Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Bağışlanan orqan donorun, yoxsa yeni orqanizmin yaşına uyğun qocalır?

Dünyada bir çox fərqli inanclar olsa da, hər kəsin inandığı gerçəklik ölümün qaçılmaz olmasıdır. Ölümdən sonra orqanlarımızı bağışlamaqla bir və ya bir neçə insanın həyatını xilas etmək imkanımız var. Lakin orqan nəqli, yəni transplantasiya prosesi çox mürəkkəb və spesifik prosedurdur.Yəqin ki, bu prosedurla maraqlananları bu suallar düşündürüb: Transplantasiyada yaş məhdudiyyəti varmı və yaxud bağışlanan orqan kimin yaşına uyğun yaşlanır—donorun, yoxsa alıcının?

Bu prosesdə qan qohumu olmamaq orqanizmə uyğunlaşmada müəyyən çətinliklər yaradır. Bağışlanan orqanın alıcıya genetik olaraq uyğunlaşması çox vacibdir. Əgər genetik fərq çox böyük olarsa, orqanizm orqanı tamamilə rədd edər və transplantasiya uğursuz olar. Bədən orqanı asanlıqla qəbul etsə belə, immunitet sistemi "yad qonaq"dan daim şübhələnir. Belə bir durumda isə xəstədən ömrünün sonuna qədər immunosupressant dərmanları qəbul etmək tələb olunur.

Transplantasiya zamanı donorun yaşı əsas narahatlıq doğurmasa da, yaşlı orqanlarda riskin artması danılmazdır. Bir sıra tədqiqatlar göstərir ki, yaşlı donorların orqanları yeni orqanizm tərəfindən qəbul olunmur və qeyri-funksionallıq nümayiş etdirir. Bununla belə, bir çox hallarda, xüsusən də ölüm-dirim vəziyyətində yaşlı orqan cavan xəstəyə nəql olunur. Məsələn, ABŞ-da  donor qaraciyərini 69 yaşlı qadına bağışlayanda 92 yaşı var idi.

Donor orqanın başqa bir bədənə daxil edilməsi onun yaşını dəyişdirmir. Məsələn, 60 yaşlı ürəyin 20 yaşlı bədənə nəqli donor orqanın yaşını dəyişmir.

 

Sağ beyinlisiniz, yoxsa sol beyinli?

Bir çox insan özünü daha çox sağ beyinli, yəni Pikasso, bəziləri isə sol beyinli Eynşteyn kimi hesab edir. Beynimiz həqiqətən belə işləyir, yoxsa bu sadəcə uydurma bir mifdir?

Neyrologiyada bu məşhur suala cavab axtaranlar çox güman ki, məyus olacaqlar. Son araşdırmalar göstərir ki, insan beyinlərinin hər iki yarısı eyni intensivlikdə çalışır.

Ümumi inanca görə, sol beyin daha yaradıcı, bədii, sağ beyin isə mütəşəkkil və məntiqli hesab edilir. İnternet saytlarında "sağ beyin dominantdır, yoxsa sol beyin?" sualının cavabına uyğun hətta bir sıra testlər də var. Bu barədə real elm nə deyir?

İnsan beynini tədqiq edən alimlər beyinin hər iki yarımkürəsi arasında heç bir fərq müşahidə etməyiblər. Ancaq beynin iki yarımkürəsi arasında bir fərqin olması doğrudur. Beyinin bir tərəfi o birisinə nisbətən dominant olmasa da, sağ və sol yarımkürəyə ayrılması gerçəkdir. Bu iki yarımkürə eyni olmasa da, olduqca oxşardır. Yəni, bir yarısında baş verən proseslər, digər yarısında da olur.

Elm adamları nitq problemi olan insanların beyinlərinin sol tərəfinin müəyyən hissələrinin tez-tez zədələndiyini təsbit ediblər. Tədqiqatçılar bu iki bölgənin nitqin inkişafında çox mühüm rol oynadığı qənaətinə gəlib və dil qabiliyyətinin beynin sol tərəfi ilə bağlı olduğunu bildiriblər. Beynin sol tərəfinin daha yaradıcı, sağ tərəfinin isə analitik olması fikrinin kökündə yəqin ki, bu araşdırma dayanır. Elm adamları beynin iki yarısında müxtəlif assimetriya tipləri olan insanlar arasında fərqləri öyrənməyə davam edirlər. Onların fikrincə, insanları sağ və sol beyinli qrupa  ayırmaq mifdən başqa bir şey deyil.

