestrolu da azaldaraq ürək-damar sağlamlığını gücləndirmək üçün  əla çıxış yoludur.

Çiyələk, kivi, portağal və  C  vitamini ilə zəngin digər sitrus meyvələri birləşdirməklə immunitet sistemini daha da gücləndirmək olar. Yeni araşdırmalara görə qaragilə və qırmızı üzümün qarışıq istehlakı antioksidant təsir göstərərək xərçəng riskini aşağı sala bilər.


Alzheimerin dönüş nöqtəsi

İnsanlar arasında "demans" kimi də tanınan,  dünya əhalisi arasında ən çox rast gəlinən xəstəliklərdən biri olan Alzheimerin erkən diaqnozu, qarşısının alınması və müalicəsi üçün çıxış yolunu süni intellektdə görən alimlər, araşdırmalara davam edirlər.  Belə ki, elm adamları süni zəka ilə bu xəstəliyi təsbit edə biləcək sistem üzərində işləyirlər.

İtaliyanın Bari Universitetinin alimləri Alzheimer xəstələrinin beynindəki struktur dəyişikliklərini ayırd etmək üçün sınaqlara başlayıblar. Tədqiqat zamanı 38-i Alzheimer xəstəsi, 29-u isə sağlam olan  ümumilikdə 67 nəfərin beyin tomoqrafiyasında neyronlar arasındakı əlaqələr araşdırılıb. Araşdırmalar nəticəsində süni intellekt vasitəsilə xəstəliyin 86 faizinin təsbit edilə biləcəyi müəyyənləşdirilib. Simptomları ortaya çıxmazdan  əvvəl edilən bu təsbit Alzheimer xəstəliyinin erkən diaqnozuna yol açacağını göstərir. Bundan əlavə, tədqiqatçılar xəstəliyin irəliləməsinin qarşısını almaq və səbəb olduğu problemləri ləngitmək məqsədilə burun spreyinin sınaqlarına da başlayacaqlarını açıqlayıblar.

Tədqiqatçılar spreyin tərkibində olan "Protollin"  maddəsinin immunitet sistemini stimullaşdırmaqla yanaşı, leykositləri aktivləşdirən və   beyində toplanan "amiloid" adlı zülal çöküntülərini təmizləyəcəyini bildiriblər. Mütəxəssislər  spreyin  xəstəliyin yalnız simptomlarını aradan qaldıraraq   gedişatının ləngidilməsi məqsədi daşıdığını bildiriblər.

İnformasiya "Molecular Psychiatry" jurnalında dərc olunub.


Bu içkilər xərçəng riskini artıra bilər

Böyük Britaniyada aparılan araşdırmada qazlı və şəkərli içkilərin istehlakının bağırsaq xərçəngi riskini iki dəfə artırdığı ortaya çıxıb. İngiltərənin "Gut" və "Britisch Medical Journal" jurnalında dərc edilən yeni araşdırmaya görə, qazlı  içkilərin gündə iki dəfədən çox  istehlakı bağırsaq xərçənginin inkişaf riskini iki dəfə artırır. Elm adamları bu xəstəliyin xüsusən 50 yaşdan yuxarı qadınlarda daha çox ortaya çıxdığı qənaətinə gəliblər.

Son illərdə bağırsaq xərçəngi ilə bağlı ölümlərin say artımı mütəxəssislərin diqqətini çəkib. Onlar bu xəstəliyin yaranma səbəbinin hansı qidalarla əlaqəli olduğunu, yaş həddi və daha çox necə ortaya çıxdığını araşdırıblar. Mütəxəssislər yoğun bağırsaqda inkişaf etməyə başlayan xərçəng növünün ilk olaraq, erkən mərhələdə "polip"lə ortaya çıxdığını bildiriblər. Onlar bütün poliplərin xərçəngə çevrilmədiyini bildirsələr də, erkən aşkarlanmanın əhəmiyyətini vurğulayıblar.

Tədqiqatçılar xərçəng xəstəliyinin şəkərli dadlandırıcılarla əlaqəsini də araşdırıblar. Mütəxəssislər ABŞ əhalisinin 12 faizdən çoxunun hər gün bu içkilərdən üç porsiyadan çox istifadə etdiyini müəyyənləşdiriblər. Tədqiqat nəticəsində sərinləşdirici meyvə ətirli, qazlı və enerji içkilərinin yoğun bağırsaq poliplərinin inkişaf riskini iki dəfə artırdığı ortaya çıxıb. Mütəxəssislər bu xəstəliyin inkişaf riskinin qadınlarda ikiqat daha yüksək olduğunu vurğulayıblar.


Şəkərli diabet və psixi xəstəliklər arasında əlaqə

Avropa Diabet Tədqiqatları Assosiasiyasının aylıq dərc edilən "Diabetologia" jurnalında yayımlanan  araşdırmaya görə psixi pozğunluğu olan insanların tip 2 diabetə meyillilik riski daha yüksəkdir.

Danimarkalı alimlərin rəhbərlik etdiyi tədqiqatda psixiatrik xəstəliklərdən əziyyət çəkən insanlar arasında  şəkər xəstəliyinin inkişafına  ortaq meyilliliklə əlaqəli elmi məqalələri ehtiva edən dörd elektron məlumat bazası araşdırılıb. Tədqiqat çərçivəsində şizofreniya, bipolyar, depressiya, əqli qüsur, psixoz, qidalanma pozğunluğu və demans da daxil olmaqla 11 psixiatrik xəstəlik kateqoriyasına aid edilən insanları araşdıran 245 çalışma mövzusu müzakirə edilib.

Ümumi əhali arasında hər hansı bir psixi pozğunluğu olan insanlarda 40, qidalanma pozğunluğu 21, bipolyar 11, psixoz 14 və depressiya xəstələrinin 16 faizində şəkərli diabet aşkar edilib. Tədqiqatlar nəticəsində əqli qüsuru olan insanlarda isə şəkərli diabetin inkişaf etmə ehtimalının 8 faiz daha çox olduğu məlum olub.

Psixi pozğunluğu olan insanlarda şəkər xəstəliyinə meyilliliyin artmasını təsbit edən araşdırmada faiz nisbətlərinin bir sıra amillərə görə dəyişə biləcəyi vurğulanıb.

Tədqiqat zamanı, həmçinin ümumi əhali arasında tip 2 diabet nisbətinin təxminən 6-9 faiz olduğu ortaya çıxıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".