Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Ölüləri “dirildən” texnologiya

Təsəvvür edin ki, uzun illərdir üzünü görmədiyiniz çox yaxın qohumunuzla qarşılaşırsınız və onunla istədiyiniz qədər zaman keçirirsiniz.  Ancaq ortada ağlasığmaz bir məqam var, o da həmin adamın illər öncə vəfat etməsidir. Yəqin ki, bu çoxlarınıza inandırıcı gəlməyəcək.Yəni doğrudan da belə bir şey mümkün ola bilərmi? Bəli, texnologiya sayəsində simulyasiyalardan istifadə edərək illər əvvəl vəfat etmiş insanlarla vaxt keçirmək artıq mümkün olacaq.

Simulyasiyalar Oculus Rift kimi cihazla əldə edilən virtual mühitdə yaşanır. Rəqəmsal şirkətlər ölən insanlar haqqında məlumatları toplayıb təhlil etdikdən sonra onların bənzərlərini yaradır. Burada mərhumun səsi, yerişi,  gülüşü və ona xas olan bütün davranışlarının mükəmməl şəkildə surəti çıxarılır. Beləliklə, rəqəmsal olaraq vaxtilə vəfat etmiş yenidən “doğulan”yaxınınızla istənilən qədər zaman keçirmək mümkün olur .

Ölüm davam edən bir təcrübənin bitməsidir. Ölən insanlarla artıq ünsiyyət qura bilməsək də, simulyasiya yaradaraq bitən təcrübəni davam edə bilərik. Layihəni yaradan alimin bu fantaziyanı reallığa çevirmək səbəbi atasının itkisi olub.

Ağıllı telefon, rəqəmsal avtohərəkət, kütləvi onlayn məlumatların toplanması kimi sistemlər insanların necə davrandığına dair etibarlı görüntü təmin edir. Bu tip məlumat toplama üsulları sayəsində mərhumun simulyasiyaları yaradılır. Əldə olunan simulyasiyaların ölən şəxslərə aid davranış modelini tapa bilməyəcəyi iddia edilsə də, bunlar inkişaf edən texnologiya sayəsində mümkün olacaq.

 

Alim özünə 3,5 milyon illik bakteriya vurub

Qədim zamanlardan bəri insanlar ölümsüz olmaq üçün əfsanəvi gənclik iksirini tapmağa çalışırlar. Anatoli Brouchkov adlı bir rus alimi bu iksirin mövcud olduğuna inanaraq  onu 3,5 milyon illik bakteriyalarda tapdığını düşünür.

Alim ilk dəfə 2009-cu ildə  Yakutiyada yerləşən bir dağda donmuş torpağın dərinliyindən qədim bakteriya növü tapıb. Bacillus F adlı bakteriyanın 3,5 milyon yaşda olduğunu təxmin edən alim onun hələ də canlı olmasına təəccüblənib.

Bir sıra elm adamları  bu bakteriyanın bütün canlıların ömrünü uzatdığını düşünürlər. Aparılan tədqiqatlarda bakteriyanın siçan, meyvə qurdu və bitkilərə təsiri araşdırılıb. Nəticələr o qədər ümidverici olub ki, rusiyalı epidemioloq Dr. Viktor Çernyavski bakteriyanı "həyat iksiri" adlandırıb. Alim bu mikroorqanizmi daşıyan  canlıların daha çox yaşayacağını iddia edir.

Kəşfin nisbətən yeni olması mexanizmin başa düşülməsini çətinləşdirir. İndiyə qədər Brouchkov və həmkarları bakteriyanın DNT-ni ardıcıllıqla tərtib etsələr də, onda olan hansı genin ölümə qarşı davamlı olduğunu hələ də müəyyən edə bilməyiblər.

Alim bakteriyanı heyvanlar üzərində təcrübə etməkdənsə, özü üzərində sınamaq qərarına gələrək inyeksiya şəklində özünə vurub. O, hələ də sağ olduğunu və özünü həmişəkindən daha gümrah hiss etdiyini söyləyib.  Alim 2015-ci ildə iynə vurulandan bəri heç bir xəstəliyə yoluxmadığını və enerjisinin artdığını söyləyib.

