Cəsur kəşfiyyatçı
Sosial həyat

Cəsur kəşfiyyatçı

Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şəhid kəşfiyyatçı İmaməddin Abdullazadəyə həsr edilmiş “Məlumat saatı” keçirib.

Məlumat xarakterli saatların keçirilməsində məqsəd şəhidlərimizi tanıtmaq və vətənpərvərliyin təbliğindən ibarətdir.

İmaməddin Abdullazadə 1996-cı il avqustun 4-də Beyləqan rayonunda anadan olub. 2002-ci ildə məktəbə qədəmlərini qoyan İmaməddin uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb. 

Şəhidin qardaşı Qafar Abdullazadənin sözlərinə görə, İmaməddin ailəsinə, sevdiklərinə çox bağlı idi: “İmaməddin orta məktəbi bitirdikdən sonra Qazax rayonunda müddətli hərbi xidmətə yollanıb. Həmin ərəfələrdə Aprel döyüşləri gedirdi, İmaməddin də həmin döyüşlərdə şücaət göstərib. Əsgərliyini başa vurub geri qayıtdıqdan təxminən üç ay sonra yenidən cəbhəyə yollanıb, hərbçi olmağı qərara almışdı. Beyləqan rayonu “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət etməyə başlayıb”. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.

İmaməddin Abdullazadə Füzuli, Hadrut, Xocavənd,  Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Sonuncu döyüşü Şuşada Daşaltı kəndində olub və həmin döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra  “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni  ilə təltif olunub.

“Respublika”.