DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“OMİKRON” ŞTAMMININ QLOBAL YAYILMA EHTİMALI ÇOX YÜKSƏKDİR

Koronavirusun yeni “omikron” ştammının qlobal yayılma ehtimalı olduqca yüksəkdir. “Trend” agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında bildirilir.

Həmçinin sənəddə qeyd olunur ki, yeni ştamm yoluxma sayının kəskin artmasına və ciddi fəsadlara gətirib çıxara bilər.

ÜST-ün açıqlamasında deyilir: “Bugünədək “omikron” ştammından ölüm faktı qeydə alınmayıb. Bununla belə, yeni ştamma yoluxma vaksinasiya olunmuş şəxslərdə yüngül formada qeydə alına bilər”.

Koronavirusun “omikron” adlı yeni ştammının yayılmasından sonra bir sıra ölkələr yenidən sərhədlərini gediş-gəlişə bağlayıb.

Bununla yanaşı, ÜST “omikron” ştammı ilə əlaqədar dünya ölkələrini əhalinin vaksinasiyasını sürətləndirməyə çağırıb.

 

RUS ORDUSUNA GÖRƏ NATO-NUN TOPLANTISI ÇAĞIRILIB

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri başda Rusiya olmaqla, alyansın gündəliyində duran məsələləri müzakirə etmək üçün Latviyanın paytaxtı Riqada bir araya gələcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə 30 noyabr-1 dekabr tarixlərində keçiriləcək toplantıya Ukrayna və Gürcüstanın xarici işlər nazirləri də qatılacaq.

Görüşün əsas gündəm bəndlərindən birinin Rusiya olacağı gözlənilir. Xüsusən də son həftələrdə Yens Stoltenberq və Qərb dövlətlərinin Rusiya ordusunun Ukrayna sərhəddində yerləşdirilməsi ilə bağlı açıqlamalarından sonra bu məsələ NATO-nun əsas gündəminə çevrilib.

Yens Stoltenberq ötən həftə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Ukrayna ilə sərhədinə tanklar, artilleriya, zirehli texnikalar, pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri, eləcə də döyüşə hazır 100 minə yaxın qoşun cəmləşdirib.

 

MİXEİL SAAKAŞVİLİNİN MƏHKƏMƏSİ KEÇİRİLİB

Tbilisi Şəhər Məhkəməsində  noyabrın 29-da Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cinayət işi üzrə keçirilən məhkəmə iclası başa çatıb. “APA”nın xəbərinə görə, Saakaşvilinin vəkili Beka Basilaya iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmə keçmiş prezidentin həbsxanada telefonla danışmaq hüququnu bərpa etməyib.

Saakaşvilinin digər vəkili Dmitri Sadzaqlişvili isə qeyd edib ki, müdafiə tərəfi məhkəməni bitərəf orqan kimi qəbul etmir və bu baxımdan təqdim edilən arqumentlərə görə müsbət nəticə əldə ediləcəyini gözləmir. Vəkil vurğulayıb ki, bugünkü məhkəmə dinləməsinin önəmi sabiq prezidentin xalqa müraciət üçün fürsət əldə etməsidir.

Qeyd edək ki, M.Saakaşvili çıxış etdikdən sonra səhhəti ilə bağlı məhkəmə iclasında sona qədər iştirak edə bilməyib və müalicə aldığı Qori Hərbi Xəstəxanasına geri qaytarılıb.

 

BMT DÜNYA TURİZM SEKTORUNUN İTKİLƏRİNİ AÇIQLAYIB

2021-ci ilin yekunlarına görə, dünyada turizm sektorunun gəlirləri pandemiyadan əvvəlki göstəricilərlə müqayisədə 1 trilyon dollar azala bilər. “Trend”in xəbərinə görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb.

Təşkilatın hesablamalarına əsasən, bu ilin yekununda beynəlxalq turizmdən gəlirlər 700-800 milyard dollar təşkil edə bilər. Bu, 2020-ci illə müqayisədə bir qədər yüksək olsa da, 2019-cu ildə qeydə alınmış 1,7 trilyon dolların yarısından azını təşkil edəcək.

Eyni zamanda 2021-ci il üzrə turizmin iqtisadi töhfəsi 1,9 trilyon dollar həcmində qiymətləndirilir. 2019-cu ildə bu göstərici 3,5 trilyon dollara bərabər idi.

Ümumilikdə, digər ölkələrə səfər edən turistlərin sayının 2019-cu illə müqayisədə 70-75 faiz az olacağı gözlənilir.

