Şəhidlərin xatirəsinə abidə ucaldılıb
Sosial həyat

Şəhidlərin xatirəsinə abidə ucaldılıb

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti dağları, dərələri,  keçilməz sədləri aşaraq Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirdi. Əsgər və zabitlərimiz düşmənin başını əzərək cinayətkar hərbi caniləri və onların züy tutanlarını  bu yerlərdən qovdular.  Qəhrəman və igid oğullarımız öz canlarını qurban verərək müqəddəs amal uğrunda, haqq,  ədalət yolunda şəhid oldular.

1988-ci ildən Ermənistanın hərbi təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş,  yüzlərlə şəhid olmuş,  yaralanmış,  itkin düşmüşdür.  Birinci və İkinci Qarabağ müharibəsində Füzuli rayonundan 735 nəfər şəhid olub. Onların xatirəsi həmişə uca tutulur,  qəhrəmanların adı əbədiləşdirilir.  Bu günlərdə rayonun Qazaxlar kəndində şəhidlərin parlaq xatirəsinə ucaldılmış  abidənin və ehsan bulağının açılışı olub.  Açılış mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi,  şəhid ailələri,  qazilər,  kənd sakinləri iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Vətən uğrunda canını fəda edən qəhrəmanların ruhuna dualar oxunub.  Qazaxlar kəndində inşa olunan abidədə 11 şəhidin adı əbədiləşdirilib.  Burada Mirzənağılı kəndindən olan şəhidlərin də fotoları öz əksini tapıb.  Qeyd edək ki,  abidədə Birinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin və atəşkəs dövründə ermənilərin mülki əhaliyə qarşı törətdiyi təxribatlar zamanı şəhid olan mülki vətəndaşların da fotoları yer alıb.

Mərasimdə çıxış edənlər bildiriblər ki,  igid oğullarımızın qanı bahasına Qarabağ düşmən tapdağından azad olunub. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.  Xalqımız bu müharibə ilə bağlı qürur hissi keçirir.  Biz qalib xalq kimi özümüzü dünyada təsdiq etdik.  Ermənistan isə məğlub edilmiş ölkədir.  Ordumuzun qəhrəmanlığı nəticəsində tarixi ədalət və ərazi bütövlüyümüz bərpa olunub,  düşmən torpaqlarımızdan qovulub. Şəhidlərin qanı yerdə qalmadı, onların adı əbədi yaşayacaq.

                                         Salman ALIOĞLU,

                                            “Respublika”.