Faktlar və Rəqəmlər
İQTİSADİYYAT

Faktlar və Rəqəmlər

Ümumi Daxili Məhsul istehsalı artıb

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə 71589,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, qeyri neft-qaz sektorunda isə 5,9 faiz artmışdır.

ÜDM istehsalının 40,8 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti,  1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7148,0 manata bərabər olmuşdur.

                  

41,9 milyard manatlıq  sənaye məhsulu istehsalı

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 20,0 faiz artmışdır. Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 22,0 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 90,2 faiz, tikinti materiallarının istehsalı 79,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 60,0 faiz, qida məhsullarının istehsalı 10,9 faiz, mebel istehsalı 9,2 faiz, elektrik avadanlıqlarının istehsalı 8,7 faiz, kompüter və s. artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 13,5 faiz artmışdır.

 

Əsas kapitala 10568,5 milyon manat məbləğində  vəsait yönəldilib

 2021-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 10568,5 milyon manat məbləğində  vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,1 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 6999,6 milyon manatı və ya 66,2 faizi məhsul istehsalı sahələrinə, 2757,8 milyon manatı (26,1 faizi) xidmət sahələrinə, 811,1 milyon manatı (7,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7020,0 milyon manatını və ya 66,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7031,0 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,1 faiz, büdcə vəsaitləri 24,1 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,3 faiz, bank kreditləri isə 6,1 faiz təşkil etmişdir.                                                                                             

                                                                                       “Respublika”.