DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN ÇİN ŞİRKƏTLƏRİNƏ QARŞI MƏHDUDİYYƏTLƏRİ DAHA DA SƏRTLƏŞDİRİR

ABŞ prezidenti Cozef Bayden Çinin telekommunikasiya şirkətlərinə qarşı məhdudiyyətlərin daha da sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın milli təhlükəsizliyi üçün risk yaradan avadanlıqların ölkə ərazisində istifadəsi təsdiqlənməyəcək.

Söhbət əvvəllər ABŞ hakimiyyət orqanları tərəfindən xüsusi siyahıya daxil edilmiş şirkətlərin məhsullarından gedir. Bu kateqoriyaya hazırda “Huawei” və “ZTE” daxildir.

Qeyd edək ki, bundan öncə qanun layihəsi Konqresin hər iki palatası tərəfindən təsdiqlənib.

Xatırladaq ki, Çinin telekommunikasiya şirkətləri “Huawei” və “ZTE” 2020-ci ilin iyunundan sanksiyalarla üzləşib.

 

BƏŞƏR ƏSƏD İRAN GENERALINI SURİYADAN QOVDU

Suriya prezidenti Bəşər Əsədin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı komandanı Cavad Qaffarini ölkədən qovduğu iddia edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilir ki, iranlı general Suriyanın maraqlarına zidd hərəkətlər edib və bu, ölkənin suveren hüquqlarına zərər verib.

Bundan əlavə, İran komandiri Qaffarinin Suriya vasitəsilə İsraili təhdid etməsi və buna cavab olaraq İsrailin İran hədəflərini vurmaq üçün Suriyaya daxil olması Bəşər Əsədi narahat edib.

Bir sözlə, Bəşər Əsəd Suriyanın İsraillə İran arasında döyüş poliqonu olmasını istəməyib. Buna görə də iranlı generalı ölkəsindən qovub.

 

ŞOTLANDİYADA DÜNYANIN XİLASI ÜÇÜN AĞACLARI KƏSMƏYƏ BAŞLAYIBLAR

Şotlandiyada kommersiya plantasiyalarında şam ağaclarını kəsməyə başlayıblar. Bildirilir ki, bu, ağacların olduğu ərazidəki qurumuş torf sahələrini bərpa etmək və bununla da planeti istixana qazlarından xilas etmək məqsədi daşıyır. “Trend” agentliyinin verdiyi xəbərə görə, mütəxəssislərin fikrincə, bu addım bioloji müxtəlifliyi qoruyub saxlamağa kömək edəcək.

Əldə olunan məlumata əsasən, Banloit kəndinin torf torpaqlarında 1,2 milyon ton karbon var, bu isə Şotlandiyanın illik karbon emissiyasının təxminən iki faizinə bərabərdir. Torf torpaqlarında külli miqdarda şam ağaclarının əkilməsi torf sahələrini zədələmiş və qurutmuşdur ki, bu da istixana qazlarının emissiyasını o dərəcədə artırıb ki, ağaclar onları udmaq iqtidarında deyil.

Mütəxəssislərin hesablamalarına görə, torf bataqlıqlarının bərpası 100 il ərzində 60 min ton karbonun saxlanmasına kömək edir. Bataqlıqlar regionda biomüxtəlifliyin qorunması məqsədinə uyğun olaraq bir çox flora və fauna növlərinin yaşayış yerinə çevriləcək.

 

YER KÜRƏSİNƏ TƏHLÜKƏLİ ASTEROİD YAXINLAŞIR

Alimlər kosmosda Yerə doğru yaxınlaşan təhlükəli asteroid aşkar ediblər. “Report” agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu qənaətə Rusiyanın Tətbiqi Riyaziyyat İnstitutunun alimləri gəliblər.

Məlumata əsasən, institutun əməkdaşı Leonid Yelenin Abastumani Rəsədxanasının teleskopunun köməyi ilə asteroidin yaxınlaşmasını lentə alıb.

Noyabrın 11-nə olan açıqlamaya görə, asteroid Yerdən 18 milyon kilometr məsafədə uçur. Hazırda alimlər obyektin trayektoriyasını aydınlaşdırmağa çalışırlar. Onun təhlükəli olduğu bildirilir.

Bundan əvvəl də bildirilirdi ki, noyabrın ortalarında təhlükəli “2004 UE” asteroidi Yer kürəsinin yaxınlığından uçacaq.

