Ali Məhkəmənin növbəti Plenum iclası keçirilib
Digər xəbərlər

Ali Məhkəmənin növbəti Plenum iclası keçirilib

Dekabrın 24-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenum iclası keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyinin olduğunu qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi və bacarıqlı sərkərdəliyi ilə qazanılan böyük Qələbənin bir illiyini Azərbaycan xalqı sonsuz qürur hissi ilə qeyd edir. Xalqımız bu möhtəşəm Zəfərin təsiri altındadır. Qırx dörd günlük Vətən müharibəsində "Dəmir yumruq" əməliyyatı nəticəsində tarixi Qələbə qazanıldı və otuz il həsrətində olduğumuz Qarabağ Ermənistan silahlı qüvvələrinin işğalından azad olundu. Qələbəni Prezidentin yaratdığı mükəmməl birlik - dövlətimizin gücü, ordumuzun qüdrəti, xalqımızın ruhu təmin etdi.

Respublikamızda bütün sahələr üzrə islahatların aparıldığını vurğulayan Ali Məhkəmənin sədri deyib ki, ölkəmizdə beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və telekommunikasiya sistemi formalaşır, müasir informasiya texnologiyalarına çıxış imkanları genişlənir, bütün infrastruktur müasir səviyyədə qurulur və inkişaf edir. Müstəqil Azərbaycanın inkişafının 18 ili Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Ramiz Rzayev dövlətimizin başçısını yubiley münasibəti ilə iclas iştirakçıları adından, Ali Məhkəmənin Plenum üzvləri adından böyük səmimiyyət və ən xoş arzularla təbrik edib.

Plenumda "Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub.

Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik, hüquqi dövlətə xas olan mühüm məsələdir. Məhkəmə hökmünün çıxarılması üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən, bu sahədə təcrübənin ümumiləşdirilməsi həyata keçirilərək bəzi hallarda cinayət-prosessual normaların tətbiqində müəyyən məsələlərlə bağlı fərqli yanaşmaların olması müəyyənləşdirilib.

Məhkəmələr tərəfindən məhkəmə hökmü ilə bağlı məsələləri tənzimləyən cinayət-prosessual normaların eyni cür tətbiqini, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Məhkəmə hökmü haqqında" müvafiq qərar qəbul edib.

Plenum iclasında Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələrində 2017-ci, 2018-ci illərdə və 2019-cu ilin birinci yarimilində uşaqların ölkədən getməsinə icazə verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrlə bağlı işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı keçirilmiş ümumiləşdirmənin nəticələri geniş müzakirə edilib və təhlillər aparılıb.

Qeyd edilib ki, aparılmış ümumiləşdirmənin nəticələri həmin illərdə uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə məhkəmələr tərəfindən qüvvədə olan qanunvericiliyin tətbiqi üzrə bir-birindən fərqlənən yanaşmaların sərgiləndiyi müəyyənləşdirilib. Bu kateqoriya işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması zərurətini üzə çıxarıb. Bu baxımdan məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin olunması məqsədilə Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə edilərək müvafiq qərar qəbul olunub.

Plenumun iclasında "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında", "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihələri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

AZƏRTAC