Bir Vətən sevdalısının qəhrəmanlıq dastanı
Region

Bir Vətən sevdalısının qəhrəmanlıq dastanı

Dağlar diyarı Lerikdən olan Amid Rəbbil oğlu Heydərov Vətən müharibəsi başlanan andan idarə etdiyi tankla düşmənin müdafiə xəttini yararaq onun bədxah niyyətinə sədd çəkir. İgid Vətən övladı döyüşdən-döyüşə düşmənə qan qusdurur. Özü şəhid olsa da, onun fədakarlığı, cəsurluğu qələbəyə doğru gedən yolda əsgərlərə, zabitlərə ruh yüksəkliyi verirdi.

Uşaqlıqdan yeganə arzusu ermənilərin tapdağı altındakı Azərbaycana məxsus torpaqları azad görmək olan Amid yetkinlik yaşına çatanda ömrünü hərbiyə bağlamağı özünə tam yəqin edir. Ali Hərbi Məktəbi bitirəndə deyir ki, xidmətimlə vətənimə, xalqıma ləyaqətli övlad olacağam. 2008-ci ildən 2020-ci il sentyabrın 28-də şəhadətə qovuşduğu ana qədər sözünün üstündə durur. Yaxşı komandir olaraq xidmət etdiyi hissədə hörmətlə qarşılanır, əsgərləri tərəfindən sevilir. Tabeliyində olanların mətin, vətənpərvər, vətəninə sədaqətli, torpağa bağlı olması üçün qəlbinin odunu, hərarətini verməyi bacarır.

 Köksündə igid ürəyi döyünən lerikli balasının ilk çətin sınağı 2016-cı ilin Aprel döyüşlərində olur. Odlar yurdu üçün canından keçməyə hazır olan Amid bu ağır savaşda böyük hünər göstərir, Lələtəpəyə ilk çıxan tankçı komandirin igidliyi qəhrəmanlıq nəğməsi olub dillərə düşür. Vaxtından əvvəl kapitan rütbəsinə layiq görülür, 32 yaşında hərbi hissəyə komandir təyin edilir.

Vətən müharibəsinə isə zəngin döyüş təcrübəsinə malik, işini mükəmməl bilən, tankçılar batalyonun komandiri, mayor kimi qatılır. Vətənin harayına öz tankı ilə birinci gedən Amid düşmənin müdafiə xəttini çox asan qırır. O, Füzuli, Cəbrayıl istiqamətində cəsarətlə vuruşur, bu əraziləri bir-birinin ardınca erməni işğalçılardan təmizləyir. Son döyüşdə də düşmənin bir neçə tankını məhv edir, piyadaların döyüşündə onlara dəstək olur. Düşmən mərmi ilə onun tankını vurur. Alovlanan tankını düşmənin üstünə sürməklə daha bir rəşadətə yol açır. Alovlanan tankın içində özü də şəhadətə qovuşur.

 Bəli, hər kəsin tarixi dəyəri onun öz xalqından ötrü gördüyü işlərlə ölçülür. Amid canını ürəkdən sevdiyi Vətənə qurban etdi. Qəhrəman əbədi millətin gözündə ucalmaqla, dövlət tərəfindən də öz yüksək qiymətini aldı. "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldü, "Vətən uğrunda" medalı ilə təltif edildi. Qəhrəman şəhidin iki övladı ondan bizə yadigar qaldı.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.