Bildirilir ki, noyabrın 13-də asteroidin Yer kürəsi ilə minimum məsafəyə yaxınlaşacağı gözlənilir.

 

NATO-DAN POLŞA-BELARUS SƏRHƏDİNDƏKİ VƏZIYYƏTLƏ BAĞLI BƏYANAT

NATO Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə NATO-nun saytında məlumat verilib.

“Şimali Atlantika Şurası siyasi məqsədlər üçün Polşa, Litva və Latviyaya qarşı yönəlmiş hibrid hücumların bir hissəsi kimi Belarus tərəfindən süni şəkildə yaradılmış qeyri-qanuni miqrasiyanın davamlı alətə çevrilməsini qətiyyətlə pisləyir.

Bu qəddar davranışlar həssas insanların həyatını təhlükə altına qoyur. NATO Polşa, Litva, Latviya və təsirə məruz qalan digər müttəfiq dövlətlərlə həmrəydir. Vacib beynəlxalq tərəfdaşlarla yaxın koordinasiya tələb edən vəziyyətə cavab olaraq fundamental dəyərlərə və beynəlxalq hüquqa əsaslanan müttəfiqlər tərəfindən fərdi və kollektiv şəkildə atılan addımları dəstəkləyir.

Biz Belarusun Polşa, Litva və Latviya ilə sərhədlərində növbəti eskalasiya və təxribat riskinə qarşı ayıq-sayıq olacağıq və onun Alyansın təhlükəsizliyinə təsirlərini izləməyə davam edəcəyik. NATO müttəfiqləri Belarusu bu hərəkətləri dayandırmağa, insan hüquq və azadlıqlarına hörmət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.

 

BÖYÜK BRİTANİYA İRANA 535 MİLYON DOLLAR BORC ÖDƏYƏCƏK

Böyük Britaniya 1974-cü ildə tank tədarükü ilə bağlı İranla bağlanmış müqaviləyə görə rəsmi Tehrana 400 milyon funt sterlinqin (535 milyon ABŞ dollarının) qaytarılmasına prinsipial razılıq verib. “Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər nazirinin müavini Əli Bageri Kəni bildirib.

“Borcun ödənilməsi məsələsi razılaşdırılıb, lakin ödəniş üsulu və prosesi hələlik həll edilməyib”, - deyə Avropada səfərdə olan iranlı diplomat vurğulayıb.

Məlumat üçün qeyd edək ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 1974-cü ildə “International Military Services” və İran arasında bağlanmış və İngiltərənin pozmuş olduğu müqaviləyə əsasən Böyük Britaniyanın borc ödəməli olduğu barədə qərar qəbul edib.

Müqaviləyə görə, şirkət İrana 1000 ədəd tank satmalı idi, lakin 1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra rəsmi London müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edib.

 

BİLL QEYTSDƏN QLOBAL İSTİLƏŞMƏ VƏ PANDEMİYA XƏBƏRDARLIĞI

Bill Qeyts Yer kürəsini gözləyən yeni bəla ilə bağlı dünyaya xəbərdarlıq edib. “Teleqraf.com”un xəbərinə görə, “Microsoft” şirkətinin qurucusu “G20” sammitinin bəyanatında qlobal temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırılması vədinin real olmadığını açıqlayıb.

Eyni zamanda, dünya əhalisinin 65 faizinin Çin və Hindistan da daxil olmaqla orta gəlirli ölkələrdə yaşadığını bildirən Bill Qeyts dünyada karbon emissiyalarının çoxunun məhz bu ölkələrin payına düşdüyünü qeyd edib.

Alimlərin gəldiyi nəticəyə görə, sənaye inqilabından əvvəlki dövrlə müqayisədə qlobal orta temperatur artımının 1,5 dərəcə selsi ilə məhdudlaşdırılması bəşəriyyətin iqlim dəyişikliyinin ən pis nəticələrindən qaçması deməkdir.

Bill Qeytsin fikrincə, dünya növbəti pandemiyaya da hazır deyil: “Pandemiya hazırlıqlarına göstərilən marağın aşağı olmasından narahatam. Dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində vaksin istehsal etmək imkanı qazanması və növbəti 100 gündə milyardlarla insanı peyvənd edə bilməsi lazımdır. Bizim bu gücə sahib zavodlar tikmək imkanımız var. Çatışmayan yeganə məqam hələ də lazımı addımların atılmamasıdır”.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.