Torpaq  uğrunda  ölən  varsa  vətəndir
Region

Torpaq  uğrunda  ölən  varsa  vətəndir

Biləsuvarda  Vətən müharibəsində  böyük  rəşadət  və  igidlik  göstərərək   şəhidlik  zirvəsinə  ucalan Nəcəfli  Sadiq  Nüsrət  oğlunun  xatirəsi  ehtiramla  anıldı.
Qəhrəman  şəhidimizin  anım  mərasimində  iştirak  edən  Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin  başçısı Faiq  Qürbətov,  rayonun  hüquq-mühafizə   orqanlarının  rəhbərləri  və  ictimaiyyətin nümayəndələri   Sadiqin  məzarını  ziyarət  edib,  üzərinə  gül-çiçək  dəstələri  düzdü.   Sonra şəhidin   ata  ocağında valideynləri  ilə  görüşdülər.  Mərasimdə   qəhrəmanımızın  şərəfli  döyüş yolundan  danışılaraq  xatirəsi  anıldı. Bildirildi  ki, Azərbaycan  xalqının  qüruru,  fəxri  olan  şəhidlərimizin  xatirəsi bundan  sonra  da  daim  əziz  tutulacaq  və  dövlətimiz  hər  zaman şəhidlik zirvəsinə  ucalan  igidlərimizin  ailələrinin  yanında  olacaqdır. Tədbir  zamanı  qəhrəman  şəhidimizin yaşadığı  evə  vurulan  xatirə  lövhəsinin  açılışı oldu.
Nəcəfli   Sadiq Nüsrət oğlu  22 iyun 2000-ci ildə  Biləsuvar  rayonunun  Yuxarı  Cürəli  kəndində  anadan olmuşdu.  2017-ci ildən Heydər  Əliyev  adına  Azərbaycan  Ali  Hərbi  Məktəbində  (AAHM) təhsil  alırdı. IV  kurs   Kursantı  idi. Vətən  müharibəsinin  başlanması ilə bağlı "kiçik leytenant"  rütbəsi   ilə müharibəyə  göndərildi.  Nişanlı idi.
Sadiq Nəcəfli Şuşanın azadlığı  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid  olmuşdu.  Biləsuvar  rayonunda  dəfn  olunub.
Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq   sərəncamları   ilə  vətənimizin  ərazi  bütövlüyünün təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi  hissə  qarşısında  qoyulmuş tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə  Nəcəfli  Sadiq  Nüsrət  oğlu   ölümündən  sonra  "Vətən uğrunda",  "Cəsur  döyüşçü"  və "Şuşanın  azad  olunmasına  görə"  medalları ilə  təltif  edilmişdir.

Ərəstun ABDULOV,

“Respublika”.