TARİXİ ƏDALƏTİN BƏRPASI
Siyasət

TARİXİ ƏDALƏTİN BƏRPASI

İşğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının möhtəşəm qəhrəmanlıq salnaməsidir. Bu müharibə 30 illik müasir müstəqillik dövrümüzün ən mühüm hadisəsi olmaqla yanaşı, onun yaratdığı reallıqlar ölkəmizin daha böyük uğurlarının başlanğıcıdır.

Qarabağ coğrafi məkanının qədim Azərbaycan torpaqları olduğunu sübut etməyə ehtiyac yoxdur. Tarixə müraciət etsək görərik ki, ermənilər Azərbaycan ərazilərinə 1828-ci ildə Rusiya ilə İran arasında torpaqlarımızın parçalanmasının növbəti mərhələsi olan Türkmənçay müqaviləsinin imzalanmasından sonra köçürülüblər. Təsadüfi deyil ki, 1806-cı ildə Qarabağ xanlığı və Rusiya imperiyası arasında bağlanan və İbrahim xanın imza atdığı Kürəkçay müqaviləsində ermənilərin adı belə çəkilmir. Hətta ötən əsrin 70-ci illərinin sonunda Qarabağda yaşayan ermənilər bu torpaqlara gəlmələrinin 150 illiyi münasibətilə keçmiş Ağdərə rayonunun ərazisində abidə qoymuş və Azərbaycana qarşı yeni torpaq iddialarına düşəndə onu dərhal dağıtmışdılar.

Bu gerçəklikləri ermənilərin Azərbaycan torpaqlarına əsassız iddiaları ilə tanış olan beynəlxalq ictimaiyyət də yaxşı bilir. Üstəlik, 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad olunması tələb edilirdi. BMT-nin təcrübəsində buna bənzər qərarlar, ən əsası isə onların təcili icrası faktları çoxdur. Belə ki, məhz beynəlxalq razılaşmalar nəticəsində ayrı-ayrı ölkələrdə, o cümlədən Yaxın Şərqdə, hətta Avropada belə hərbi əməliyyatlar həyata keçirilib, güc amilindən istifadə olunub, nəticə etibarilə qətnamələrin müddəaları yerinə yetirilmişdir. Artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, BMT-nin hüquqi sənədlərinin icrasına laqeyd yanaşılıb, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda ədalətli mövqe ortaya qoyulmayıb. Bütün hüquqi reallıqlar, tarixi faktlar aydın olsa da, münaqişənin həllinə cəlb edilmiş beynəlxalq təsisatlar obyektiv ola bilməmiş və 30 ilə yaxın bir dövrdə Azərbaycanın üzləşdiyi problemin timsalında beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulmuşdur.

Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi cinayətlər saysızdır və zamanla onların qanlı təzahürləri meydana çıxır. Qarabağda və Şərqi Zəngəzurda bu illər ərzində xalqımıza məxsus tarixin silinməsi üçün Ermənistan dünyada analoqu olmayan amansız müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. İşğal dövründə təbiətimizə, milli-mənəvi dəyərlərimizə qəsd olunmuş, Azərbaycanın yeraltı və yerüstü sərvətləri talanmış, bu əməllərdə xarici şirkətlərin də iştirakı faktlarla sübuta yetirilmişdir. Azad olunmuş şəhər və kəndlərimizin hər qarışı özündə erməni vandallığını və vəhşiliyini əks etdirir. Bunlar barədə hələ Vətən müharibəsindən əvvəl dəfələrlə beynəlxalq səviyyədə məsələlər qaldırılsa da, işğal olunmuş ərazilərə göndərilən faktaraşdırıcı missiya bu cinayətləri təsdiq edən faktları ortaya çıxarsa da, Ermənistana nəinki təzyiq  edildi, hətta ictimai qınaqdan belə uzaq oldu.

Lakin Azərbaycan xalqı heç vaxt ümidini itirmədi, torpaqlarımızın azad olunacağına həmişə inandı. Bu inamı təmin edən, onu gücləndirən isə Prezident İlham Əliyevin yürütdüyü müdrik, düzgün siyasət oldu. Xalqımız hər zaman əmin idi ki, dövlətimizin yüksəlişinə xidmət edən bütün məqsədlərə əzmkarlıqla çatan Prezidentimiz torpaqlarımızı da işğaldan azad edəcəkdir. Cənab İlham Əliyev daim bəyan edirdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.

Prezidentimiz yürütdüyü uzaqgörən siyasət nəticəsində torpaqlarımızın azad edilməsi üçün uyğun tarixi şəraiti formalaşdırdı. Bu illər ərzində Ermənistan danışıqlar prosesində imitasiya ilə məşğul olanda, öz ordusu barədə miflər yaradanda Ali Baş Komandanımız ordumuzun döyüş imkanlarını gücləndirdi, genişmiqyaslı təlimlərlə peşəkarlığını artırdı, vətənpərvərlik hissi və milli həmrəyliyimizi davamlı olaraq möhkəmləndirdi. Eyni zamanda, beynəlxalq səviyyədə Ermənistanın ifşa olunması ilə bağlı həyata keçirilən fəaliyyət Azərbaycana qarşı məkrli cəbhənin mövqelərini sarsıtdı.

Beləliklə, "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu mən bilirəm" - deyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində sərkərdə qətiyyəti ilə tarixi ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün fonunda həm də beynəlxalq hüququn təntənəsi kimi tarixə həkk olundu.