 

“TALİBAN” ƏFQANISTANIN İQTİSADİ BÖHRANDAN ÇIXACAĞINI VƏD EDİR

“Taliban” hərəkatı tərəfindən təyin edilmiş ölkənin müvəqqəti hökumətinin sədri Məhəmməd Həsən Axund xalqı “Taliban” rejiminə şükür etməyə çağırıb. “Teleqraf.com”un xəbərinə görə, o hərəkatın ölkədə xarici qüvvələrlə mübarizə aparmaq, islam hökuməti qurmaq və sabitliyi davam etdirməklə bağlı vədlərinə əməl etdiyini bildirib.

Məhəmməd Həsən Axundun sözlərinə görə, “Taliban” hakimiyyəti ələ keçirməzdən əvvəl ölkədə aclıq, işsizlik və bahalaşma mövcud olub: “Allahın köməyi ilə xalqı içərisində olduğu yoxsulluqdan və yaşadıqları bəlalardan xilas etməyə çalışırıq”.

Hökumət sədri Əfqanıstan Mərkəzi Bankına məxsus, əksəriyyəti ABŞ-da olan təqribən 9 milyard dollarlıq ehtiyatların sərbəst buraxılması ilə ölkənin iqtisadi böhrandan çıxacağını dilə gətirib. O, həmçinin humanitar yardım təşkilatlarını ölkəyə köməklərini davam etdirməyə çağırıb.

 

SABİQ MÜDAFİƏ NAZİRİ PENTAQONU MƏHKƏMƏYƏ VERİB

ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper Pentaqonu məhkəməyə verib. “Trend” agentliyinin “The New York Times” qəzetinə istinadən verdiyi xəbərə görə, M.Esperin Pentaqonu məhkəməyə verməsinə səbəb qurumun onun ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyasındakı işi ilə bağlı memuarlarının əhəmiyyətli hissəsinin nəşrini qadağan etməsi olub.

Donald Trampın ötənilki prezident seçkilərindəki məğlubiyyətindən qısa müddət sonra vəzifəsindən azad etdiyi M.Esper “Müqəddəs and” kitabını may ayında satışa buraxmağı planlaşdırır.

Sabiq nazir ABŞ-ın hazırkı administrasiyasını söz azadlığı ilə bağlı “birinci düzəlişlə qorunan konstitusiya hüquqlarını” pozmaqda ittiham edib. Mark Esper qeyd edib ki, onun məhkəməyə müraciəti “hekayəsini Amerika xalqına tam şəkildə çatdırmağın” yeganə yoludur.

 

ÇİN AFRİKA ÖLKƏLƏRİNƏ 1 MİLYARD DOZA PEYVƏND GÖNDƏRƏCƏK

Çin hökuməti Afrika ölkələrinə daha 1 milyard doza peyvənd  göndərəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Çinin dövlət başçısı Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun 8-ci Nazirlər Konfransında çıxışı zamanı bildirib.

Bildirilir ki, 2022-ci ilədək Afrika əhalisinin 60 faizinin peyvənd olunması üçün Çin  1 milyard doza peyvənd tədarük edəcək. Bunun 600 milyonu təmənnasız, 400 milyonu isə Çin və yerli şirkətlərin birgə istehsalı hesabına çatdırılacaq.

Çin lideri Afrika ölkələrində, həmçinin 10 səhiyyə layihəsi həyata keçirməyi, qitəyə səhiyyə sahəsində 1500-dək mütəxəssis göndərməyi nəzərdə tutduqlarını da diqqətə çatdırıb.

Xatırladaq ki, bu ilin sentyabrında Çin hökuməti Afrika ölkələrinə 100 milyon doza peyvənd dərmanı göndərəcəklərini açıqlamışdı.

 

YERƏ ATOM BOMBASINDAN 800 DƏFƏ DAĞIDICI ASTEROİD YAXINLAŞIR

NASA Yer kürəsinə yaxınlaşan “2018 AH” adlı asteroidlə əlaqədar xəbərdarlıq edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Alimlər asteroidin İkinci Dünya müharibəsində Yaponiyanın Xirosima şəhərinə atılan atom bombasından 800 dəfə daha güclü olduğunu bildirib.

Bununla yanaşı, alimlərin təxminlərinə görə göy cisminin diametri 84-190 metr təşkil edir.

Eyni zamanda, NASA sözügedən asteroidin Yer kürəsi ilə toqquşma ehtimalının çox da böyük olmadığı qənaətindədirlər. Lakin əgər asteroidin trayektoriyasında hər hansı bir dəyişiklik olarsa, Yerlə toqquşmanın fəlakətli ola biləcəyi qeyd edilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.