Əbədiyyətə qovuşanlar
Region

Əbədiyyətə qovuşanlar

iləsuvarda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Nəriman Əlizadənin və Əmrah Xəlilzadənin xatirəsi ehtiramla anıldı.

Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidlərin məzarını ziyarət edib üzərinə qərənfillər düzdülər. Ata ocağında valideynləri ilə görüşdülər. Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışıldı. Bildirilib ki, Azərbaycan xalqının qəlbində şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbirdə qəhrəman şəhidlərimizin yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı da oldu.

Əlizadə Nəriman Nurəhməd oğlu 6 aprel 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu idi. Hərbi xidmətdən əvvəl "Rəvan" və "Neftçi" futbol klublarının aşağı yaş qruplarında çıxış edirdi. Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda döyüşüb. Xocavənd döyüşləri zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Noyabrın 29-da Biləsuvar şəhərində dəfn olunub. Azərbaycanın Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Əlizadə Nəriman Nurəhməd oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Xəlilzadə Əmrah İnqilab oğlu 1 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Şəhər 6 saylı tam orta məktəbində orta təhsil almışdı. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət qulluqçusu Əmrah Xəlilzadə ölkəmizin ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Əmrah Xəlilzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Ərəstun ABDULOV,

"Respublika".