Bütün bunların plasebo effekti olması mümkündür. Bakteriyanın ömrü uzada biləcəyinə əmin olmaq üçün daha çox araşdırmaya ehtiyac var. Amma Dr. Brouchkov 1000 yaşına girərsə, bu bir işarə ola bilər…  

 

Heyvanlar düşündüyümüzdən də ağıllıdırlar

İnsanlarda olan bir sıra xüsusiyyətlər onları heyvanlardan fərqləndirərək  daha  da üstün edir. Mütəxəssislərin fikrincə, bu fərq daha çox bizim nitq qabiliyyətimizin üzərində dayanır. Dil bizə  insanlarla ünsiyyət qurmağa imkan verdiyi kimi,  dili olmayan varlıqları da anlamağa kömək edir. Alimlər heyvanların əslində bizim təxmin etdiyimizdən də çox ağıllı olduğunu söyləyirlər.

Bir çox quş növləri, xüsusən də tutuquşular bir sıra mənalı səslər çıxara bilir. Bundan əlavə,  qorillalar və şimpanzelər işarə dilini bilərək  bu şəkildə ünsiyyət qururlar. Danışan tutuquşu və işarə dilini başa düşən qorillaların əslində sadəcə insanları təqlid etdikləri düşünülürdü.

Heyvanların idrakı üzərində tədqiqat aparan alimlər onlarda arifmetik qabiliyyətləri ölçməklə nə qədər çox ağıllı olduqlarını öyrənməyə çalışıblar. Belə ki, onlar Afrika tutuquşularında hesab qabiliyyətini üzə çıxarıblar. Alex adlı tutuquşu üzərində sınaqlar aparılıb. Quş qarşısında olan obyektlərin sayı ilə bərabər adını da çəkə bilib. Araşdırmalar quşun riyazi qabiliyyətindən savayı, onun “neçə” sualına düzgün cavab verməsi cisimlərlə kəmiyyətlər arasında əlaqə yaratmaq bacarığını göstərir.

Heyvanlardakı bu qabiliyyət təkcə tutuquşularda deyil, həm də şimpanzelərdə də müşahidə edilib. Bununla belə, heyvanların malik olduqları bu qabiliyyətin onlara linqvistik ifadələri dərketmə imkanı verib-verməməsi hələ də mübahisəli mövzudur.

 

Üçüncü göz: ruh və bədən arasındakı gizli keçid

Beynimizin dərinliyində noxud boyda bir ləkə olmasına baxmayaraq ifraz etdiyi hormon səbəbilə demək olar ki, bütün həyatımıza təsir edən epifiz vəzi hələ qədim dövrlərdən bəri insanlar arasında böyük maraq doğurur. Üçüncü gözümüz olan bu vəz orqanizmə  melotinin hormonu ifraz etməklə  yanaşı, həm də mənalarla əlaqələndirilir.

XVII əsrdə dövrünün  məşhur mütəfəkkiri Rene Dekart epifizi ruhun bədənlə qovuşduğu nöqtəsi  adlandırmışdı. O, özündən əvvəlki filosofların fərziyyələrinə əsaslanaraq, vəzinin  beyindəki ruh axınına nəzarət edən "qapaq" rolunu oynaması qənaətinə gəlmişdir.

XIX əsrdə isə onun adına daha bir məna əlavə edilərək  indiyə qədər daha çox eşitdiyimiz üçüncü göz adı verildi. Bəzi alimlər bu fikirlə razılaşmasalar da, epifiz vəzinin forması qədim Misirin mistik simvolu olan Horusun gözünə bənzədilmişdi. XX əsrin sonlarında epifiz vəzinin ruhun gözü olduğuna dair uydurma fikirlər ortaya çıxdı. 1990-ci illərə təsadüf edən bu uydurma fikirlərdən biri də  suyu flüorlaşdıraraq epifiz vəzini zədələməklə cəmiyyətin psixologiyasına təsir etmək  məqsədilə hazırlanmış sui-qəsd nəzəriyyəsi idi . Bu nəzəriyyə bəzi insanların beynində məntiqli iz buraxaraq bu günə qədər onları inandıra bilmişdir.

Daha sonra cib telefonları və Wi-Fi-da epifiz vəziyə ziyan vurmaqda “günahlandırıldı”.  Bu arqument isə vəzdə elektromaqnit dalğalara həssas olan pyezoelektrik kristalların olması ilə bağlı idi.

Hədsiz dərəcədə kövrəkliyi ilə ətraf mühitin toksik elementlərinin hücumuna məruz qalan epifiz vəzinin haqqında olan maraqlı faktlar təkcə bunlarla məhdudlaşmır.

Hazırladı:

Elenora   HƏSƏNOVA,

“Respublika”.