Respublikamız Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin edərkən BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutdu, bütün addım, hərəkət və qərarlarında qəbul olunmuş normalar çərçivəsində, həm də humanistlik, insanpərvərlik, sülhsevərlik prinsiplərinə uyğun hərəkət etdi. Bəzi xarici təşkilatlar tərəfindən dövlətimizin ünvanına yalan ittihamlar səslənsə də, heç biri əsaslı və tutarlı fakt ortaya qoya bilmədilər.

Ermənistana gəldikdə isə, 44 günlük Vətən müharibəsi həm də bu ölkənin terror dövləti olması, davamlı müharibə cinayətləri törətməsi barədə deyilənlərin əyani təsdiqi oldu. Birinci Qarabağ müharibəsində Xocalıda, Qaradağlıda, Başlıbeldə və digər yaşayış məntəqələrimizdə insanlıq əleyhinə cinayətlərə rəvac verən Ermənistan İkinci Qarabağ müharibəsində də terrorçu xislətinə sadiq qalaraq Azərbaycanın şəhər və kəndlərini, dinc mülki əhalini raket və artilleriya atəşinə tutmuşdu. Müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində darmadağın edilən Ermənistan silahlı qüvvələri döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmişdi. Düşmən müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə yaşayış məntəqələrini atəşə tutaraq, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmaqla sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmişdir.

Əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U", "Smerç", "Skad" və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşımışdır. Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 nəfər isə yaralanmış, 12 mindən artıq yaşayış və qeyri-yaşayış sahəsinə, 280-dən çox nəqliyyat vasitəsinə ziyan dəymiş, 1000-dən artıq fermer təsərrüfatına zərər vurulmuşdur.

Vətən müharibəsi zamanı respublikamızın rayon və şəhərlərinin ərazisinə Ermənistan tərəfindən ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılmışdır. Təkcə Bərdə rayonunun ballistik və digər qadağan olunmuş bombalarla atəşə tutulması nəticəsində 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Gəncədə isə 26 nəfər dinc sakin Ermənistanın raket zərbələrinin qurbanı olmuş, 175 nəfər yaralanmışdır.

Ermənistanın bu cinayət əməlləri BMT Nizamnaməsinin, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının, "Terrorçuluğa qarşı mübarizə üzrə" 27 yanvar 1977-ci il tarixli Avropa Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır.

Vətən müharibəsi dövründə Ermənistanın daha bir cinayəti BMT-nin "Bioloji müxtəliflik haqqında" Konvensiyasının əsas təməl prinsiplərini pozması idi. Belə ki, ətraf mühitə ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə düşmən Füzuli, Tərtər rayonları və Şuşa şəhərində yerləşən qiymətli, çoxillik ağacları olan meşələri fosforlu mərmilərlə yandıraraq dövlətimizə külli miqdarda ziyan vurmuşdur. Həmçinin, ilk insan yaşayış məskənlərindən olan Azıx mağarası da düşmən tərəfindən dağıdılmış, oradakı bir sıra tarixi əhəmiyyətli abidələr məhv edilmişdir.

44 günlük Vətən müharibəsində və ondan sonrakı müddətdə prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Hələ müharibənin gedişində Ermənistan tərəfindən törədilən hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlər görülmüşdür.

Ermənistanın beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhər və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla çoxsaylı dinc sakinin qətlə yetirilməsi və yaralanması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Bütövlükdə Vətən müharibəsi başlayan gündən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyinin, hərbçilərinin törətdiyi cinayətlər prokurorluq orqanları tərəfindən rəsmiləşdirilmişdir. Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən cinayət hadisələri ilə bağlı ümumilikdə 76 cinayət işi başlanmışdır. Onların 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Bu cinayət işləri üzrə 24 Ermənistan vətəndaşı beynəlxalq axtarışa verilmişdir. Bu istiqamətdə hüquqi prosedurlar hazırda davam etdirilir. Bununla yanaşı, Birinci Qarabağ müharibəsində, eləcə də atəşkəs dövründə vətəndaşlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı 300-ə yaxın şəxs axtarışa verilmişdir.

Bu cinayət əməllərinə görə Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün beynəlxalq məhkəmələrə müraciət edilmişdir. Eyni zamanda, işğal olunmuş ərazilərdə xarici ölkələrin şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə də istintaq aparılır. Həmçinin, əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Ermənistanın müharibə cinayətləri cəzasız qalmayacaq. 44 günlük savaşda hərbi, iqtisadi, siyasi və mənəvi baxımdan darmadağın edilən bu ölkə törətdiyi əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcək və müvafiq kompensasiya ödəməyə məcbur ediləcəkdir. Bu, Azərbaycan Respublikasının rəsmən elan olunmuş hüquqi məqsədidir.

Vətən müharibəsindəki zəfər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi müdrikliyinin və milli yüksəliş siyasətinin məntiqi nəticəsidir. Bu qələbə xalqımızın ləyaqət rəmzidir, milli kimliyimizin təntənəsidir. Bütün dünya xalqımızın böyüklüyünün, öz milli maraqları uğrunda mübarizə aparmaq əzminin şahidi oldu və dövlət, xalq olaraq indi daha qürurluyuq. Qarabağ və Şərqi Zəngəzur isə tezliklə tam bərpa olunacaq və müharibədəki zəfərimiz bu dəfə quruculuq meydanında davam edəcək.

Nəsir BAYRAMOV,

Azərbaycan Respublikası

Baş Prokurorluğunun şöbə rəisi.