           

Bədənimiz zahirən simmetrik olduğu halda daxili orqanlarımız niyə fərqlidir?

Kənardan baxanda bədənimizin sağ və sol hissələri simmetrik görünür. Ancaq eyni vəziyyət daxili orqanlarımız üçün keçərli deyil. Ürək, qaraciyər, mədə kimi daxili orqanlar həm forma, həm də yerləşmə baxımından assimetrikdir. Bu, təkcə insanlara deyil, bütün onurğalılara aiddir. Bəs bunun səbəbi nə ilə əlaqəlidir?

Tədqiqatlar göstərir ki, balıq və siçanlar kimi onurğalılarda daxili orqanların orientasiyası oxşar gen tərəfindən idarə olunmaqla yanaşı, bu genlərin kodlaşdırdığı zülallar orqanların mövqeyini təyin edir. Hər bir zülalın strukturunu müəyyən bir genin DNT ardıcıllığı ilə əmələ gələn kod müəyyən edir. 

Embrion erkən mərhələlərdə simmetrik quruluşda olur. Təxminən 8 günlük embrion çox sadə görünür. Sağ-sol oxundan ibarət və orta xəttdə dəlik şəklində olan "düyün" adlanan quruluş, orqanların assimetrik inkişafına səbəb olan mexanizmlərin mərkəzində durur. Düyün üzərində olan çıxıntılar saat əqrəbi istiqamətində hərəkət etdiyinə görə hüceyrələrarası mayenin müəyyən yöndə ifrazına (düyün axınına) səbəb olur. Düyün axınının sabit istiqamətdə daha güclü olmasına səbəb isə onunla əlaqəli genin istehsal etdiyi proteinin strukturunun  hər iki yöndə eyni olmamasıdır.

 

Bananın radioaktiv olması doğrudurmu?

Bananın tərkibinin radioaktiv kaliumla zəngin olması baxımından, bəzilərimiz  onu çox istehlak etməkdən çəkinirik. Çoxları düşünür ki,bu meyvəni çox yemək bizi zəhərləyə, hətta öldürə bilər.

Əslində dünyada elə bir şey yoxdu ki, elementlər və atomlardan ibarət olmasın. Bu atomların bəziləri qeyri-sabit olaraq parçalanır. Nəticədə isə onlar elektronlar, alfa hissəcikləri və neyronlar kimi atom  və ya qamma şüalarına bənzər elektromaqnit hissəciklərə çevrilirlər. Enerji daşıyan bütün bu hissəciklər qarşılaşdıqları molekulları zədələyərək ionlaşdırmaq qabiliyyətinə malikdirlər. Buna görə də, zülallar və ya DNT kimi mühüm biomolekulların zədələnməsi radiasiya zəhərlənməsi və ya xərçəngə səbəb olur. Kimyəvi zəhərlənmələrdə toksik maddəyə məruz qalma  miqdarı çox vacibdir.

Bananların yüksək səviyyədə radioaktiv olduğu doğrudur, lakin bu meyvənin istehlakı zamanı aldığınız radiasiyanın miqdarı cüzidir. Bu da doğrudur ki, çox banan yemək bizi öldürə bilər. Lakin, radiasiya zəhərlənməsinə məruz qalmaq üçün kifayət qədər banan yemək lazımdır. Gündəlik həyatımızda o qədər güclü radiasiya mənbələri var ki, banan zəhərlənməyə səbəb olmaq üçün çox cılızdır. Alimlərin tədqiqatlarına görə,yetkin bir insanı öldürmək üçün ölümcül doza (radiasiya miqdarı), 50 milyon banan hesab edilir. Təbii ki, bu  gülünc miqdarı insan mədəsinin  dəstəkləməsi qeyri-mümkündür. Deməli, narahatçılığa əsas yoxdur, istədiyiniz qədər banan yeyə bilərsiniz...

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.